Məhkəmə qərarları › İş №2(027)-2107/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2107/2021

10.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2107/2021 10.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində mexaniki səhv olaraq cavabdeh təşkilatı "xxxx" ASC kimi yox Azəriqaz İB kimi qeyd edilməsini və cavabdehin ünvanı kimi– Bakı şəhəri, Y.Səfərov küçəsi 25 olaraq və onun abonent kodunun **********0140 olaraq qeyd edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Evin mülkiyyətçisi oğlu X3r. "xxxx" X1 Regional Şöbəsi ilə bağladıqları müaviləyə əsasən qazın istifadəçisi kimi qaz pulunu mütəmadi olaraq vaxtında ödəmişdir. 11.08.2021-ci il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları guya qaz sayğacının istismar müddəti bitdiyinə görə sayğacı söküb, həmin sayğacın yerinə yenisini quraşdıraraq akt tərtib etmişlər. 2021-ci ilin sentyabr ayında ödəniş edən zaman 233 manat borcu olduğu ona məlum olmuşdur. Bundan sonra Qaz İdarəsinə getmiş, orada ona sayğacın laboratoriyaya göndərildiyi və rəy gələcəyi bildirilmişdir. 21.09.2021-ci il tarixdə rəy gəlmiş və orada sayğaca kənar müdaxilə olunduğu və üzərində mənşəyi bilinməyən plomb aşkar olunduğu qeyd edilmişdir. Həmin akt əsasında 216 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin sentyabr ayı üzrə akt əsasında 216 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, Quba şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən mənzil iddiaçının oğlu X2 adına qeydiyyata alınsa da, həmin mənzilin təbii qaz abonenti kimi İddiaçı adına qeydiyyatdadır. "xxxx" İB-nin əməkdaşları tərəfindən 31.08.2021-ci il tarixdə onun yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında "xxxx" İB tərəfindən 31.08.2018-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 216 manat məbləğində borc iddiaçının **********00140 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00140 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar