Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1940/2021 29.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Cavabdeh (bundan sonra İB) nümayəndəsi X1 iştirakı ilə İddiaçı etibarnamə səlahiyyətli nümayəndəsi Nümayəndə Cavabdeh İB qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Cavabdeh İB qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.08.2019-cu il tarixli ******* nömrəli akt və «itirilmiş qazın bərpası üzrə» 30.08.2019-cu il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 529,20 (beş yüz iyirmi doqquz manat iyirmi qəpik) manat məbləğində ziyanın **********10020 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi birgə Quba şəhəri, məhəllə 32-33 ünvanında yaşayır. Həyat yoldaşı İddiaçı Xaçmaz şəhəri, Günəşli küçəsində evi olsa da, həmin ünvanda yaşamır. Həmin ev "Azəriqaz” İB tərəfindən təbii qazla təchiz edilərək, G-4T markalı, ******* №-li qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********10020). Mənzildə olduqları müddətdə onlar istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricisinə əsasən ödəmiş, bu vaxta qədər onların heç bir borcu olmamışdır. 24.04.2019-cu il tarixdə Xaçmaz RQİİ-nin 3-4 nəfər əməkdaşı həmin ünvana gələrək, evə quraşdırılmış G-4T markalı, ******* №-li qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə 24.04.2019-cu il tarixli akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları onlara heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən onlar istifadə etdiyi təbii qazın pulunu ödəmişlər. Qaz sayğacı çıxarılandan bir neçə vaxt sonra "Azəriqaz” İB-nin əməkdaşları Xaçmaz şəhərində olan evinə gəlmiş, həmin müddətdə orda olan qaynına bildirmişlər ki, evdən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar etdiklərini qeyd edərək, bu barədə 30.08.2019-cu il tarixli ******* nömrəli akt tərtib etdiklərini və komissiya qərarına əsasən ona 5292 kub metr qaz sərfiyyatı dair 529,20 (beş yüz iyirmi doqquz manat iyirmi qəpik) manat məbləğində ziyan hesablandığını bildirmişlər. İddiaçı həmin akt əsasında yazılmış 30.08.2019-cu il tarixli komissiya qərarı ilə qəti razı deyil. İddiaçı istifadəsində olduğu müddətdə sayğaca heç bir ailə üzü heç bir müdaxilə etməmişdir. Sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfinin əzilməsi halının nə vaxt baş verməsi məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər və bu vaxt sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırılmışdır və bu səbəbdən də o və onun ailə üzvləri sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. İstənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsində məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, sayğaca müdaxilə olunduğu üçün ziyan hesablanmışdır. Qaz sayğacları küçədə yerləşdirilir, onlardan qoruyucu örtüklə örtülən, örtülməyəndə var. Sayğacda əzik-cızıq izləri yad cismin təsiri nəticəsində yaranır. Sözügedən sayğaca da yad cizm əlavə edildiyi üçün müdaxilə qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh hesab etmişdir ki, iddia əssasızdır, ona görə təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba şəhəri, məhəllə 32-33 ünvanında yaşayır; - AR-İİ 274879 nömrəli etibarnamənin surətindən görünür ki, hüquqlarının məhkəmədə təmsil edilməsi məqsədi ilə İddiaçı Nümayəndə etibarnamə vermişdir; - qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında sonuncunun Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən evini keyfiyyətli qazla təmin edilməsinə dair 27.08.2019-cu il tarixli müqavilə bağlanmışdır; - **********10020 saylı abonent saldosunun surətindən görünür ki, Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən qaz sayğacının abonenti İddiaçıdır; - “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində yeni **********0 nömrəli sayğac quraşdırılmışdır; - Xaçmaz RQİİ-nin 30.08.2019-cu il tarixli ******* nömrəli aktından görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfinin əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması aşkar edilmiş, nəticədə 5292 m3 həcmində dəymiş ziyan hesablanmışdır; - 30.08.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5292 m3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Sayğaca baxış İddiaçı oğlunun iştirakı ilə deyil, “Həsənova Fərqanə” adlı şəxsin iştirakı ilə həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 5292 m3 əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30.08.2019-cu il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında tərtib olunmuş tələbnamə (qərar) ləğv edilməli və akta əsasən hesablanmış 529,20 (beş yüz iyirmi doqquz manat iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********10020 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatdan yuxarı olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30.08.2019-cu il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında tərtib olunmuş tələbnamə (qərar) ləğv edilsin. 30.08.2019-cu il tarixli ******* nömrəli akta əsasən hesablanmış 529,20 (beş yüz iyirmi doqquz manat iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********10020 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB--dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1940/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1940/2021
29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver