Məhkəmə qərarları › İş №2(027)-196/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-196/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-196/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “4000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “4000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd) min manat kompensasiya ödənilməklə Quba şəhəri, Sabir küçəsi, 37 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onların mülkiyyətində Quba şəhəri, Sabir küçəsi, 37 ünvanında ümumi sahəsi 94,3 kv.m. olan 2 mərtəbəli, 4 otaqlı paylı mülkiyyətdə olan yaşayış evi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin verdiyi seriya RX № 0281769, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa görə fərdi yaşayış evinin ½ hissəsi İddiaçı1, 1/2 hissəsi isə 2001-ci ildən 2009-cu ilə kimi atası Didari Məmmədəli ilə rəsmi nikahda olan analığı İddiaçı2 mülkiyyətindədir. Həmin yaşayış evində onların razılığı ilə qardaşı X3 və keçmiş həyat yoldaşı Cavabdeh və sonuncunun oğlu X7 yaşamışlar. Quba Rayon məhkəməsinin 2(027)-1659/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh və X4 3000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 evə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Həmin qətanmədən Cavabdeh apellyasiya şikayəti vermiş və onlardan 20000 manat kompensasiya tələb etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2019cu il tarixli 2(105)-4320/2019 nömrəli qətnaməsinə əsasən, Quba Rayon məhkəməsinin 2(027)-1659/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh X1 3000 manat kompensasiya verilməklə yaşayış evindən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilmiş, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdehə təklif olunan 3000 manat kompensasiya məbləği sonuncunun davamlı şəkildə başqa mənzil kirayədə yaşamasına kifayət deyil. Hazırki iddia üzrə Cavabdeh ayrıca olaraq 4000 (dörd min) manat kompensasiya ödəməklə onlara məxsus yaşayış evindən istifadə hüququna xitam verilməsini barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin təqsiri üzündən İddiaçı1 mülkiyyətində olan yaşayış evində yaşamaqdan məhrum olaraq 2009-cu ildən Quba şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamaqla ziyana düşmüşdür. Son üç ildə 2018-ci ilin avqust ayından 2021-ci ilin iyun ayınadək ünvan 2 ünvanda yerləşən və Cəfərov Xaliqə məxsus evdə kirayədə yaşayaraq hər ay 150 manat kirayə haqqı ödəməklə 5100 manat, 2021-ci ilin iyul ayından hal-hazıra kimi Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində Gülnarə Mirzəyevaya məxsus yaşayış evində kirayədə yaşayır. 2022-ci ilin oktyabr ayı da daxil olmaqla hər ay 150 manat kirayə haqqı ödəməklə 2250 manat kirayə haqqı ödəmiş və ödəməkdə davam etmişdir. O cümlədən mülkiyyət sahibi İddiaçı2 həmin evdən ona düşən 1/2 pay mənzil sahəsindən istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddia ərizəsi tamamilə qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, anası, yəni Cavabdeh qardaşı və onunla birgə ünvan 3 evdə yaşamışlar. Anası Cavabdeh həmin evdə bir çox işlər görmüş, təmir işlərinə 30-40 min manat xərc çəkmişdir. Nə anası, nə qardaşı nə də özü həmin evdən çıxmaq istəmirlər. İddia tələbində göstərilən 4.000 (dörd min) manat kompensasiya məbləği ilə razı deyillər. Həmin məbləğ çox azdır. Çünki yaşadıqları əraziyə və şəraitə görə kirayə qiyməti aylıq 400-500 manat müəyyən edilmişdir. Kompensasiyanın məbləği 20000 manat olan təqdirdə istifadə hüququna xitam verilməsinə razı ola bilərlər. Ona görə də, anasının mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin verdiyi seriya RX № 0281769, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışdan görünür ki, ünvan 3 fərdi yaşayış evinin ½ hissəsi İddiaçı1, 1/2 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. İşin materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 569 saylı arayışından görünür ki, İddiaçı1 ünvan 3 ünvanda qeydiyyatdadır. İşin materiallarında olan Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 186 saylı arayışından görünür ki, İddiaçı2 Quba rayonu, Timiryazev kəndində yaşayır. İşin materiallarında olan Azərittifaq Quba rayon istehsal istehlak kooperativinin məhkəmənin sorğusuna cavab məktubundan (xx.xx.2023-cü il tarixli 11 nömrəli) görünür ki, Quba şəhərində mənzil şəraitindən, yerləşdiyi ərazidən asılı olaraq 100-250 manat arasında dəyişir. İşin materiallarında olan “İdeal-house” dəyərləndirmə kompaniyasının xx.xx.2023-cü il tarixli 01-23/02 nömrəli arayışından görünür ki, ünvan 3 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla bazar qiyməyi 100.000-120.000 manat, kirayə qiyməti isə 400-500 manat civarındadır. İşin materiallarında olan alqı-satqı agentliyinin arayışından görünür ki, ünvan 3 fərdi yaşayış evi aylıq 450 manat dəyərindədir. İşin materiallarında olan Quba Rayon məhkəməsinin 2(027)-1659/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və X4 3000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 evə istifadə hüquqları itirilmiş hesab edilmişdir. İşin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(105)-4320/2019 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon məhkəməsinin 2(027)-1659/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh X1 3000 manat kompensasiya verilməklə yaşayış evindən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 3 fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir. Azərittifaq Quba rayon istehsal istehlak kooperativinin hesabatı ilə ünvan 3 fərdi yaşayış evinin aylıq kirayə haqqı isə 100-250 manat müəyyən edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə 4.000 (dörd min) manat məbləğində kompensasiya verməklə cavabdehin xüsusi mülkiyyətində olan evinə olan istifadə hüququna xitam verilməsini və həmin mənzildən çıxarılmasını tələb edirlər. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, tərəflərin arasında yaranan mübahisə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” 27 may 2008-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında “ailə üzvlərinin” və “digər qohumların” anlayışına şərh verilmişdir: “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Həmin Qərara əsasən, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, iddiaçıların xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildə əvvəllər da yaşamış, istifadə hüquqları yarandıgından evin hazırki mülkiyyətçilər yəni iddiaçılar qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi və onun mənzildən çıxarılması barədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən mülkiyyətindən istifadə hüququ olan cavabdehə 4.000 (dörd min) manat məbləğində kompensasiya ödənilməklə o həmin yaşayış sahəsindəki istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyanın məbləği yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 4.000 (dörd min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 3 fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar