Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-204/2022 25.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat pulun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İB, X4 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 07 may 2021-ci il tarixində, yaşadığı Quba rayonu, Vəlvələ kəndində istifadəsində olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edərək qaz sayğacını növbədən kənar yoxlamaya göndərmək məqsədilə xəttən ayıraraq, əvəzində yeni sayğac quraşdırıb və sayğacın plombunu sökərək əvəzinə yeni plomb vurublar. Bundan sonra yeni sayğacdan istifadə edərək yandırdığı qazın pulunu ödəyib. İstifadə etdiyi qazın pulunu ödəyərkən ona məlum olub ki, 2021-ci ilin iyul ayı üçün akt əsasinda ona 216 manat borc hesablanmışdır. Bu borc 23 iyul 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş AKT üzrə yazılmışdır. Aktda sayğacın qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi barədə qeyd aparılmışdır. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi AKT əsasında hesabladığı borcla razılaşmır, sayğaca heç bir müdaxilə edilməmişdir və bu faktı təsdiq edən heç bir sənəd yoxdur. Göstərilən sayğac İstehlakçıya məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır və bir başa olaraq onun qorunması abonentin yox, Qaz paylayıcının fiınksiyasina aiddir; beləliklə, hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabından silinməlidir. Bu səbəbdən Məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat pulun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.07.2021-ci il tarixli ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması nəticəsində 2160 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan 12.10.2021-ci il tarixli 29969-10-21 saylı müqavilədən görünür ki, Cavabdeh İB-nin Xaçmaz RQİ ilə İddiaçı arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan AZE ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Adur kəndində qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı Azəriqaz» istehsalat Birliyinin əməkdaşları tərəfindən Quba rayonu, Vəl-vələ kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu, Vəl-vələ kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-204/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-204/2022
25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver