Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1845/2021 08.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “16 may 2018-ci il tarixli ******* saylı aktı və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 16 may 2018-ci il tarixli ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 1944 manat məbləğində borcun onun **********00460 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evi əvvəl mülkiyyət hüququ əsasında ona məxsus olmuş, hazırda isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX, № 1027542, ********** qeydiyyat nömrəli, 14.02.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən oğlu Qasım Qasımovun adına qeydə alınmışdır. Qeyd olunan yaşayış evində o, həyat yoldaşı, oğlu və ailəsi yaşayır. Qaz paylayıcısı olan cavabdeh "Azəriqaz” İstehsalat Birliyi ilə fiziki şəxs olan istehlakçı- o, İddiaçı arasında qazın alğı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Hazırda yaşayış evi oğlunun adma Dövlət qeydiyyatına alınsa da, qaz sayğacı onun adına rəsmiləşmişdir. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. Bildirmişdir ki, '’Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları 16 may 2018-ci il tarixdə onun iştirakı və xəbəri olmadan yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirərək, guya sayğacın çıxışındakı plastmas borunun deşici əlatlə deşilməsi barədə № ******* saylı Akt tərtib etmişlər. Həmin akt tərtib edilərkən istehlakçı kimi onun iştirakı təmin olunmamış, Akt ona sonradan təqdim olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, guya həmin akta o, imza etməkdən imtina etmişdir. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri olmamışdır. Bildirmişdir ki, sonradan 16 may 2018-ci il tarixli №0161034 saylı Akta əsasən "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30 may 2018-ci il tarixli tələbnamə tərtib olunmuş və 1944 (bir min doqquz yüz qırx dörd) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 1944 manat borcdan yeni xəbəri olmuş, bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin Aktın və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. Qeyd olunan borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, sayğac küçədə quraşdırılmış, qanunu tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Bildirmişdir ki, belə qanunsuz hərəkətlərə heç vaxt yol verməz. Onun 70 yaşı var, qaz sayğacına müdaxilə etməyi qeyri-mümkündür. Onun sayğaca müdaxilə etməyə heç bir ehtiyacı olmamışdır. Məhkəmə təcrübəsinə nəzər salınsa baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu göstərilir. Bu da onu göstərir ki, həmin nöqsanlar bilən mütəxəssis tərəfindən yaradılır. Ona görə də hesab edir ki, Cavabdeh Xaçmaz X10 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş № ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1944 manat məbləğində borc onun **********00460 saylı abonent hesabımdan silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, akt düzgün olaraq tərtib olunmuşdur. Sayğac çıxarlarkən və akt tərtib olunarkən iddiaçı iştirak etmiş və akta imza çəkmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın plastmas borusunun oturacaqdan aralanması aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2018-ci ilin dekabr ayı üzrə akt əsasında 1944 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 9720 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 16.05.2018-ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilində quraşdırılmış sayğacın plastmas borusunun deşici alətlə deşilməsi aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 30.05.2018-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 1944 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1944 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın və qərarın (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 16 may 2018-ci il tarixli ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamə ləğv edilməli, hesablanmış 1944 manat məbləğində borc iddiaçının **********00460 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 16 may 2018-ci il tarixli ******* saylı akt və həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 may 2018-ci il tarixli tələbnamə ləğv edilsin. İddiaçı **********00460 saylı abonent hesabına hesablanmış 1944 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1845/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1845/2021
08.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver