Məhkəmə qərarları › İş №2(027)-1975/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1975/2023

06.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1975/2023 06.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisina qarşı “miras əmlaka vərəsəlik hüququmunun tanınması, mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisina qarşı “miras əmlaka vərəsəlik hüququmunun tanınması, mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan 12 mart 2023-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində verilmiş 23 aprel 2023-cü il tarixli, 8İ-6551 reyestr nömrəli imtina ərizəsinin etibarsız hesab edilməsi, 12 mart 2023-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlak olan JN-2783 KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsindən X4 düşən hissəsinə onun vərəsəlik hüququnun tanınaraq payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1974-cü il tarixdə Quba rayonunda doğulmuş, atası X5, X1 olmuşdur. Atası ilə anasının birgə nikahından o və digər bacı, qardaşları doğulmuşdur. X1 12 mart 2023-cü il tarixdə, atası X5 isə 07 may 2023-cü il tarixdə vəfat etmişdir. Anası vəfat edərkən adına digər əmlaklarla yanaşı Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN- 2783A KOD 30301004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Quba şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ona düşən hissə də miras qalmışdır. O qeyd edilən miras əmlakı faktiki qəbul edərək idarə edir. Eyni zamanda anasının vəfatından təxminən bir ay ötməmiş anasından qalan Bakı şəhərində yerləşən miras əmlaka bacısı X9 vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Quba regional “Asan xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərkən anasının qanun üzrə birinci növbəli vərəsələrindən biri kimi o da notariat ofisində iştirak etmişdir. Lakin iş üzrə cavabdeh olan notariat ofisində ona hüquqları düzgün izah edilməyərək istəmədiyi ərizənin yazılmasına nail olunmuşdur. Vərəsələr olaraq anasından miras qalmış Bakı şəhərində olan əmlakların bacısı Aybəniz Məlikovaya, Quba şəhərində yerləşən əmlakların isə ona keçməsi ilə bağlı razılaşdığı halda nədənsə, ondan notariat ofisində anasından qalmış miras əmlakdan imtina etməyinə dair ərizə alınmışdır. Eyni zamanda həmin ərizə alınarkən ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəaları izah edilməmişdir. Bununla da onun iradə ifadəsini əks etdirməyən ərizə ilə hal-hazırda onun vərəsəlik hüquqları kobudcasına pozulmuşdur. O, anasından qalmış əmlakı faktiki qəbul etdiyi halda sırf qeyd edilən ərizəyə görə vərəsəlik hüquqlarını rəsmiləşdirə bilmir. Quba regional “Asan xidməf’ mərkəzində yerləşən notariat ofisinə X1ndan qalmış digər əmlaklarla bağlı miras əmlakın qəbulu ilə bağlı ərizə yazmaq üçün müraciət edərkən Quba regional “Asan xidməf» mərkəzinin notariat ofisindən 02 iyul 2023cü il tarixli, 1989-nömrəli məktubla ona bildirdirmişlər ki, o guya anasından qalan bütün miras əmlaklardan imtina etmişdir. Miras əmlakdan imtina ilə bağlı ərizə yazılarkən notarius və ya əməkdaşları tərəfindən ona ərizənin mahiyyəti və doğura biləcəyi hüquqi nəticələri izah edilməmişdir. Vərəsəlik üzrə pozulmuş hüquqlarını başqa qaydada bərpa edə bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda faktiki qeyd vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, anasının bütün əmlakı bölünmüş, ona heç nə çatmamışdır. Ondan xəbərsiz sənədlər hazırlanmış və hüquqları izah edilmədən ata və anasından qalan bütün əmlakda imtina ərizəsi yazılmış, o da bilmədən imza etmişdir. Notariusda ona kimsə heç nə izah etməmiş, o, bütün əmlakdan imtina ərizəsi yazılacağını bilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-2783A KOD 30301004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görnüür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi X5, X8 və X6 verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X1 12 mart 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, İddiaçı X8 ilə X2 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində verilmiş 23 aprel 2023-cü il tarixli, 8İ-6551 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı X1ndan miras qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlakdan ona çatası hissəsindən X7 xeyrinə imtina etmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçının X1 12 mart 2023-cü il tarixdə vəfat etmiş, İddiaçı anasından miras qalmış əmlakdan ona çatası hissəsindən bacısı X7 xeyrinə notarial qaydada imtina etmişdir. İddiaçı iddia edir ki, anasından miras qalmış əmlakı faktiki qəbul etdiyi halda ondan notariat ofisi tərəfindən ona hüquqları izah edilmədən miras əmlakdan imtina etməyinə dair ərizə alınmışdır. İddiaçı sözügedən ərizəyə görə vərəsəlik hüquqlarını rəsmiləşdirə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir; 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır; 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir; 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər; 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz; 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir; 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Qeyd edilən Məcəllənin tələbinin məzmunundan göründüyü kimi, İddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Eyni zamanda həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İddiaçı qeyd edir ki, cavabdeh tərəfindən ona hüquqlarının düzgün izah edilməməməsi istəmədiyi 23 aprel 2023-cü il tarixli, 8İ-6551 reyestr nömrəli imtina ərizəsinin yazılmasına səbəb olmuşdur. Halbuki, qeyd edilən hallar müvafiq ərizənin etibarsızlığı üçün birbaşa hüquqi əsas yaratmır. Bu baxımdan, iddia ərizəsinin “mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin “miras əmlaka vərəsəlik hüququmunun tanınması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, 23 aprel 2023-cü il tarixli, 8İ-6551 reyestr nömrəli imtina ərizəsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi rədd edildiyindən iddia ərizəsi qeyd edilən hissədə də təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisina qarşı “miras əmlaka vərəsəlik hüquqununun tanınması, mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisina qarşı “miras əmlaka vərəsəlik hüquqununun tanınması, mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar