Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2174/2023 13.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş, 25 iyun 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-ci il tarixli Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında onun abonent hesabına yazılmış 1555,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərdabi qəsəbəsində yaşayır. Azəriqaz İB-nm əməkdaşları yaşadığı evə Zenner tipli, G4 markalı, **********6 nömrəli qaz sayğacı quraşdırmışlar. Daha sonra həmin fərdi yaşayış evinə quraşdırılmış Zenner tipli, G4 markalı, **********6 nömrəli sayğac çıxarılmış və yoxlanışa göndərilmiş, “qaz sayğacının hesablama mexaniziminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması, qaz sayğacının istismara yararsızdır” qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı 25 iyun 2023-cü il tarixli, “0389980” nömrəli akt tərtib edilmişdir. O, sayğacın onun tərəfindən zədələnmədiyi, sayğacın zədələnməsindən onun təqsiri olmadığı üçün aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında 30 iyun 2023-cü il tarixli Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və ona 12960 kub metr qazdan istifadəyə görə 1555,20 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir. O, sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Sayğaca kənar təsir göstərməmişdir. Bütün günü sayğacın keşiyini çəkə bilməz. Sayğaca görə o, məsuliyyət daşımır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o, çağırılmamışdır. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Eyni zamanda o, istehlak olunmuş təbii qazın dəyərini hər ay vaxtı-vaxtında ödəyir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmaqdan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, qaz sayğacının hesablama mexaniziminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması, qaz sayğacının istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 1555,20 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən 25 iyun 2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğaca ümumi baxış keçirilən zaman, qaz sayğacının hesablama mexaniziminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması, qaz sayğacının istismara yararsız olduğu müəyyən edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1555,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1555,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın etibarsız hesab edilməsi və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın etibarsız hesab edilməsi və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt və tələbnamə özlüyündə mövcuddur), məhkəmə iddianı akt və tələbnamə üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 1555,20 manat məbləğində borc iddiaçının **********05550 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********05550 saylı abonent hesabına hesablanmış 1555,20 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2174/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2174/2023
13.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver