Məhkəmə qərarları › İş №2(027)-2142/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2142/2023

11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2142/2023 11.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 18 oktyabr 2021-ci il tarixli № ******* saylı aktının və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun onun **********03750 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu Söhüb kəndində qeydiyyatda olmaqla Quba rayonu Timiryazev qəsəbəsində yaşayır. onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. O, hər ay istifadə etdiyi qaz sərfıyyatna görə aylıq ödənişini vaxtında ödəyir. Quba rayonu Timiryazev qəsəbəsində yerləşən yaşayış evi oğlu X1 adına rəsmiləşdirilib. O, da oğlu ilə birlikdə həmin ünvanda yaşayır.Cavabdeh əməkdaşları xx.xx.2021-ci il tarixində ona məxsus ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sayğacın dəyişdirilməsi zamanı o, və ya ailə üzvləri orada olmayıb. Onun məlumatı olmadan sayğac dəyişilib. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli № ******* saylı akt tərtib olunmuşdur.Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 18 oktyabr 2021-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında guya qaz sayğacına tərəfindən müdaxilə olunmuş, onun hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir. Ancaq o, və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə borcunu qəbul etmir. Onun cərimə borcu düzgün deyil. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona bu barədə müvafiq sənədlərin surətlərini təqdim etmişlər. O, həmin cərimə borcu ilə razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə borcu onun **********03750 saylı abonent hesabından silinməlidir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üzrə 432 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri vardır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt və tələbnamə özlüyündə mövcuddur), məhkəmə iddianı akt və tələbnamə üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc iddiaçının **********03750 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********03750 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar