Məhkəmə qərarları › İş №2(027)-2000/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2000/2023

01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2000/2023 01.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 4147,20 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evini X1 Quba rayon Dövlət Notariat Kontorunda tərtib və təsdiq edilmiş 30 dekabr 2006-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıb. Artıq 16 ildir ki, həmin yaşayış evi onun istifadəsindədir. Azəriqaz ASC ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edir və istifadə etdiyi qazın dəyərini hər ay vaxtlı-vaxtında ödəyir. 2023-cü ilin iyun ayında qaz borcu qəbzi gələrkən 4147,20 manat məbləğində borcun olduğunu görüb. Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona, borcun xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, abonentin saldosu və tələbnaməni ona təqdim eediblər. Həmin aktla tanış olduqda ona məlum olub ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda təbii qazdan qeyri-qanuni istifadə edilməsi qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2023-cü il tarixli tələbnamə tərtib olunaraq 4147,20 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktla və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Belə ki, qeyd olunan yaşayış evini 2006-cı ildə alqı-satqı qaydasında alıb. Yaşayış evini alarkən ev, artıq təbii qazla təmin olunmuş, qaz xətləri çəkilmiş və evin satıcısı artıq illərdi ki, qazdan istifadə edib. Evi aldıqdan sonra qaz xətlərində heç bir yeniləmə və ya təmir işləri aparmamışdır. Ümumiyyətlə ev aldığım vaxt necə idisə hal-hazırda da həmin vəziyyətdədir. 16 il ərzində dəfələrlə yaşayış evimə quraşdırılmış qaz sayğacı çıxarılaraq, yenisi ilə əvəz edilmiş, Quba Qaz İİ-nin əməkdaşları dəfələrlə evə quraşdırılmış qaz sayğacına və qaz xətlərinə baxış keçirmiş, lakin ona sayğacdan kənar qaz xəttinin olması bildirilməmişdir. O da, evi başqa şəxsdən aldığı və evdə heç bir qaz xəttinin yenilənməsi işləri aparmadığı üçün evin satıcısı olan X2 tərəfindən yaşayış evinə sayğacdan kənar qaz xəttinin çəkilməsindən və mövcudluğundan xəbəri olmamışdır. Qeyd edir ki, iki mərtəbəli evin bir mərtəbəsindən ümumiyyətlə istifadə etmir. Kombi və s. təbii qazı çox sərf edən isidici qurğular evə quraşdırılmamış, yalnız mətbəxdə yemək sobası və isidici soba vardır. Hər ay da sayğacın göstəricisi əsasında təbii qazın dəyərini ödəyir. Qeyri-qanuni çəkilmiş xətdən istifadə etmir. Həyat yoldaşı müəllimədir, o və oğlu da işləyir, gün ərzində evdə heç kim olmur, təbii qazdan yalnız axşamlar istifadə edir. Onların sayğacdan kənar qaz xətti çəkərək, təbii qazdan qeyri qanuni istifadə etməyinə heç bir ehtiyac yoxdur. Yaşayış evində sayğacdan kənar qaz xəttinin mövcudluğundan məlumatlı olsaydı, həmin xətti ləğv etdirərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdi ki, o ünvan 1 ünvanda qeydiyyatdadır, həmin evin keçmişdə mülkiyyətçisi olmuşdur. Onlar həmin evdə yaşadıqları müddətdə orda iki xətt olub, bu da onunla əlaqədar olub ki, həmin həyətdə əmisinin də evi olmuş və ayrı müqavilə ilə həmin ev qazla təchiz olunmuşdur. Ev 2006-cı ildə satılıb, sonra onlar xəttin birini bağalamış və bu barədə Quba İİ-nə müraciət ediblər. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçının adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuşdur İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 10 may 2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən evə 34560 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan **********00000 saylı Abonent saldosundan məlum olur ki, Quba şəhəri, M.Əcəmi küçəsi 57 ünvanında yerləşən evə itirilmiş qazın bərpası üçün 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik borc hesablanmışdır. İş materiallarında olan “Daşınmaz əmlakın alqı-satqı müqaviəsi”nin təsdiq olunmuş surətindən görünür ki, satıcılar X2 və X3 tərəfindən mülkiyyətlərində olan ünvan 1 mənzili 24 oktyabr 2006-cı ildə İddiaçı satılıb, reyesterdə 4-Ə/1061 nömrə ilə qeyd edilib. İş materiallarında olan qazdan istifadə qaydalarına əsasən “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 336xx-xx/2023 nömrəli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə akt tərtib olunmaqla cavabdeh tərəfindən iddiaçıya 4147.20 manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.https://e-qanun.az/framework/21691 «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh təşkilat istehlakçının hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğuna əsaslanmaqla akt tərtib etsə də, vurulmuş maddi ziyanın məhz istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması, habelə istehlakçının təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, təqdim olunmuş sübutlar qismində müvafiq akt cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçının həmin aktların tərtib edilməsində iştirakı təmin edilməmişdir (tanış olmamışdır, imtina etdiyi halda belə, həmin halı öz imzası ilə təsdiq etməmişdir). Qeyd edilən hallara əsasən həmin akt vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilməz. Habelə həmin akt müvafiq inzibati orqanlarına təqdim edilməli, bundan sonra istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Bununla da, hazırki mülki iş üzrə iddiaçının hansı təqsirli hərəkəti nəticəsində cavabdbehə maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, Cavabdeh İB-nin 10 may 2023-cü il tarixli **********00000 saylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilməli və hesablanmış 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) məbləğində cərimə həmin abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh **********00000 saylı abonent kodu ilə bağlı 08 may 2023-cü il tarixli ******* saylı aktı və həmin akt əsasında tərtib edilmiş 10 may 2023-cü il tarixli tələbnaməsi ləğv edilsin, tələbnamə əsasında hesablanmış 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik zərər **********00000 kodlu abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar