Məhkəmə qərarları › İş №2(027)-1848/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1848/2025

11.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1848/2025 11.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair idia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-“Azərişıq ASC-nin Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız hesablanmış 2740,34 (iki min yeddi yüz qırx manat otuz dörd qəpik) manat borcun onun abonent kodunun üzərindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində Quba rayon Qırız-Dəhnə kəndində 0.12 ha torpağımda yerləşən fərdi yaşayış evi vardır. O, cavabdeh təşkilatla bağladığı elektrik enerjisinin alqı-satqısına dair müqaviləyə əsasən elektrik enerjisindən istifadə edir İstifadə etdiyi elektrik enerjisinin dəyərini ödəyir. Ona 2025-ci ilin may-ayında cavabdeh təşkilat bildirdi ki, 06 oktyabr 2022-ci ilin tarixdə o yaşdığı evdə sayğacdan kənar xətlə elektrik enerjisindən istifadə etmiş və bu barədə akt tərtib edilmişdir və o buna görə 2740,34 manat cərimə ödəməlidir. O, sayğacdan kənar elektrik xəttindən istifadə etməmiş və xx.xx.2022-cu il tarixdə tərtib edilmiş aktdan xəbəri yoxdur. Əyər o sayğacdan kənar xətdən istifadə etmiş olsaydı onu dəvət edib akt tərtib etdilər və bu barədə qanun uyğun sənədləşmə aparılardı. Ona görə də onun barəsində tərtib edilmiş akt və qeyd edilən akt əsasında hesablamış cərimə ilə razılaşmır. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi **********64 reyestr nömrəli çıxarışa əsasən məlum olur ki, mülkiyyətində Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi vardır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli aktdan aşkar olur ki, onun barəsində iştirakı olmadan saxta, faktiki olmayan hala görə akt tərtib edilmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, 7 ildir ki, həmin evdə yaşamır, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı elektrik naqillərini çıxarıb aparmış, əsassız yazılmış cəriməni ödəmək iqtidarında deyildir. İddiasının təmin olunmasını və cərimənin silinməsini xahiş edir. İş üzrə cavabdeh "xxxx" ASC ərizə ilə məhkəməyə mürcət edərək, ərizəsində iddiaçının 2021-ci ilə qədər mənzilinə hesablanmış borc məbləğlərindən məlumatlı olmasına baxamayaq, bu barədə vaxtında müraciət etmədiyini və 4 il sonra iddia müddəti keçdikdən sonra həm enerji təchizatı müəssisəsinə həm də məhkəməyə müracət etdiyini göstərmiş, iddia müddəti keçdiyindən iddiadan imtinaya dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İİİ. İşin faktiki halları: İş materiallarında olan xx.xx.2021-ci il tarixli 022134 №li aktdan görünür ki, EEİQ-na uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, İddiaçı məxsus Qırız-Dəhnə kəndində yerləşən fərdi evdə sayğacsız enerjidən istifadə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 030117 №li aktdan görünür ki, EEİQ-na uyğun baxış keçirilən zaman sayğac dövriyyədən açılmış və 3 faza açıq şəbəkədən kənar xətt götürülərək fərdi yaşayış evinin işlədicilərinə qoşulmuşdur. Sayğac fərdi yaşayış evinin həyətində olduğu üçün kənar xəttən axan yükü ölçmək mümkün olmadı. İş materiallarında olan **********00030 saylı Abunə Haqqında məlumatdan görünür ki, İddiaçı EİQ pozulması ilə 2740,34 manat borcunun olması göstərilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus olan evdə quraşdırılmış M600 tipli, 21514593m1815642 seriyalı mexaniki sayğaca 06 oktyabr 2022ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və fərdi yaşayış evində kənar xəttdən istifadə olunduğu, sayğacın dövriyyədən açılması və 3 faza açıq şəbəkədən kənar xətt götürülərək, fərdi yaşayış evinin işlədicilərinə qoşulması əsas gətirilərək, kənar xəttin ləğv edilməsi ilə bağlı 030117 saylı akt tərtib olunmuşdur. İddiaçı adına "xxxx" ASC tərəfindən faktiki istehlak etdiyi elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, elektrik sayğacından kənar xəttin götürülməsi əsas gətirilməklə müəssisənin kompüter məlumat bazasındakı abonent hesabına 2740,34 manat məbləğində cərimə borcu daxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -550-ci maddəsinə əsasən Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. -554.1-ci maddəsinə əsasən Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun: -3-cü maddəsinə əsasən İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. -13-cü maddəsinə əsasən (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 8.33-cü bəndinə əsasən Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (28 sentyabr 2021-ci il tarixədək olan redaksiyada) Elektroenergetika haqqında Qanunun 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir). Müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı işin faktiki hallarından da göründüyü kimi, yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ Azərişıq ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin Azərişıq ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Məhkəmə qeyd edir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi, qanunvericilik məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi ilə bağlı aktların tərtib olunarkən aktın mötəbərliyini, istehlakçıların hüquq və mənafelərinin müdafiəsini lazımınca təmin etmək və burada vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsinə şərait yaradan subyektiv halların qarşısının alınması üçün işdə marağı olmayan kənar şəxslərin–hal şahidlərinin iştirakının təmin olunmasını vacib əhəmiyyətə malik olduğunu təsbit etmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, abonent İddiaçı barəsində 06 oktyabr 2022-ci il tarixli, 030117 nömrəli akt qanuni olaraq tərtib edilməmiş, akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin 8-ci bəndinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Eyni zamanda akt tərtib edilərkən iddiaçının-abonentin izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, bu izahatlar və mülahizələrin akta əlavə olunmasını tələb etmək hüquqları təmin edilməməklə, pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən əsassız eneji sərfinin iddiaçının təqsiri üzündən baş verib-verməməsi və bu sərfin və onun qiymətinin hansı qayda və müddətlər əsasında hesablanması müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib olunmuş 030117 nömrəli, 06 oktyabr 2022-ci il tarixli akt etibarsız sayılmalı və bu akt əsasında iddiaçıya hesablanmış 2740,34 manat cərimə məbləği silinməlidir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməyərək, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib olunmuş 030117 nömrəli, 06 oktyabr 2022-ci il tarixli aktın qanunun tələblərinə uyğun olaraq düzgün tərtib olunmasını, iddiaçının göstərilən tarixdə sayğacdan kənar elektrik xətti çəkməsini və buna görə onun 2740,34 manat borcunun hansı müddət əsasında və haradan yaranmasını, necə hesablanmasını və iddiaçının həmin 2740,34 manat məbləği ödəməli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 06 oktyabr 2022-ci il tarixli, 030117 saylı akta əsasən hesablanmış 2740,34 manat məbləğində cərimə İddiaçı məxsus **********00030 kodlu abonent hesabından silinməlidir. Həmçinin iddia təmin edildiyi və iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdeh "xxxx" ASC-dən 47,41 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, Azərbaycan Respublikası MPM-nin - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 06 oktyabr 2022-ci il tarixli, 030117 saylı akta əsasən hesablanmış 2740,34 (iki min yeddi yüz qırx manat otuz dörd qəpik) manat məbləğində cərimə İddiaçı məxsus **********00030 kodlu abonent hesabından silinsin. "xxxx" ASC-dən 47,41 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar