Məhkəmə qərarları › İş №2(027)-1890/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1890/2024

27.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1890/2024 27.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X7 qızının katibliyi ilə Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Quba xidmət sahəsinin işçiləri tərəfindən barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta və bu akta görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Tələbnaməyə əsasən onun üçün əsassız hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik borc məbləğinin **********0410 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 evdə yaşayır. Evdə təbii qazdan istifadə olunur, əvvəllər atası X1 adına olduğuna görə qazın alqı-satqı müqaviləsi də onunla bağlanılıb və abonent kimi bütün sənədlərdə atasının adı gedir. 2005-ci ildə atası vəfat edib, halhazırda həmin ev onun mülkiyyətindədir və evdə təbii qazdan da o və ailə üzvləri istifadə edirlər. xx.xx.2024-cü il tarixdə Quba qaz idərəsinin işçiləri istifadələrində olan qaz sayğacı xətdən açıb əvəzinə yeni sayğac quraşdırmışlar. Bu barədə tərtib edilmiş akta o, da imza etmişdir. Sayğac xətdən açılarkən plomblarında və ya sayğacın üzərində heç bir zədə olmamışdır. 2024-cü ilin may ayında istifadə etdiyi təbii qaza görə onlayn ödəniş edərkən bilmişdir ki, onun üçün 777,60 manat cərimə hesablanıb. Quba qaz idarəsindən maraqlananda bildirmilər ki, onun əvvəlki sayğacına laboratoriyadan müdaxilə rəyi gəldiyinə görə ona cərimə yazılıb. Onun, tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini, bu cərimənin niyə görə yazıldığını aydınlaşdırmaq istəsə də heç bir nəticəsi olmadı. Həmin idarədən ona bildirmilər ki, yalnız məhkəməyə müraciət edib cəriməni sildirə bilər. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Abonent saldosundan da görünür ki, müntəzəm olaraq istifadə etdiyi təbii qaz üçün demək olar ki, hər ay 50 manat pul ödəyir. Əyər sayğaca müdaxilə etmişdirsə, niyə görə saldoya hər ay normal qaydada qazın sərfiyyatı göstəriciləri qeyd olunub. Müdaxilə etməyi iddia edilən sayğac xətdən açılarkən plomlarında və ya sayğacın üzərində fiziki təsir nəticəsində yaranan zədə olmamışdır. Əyər belə bir hal olsaydı sayğac açılarkən tərtib olunan aktda bu barədə qeyd edilərdi. Sayğac həyətindən kənarda yolun üstündə quraşdırılıb. Sayğac laboratoriyada yoxlanılarkən o, iştirak etməmişdir. Buna görə də laboratoriyanın rəyi onun üçün mötəbər sübut ola bilməz. İş üzrə İddiaçı məhkəmə iclasında anasının rəhmətə getdiyi barədə məlumat aldığından, ərizəsinə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin zahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri fiziki təsir nəticəsində kəsilib. Sayğac istismara yarasızdır” qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 may 2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********0410 saylı abonent kodu üzrə 6480 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, Quba şəhəri, G.Əsədov küçəsi 53 ünvanında yerləşən yaşayış evinə aid **********00410 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altımış) qəpik borc hesablanmışdır. İş materiallarında olan Hüquqların Dövlət eydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 216.6 km fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli AZ-İ 156337 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir 20 dekabr 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nin tərcümə olunmuş surətindən məlum olur ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X1 varisləri ünvan 2 ünvanında qeydiyyatda olan oğlu- İddiaçı miras əmlaka tam hissədə paya malikdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 777 (yeddi yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğində cərimə **********00410 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli **********00410 saylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğ **********00410 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar