Məhkəmə qərarları › İş №2(027)-215/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-215/2025

10.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-215/2025 10.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Quba XS-nin əməkdaşlarının barəmdə tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* Akt əsasmda hesabladıqları 3732,48 ( üç min yeddi yüz otuz iki manat, qırx səkkiz qəpik) manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Hacıqayıb kəndində atası X5- mülkiyyətində olan fərdi yaşayış evi vardır və hal-hazırda o və atası həmin evdə yaşayır. Cavabdeh təşkilatla bağladığları müqaviləyə əsasən təbii qazdan istifadə edərək istifadə etdikləri qazın dəyərini vaxtlı- vaxtında ödəyirlər. xx.xx.2024-ci il tarixdə cavabdeh təşkilatın Quba XS-nin nümayəndələri yaşadığları ünvana gələrək istifadə etdikləri qazın sayğacına baxış keçirərkən guya sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi əsas gətirərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* Akt tərtib edərək 3732,48 manat borc hesabladılar. O, qeyd etmək istəyir ki, cavabdeh təşkilatın tərtib etdiyi aktla və hesabldıqları ziyanla razılaşmadığı üçün akta qol çəkməkdən imtina etdi. O, Azəriqaz İB-nin tərtib etdiyi 29 mart 2024-ci il tarixli aktı ilə razılaşmır və bir daha qeyd edir ki, aktda qeyd olunan hallar mövcud olsaydı onlar hall şahidlərinin iştirakı ilə akt tərtib etməli idilər. Hörmətli Məhkəmə- Cavabdeh İB-nin əməkdaşlarının heç bir əsas olmadan məsələyə obyektiv yanaşmadan barəsində tərtib etdikləri akt əsasında hesabladıqları borc qeyri-qanunudir ona görə də silinməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, Quba rayonunun Hacıqayıb kəndində yaşayan İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “Qazdan istifadə Qaydaları”nm tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın ləğv edilməsi, əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş akta istinadən Quba rayonunun Hacıqayıb kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə əsasız yazılmış 3 732,48 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilsin. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 29 mart 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları’nın pozulması haqqında akt tərtib edilərək 31104 m3 və ya 3 732,48 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmiş, abonent aktı heç bir irad bildirmədən imzalamışdır. X2 qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bundan başqa İddiaçı abonent saldosuna diqqət yetirsək görərik ki, onun sayğacı hətta qış aylarında belə 2-3 manatdn artıq sərfiyyat qeydə almamışdır. Lakin sayğacdan kənar xətt aşkar edilərək ləğv edildikdən sonra 2024-cü ilin dekabr ayında qaz sərfiyyat 348 m3 və ya 41,76 manata yüksəlmişdir. Halbu ki, 2022-ci ilin dekabr ayında cəmi 47 m3 və ya 5,64 manat, 2023-cü ilin həmin ayında 343 və ya 4,08 manat qaz sərfiyyatı qeydə alınmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarhlğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən kənar xətdən istifadə edilməsi video görüntü ilə qeydə alınmışdır. (həmin görüntü SD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir) Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RQİİ-nin Quba XS-nin xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İkram Paşayevə məxsus fərdi yaşayış evinə baxış keçirərkən, sayacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, X4 2024-cü il üzrə 3732,48 manat məbləğində borcu vardır. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə X11 rayonu, Hacıqayıb kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, X6 təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, X4 Quba rayonu, Hacıqayıb kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 3732,48 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar