Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1883/2023 04.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02 may 2023-cü fl tarixli ******* N-li akt və «İtirilmiş qazın bərpası üzrə» 10 may 2023-cü il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayında Xaçmaz RQÜ-nin işçiləri evinə gələrək quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə müvafiq akt tərtib etmişlər. Qaz sayğaaçıxarılandan sonra yaxın vaxtlarda qaz idarəsinin əməkdaşları evinə gəlib bildiriş təqdim edəndə ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni «sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilib» rəyi verilmişdir. Onlar bu barədə 02 may 2023-cü il tarixli ******* Nə-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 12960 kub metr qaz sərfiyyatı-1555 manat 20 qəpik məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu büdirmişlər. O tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02 may 2023-cü il tarixli ******* N-li akt əsasında yazılmış 10 may 2023 komissiya qərarı ilə qəti razı deyil. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişdir. Sayğacın özündə nə baş veribsə ona məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər, keçən müddət ərzində sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqla istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02 may 2023-cü il tarixli № ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən qaz sayğacının plastmas qapağının alt hissəsi deşici alətlə deşilib qeyd olunmuşdur İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 10 may 2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evə 12960 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********01220 saylı Abonent saldosundan məlum olur ki, ünvan 1 ünvanında yerləşən evə itirilmiş qazın bərpası üçün 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1555.20 manat məbləğində vuurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə, qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad etmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə, Cavabdeh İB-nin **********01220 saylı abonent koduna hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində cərimə həmin abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh **********01220 saylı abonent koduna hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində cərimə **********01220 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1883/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1883/2023
04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver