Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2118/2022 27.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 21 fevral 2022-ci il tarixli Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 26 fevral 2022-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 518.40 manat məbləğində borcun onun **********0680 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Paşa-oba kəndində yerləşən və 1990-cı ildən ailəsi yaşadığlaır yaşayış evi ona məxsusdur. Qaz paylayıcısı olan Cavabdeh ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 27 may 2016-cı il tarixli 11155-05-16 saylı müqaviləyə əsasən, o və ailəsi təbii qazdan istifadə edirlər və istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Bildirir ki, 2021-ci ilin dekabr ayında yol buzlu olduğundan avtomobili arxaya sürüşərək yaşayış evinə quraşdırılmış qaz sayğacına dəymiş və sayğacı əzmişdi. Bu səbəbdən də, o, Quba Qaz İ İ-nə müraciət edərək qaz sayğacının yenilənməsini xahiş etmişdir. Cavabdeh əməkdaşları xx.xx.2021-ci il tarixdə gələrək evinə quraşdırılmış Zenner tipli **********1 saylı qaz sayğacını çıxarıb. Zenner tipli **********0 saylı sayğacı quraşdırdılar. Bu barədə xx.xx.2021-ci il tarixli ******* saylı Akt tərtib edib, ona təqdim etdilər. Zədələnmiş Zenner tipli **********1 saylı saycağa dəymiş zərəri də mən ödədim. Bir müddətdən sonra yaşayış evimə quraşdırılmış qaz sayğacı səs ilə işlədiyindən, saycağın dəyişdirilməsi üçün Quba Qaz İİ-nə müraciət etmişdir. 2022-ci ilin fevral ayında Cavabdeh əməkdaşları quraşdırdıqları qaz sayğacının həqiqətən də, səs ilə işlədiyini və nasaz vəziyyətdə olduğunu görüb qaz sayğacını dəyişərək yenisi ilə əvəz etdilər. Yeni quraşdırılmış qaz sayğacı üzrə də, o, istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 2022-ci ci ilin təxminən aprel və may ayı olardı təbii qaz sərfiyyatı üzrə borc bildirişi gələrkən 518.40 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İİ-nə müraciət edərək həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək, akt və tələbnaməni ona təqdim etdilər. Həmin aktla tanış olduqda ona məlum oldu ki, ******* saylı aktda çıxarılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının kənar təsir nəticəsində alt hissəsinin əzilməsi və rəqəmli dişli çarxların üzərində cırıq izlərinin olması qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2022-ci il tarixli tələbnamə tərtib olunaraq 518.40 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansi ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. xx.xx.2022-ci il tarixli ******* saylı aktla və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməz idi. Ona görə də hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 518,40 manat cərimə onun **********00680 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarına əsasən qaz sayğacına müdaxiləyə abonent məsuliyyət daşımır. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Paşa-oba kəndində yerləşən yaşayış evində **********1 nömrəli sayğac çıxarılmış və əvəzində **********0 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin sayğacların yoxlanılması, AKT№ MSK-29/1710-0017-1 saylı rəyinə əsasən **********1 saylı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı kənar təsir nəticəsində alt hissəsi əzilib və rəqəmli dişli çarxların üzərində cızıq izləri var. Hesablama mexanizminin iş prinsipinə mane törədilib. Nəticədə 4320 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 sərfiyyat hesablanmışdır; **********00680 kodlu abonentin saldosundan görünür ki, abonent X2 müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc X1 abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc X1 **********00680 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2118/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2118/2022
27.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver