Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2199/2022 03.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş, 26 aprel 2021-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 aprel 2021-ci il tarixli Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında mülkiyyətimdə olan fərdi yaşayış evinə dair abonent hesabına yazılmış 216 manat məbləğində borcun silinməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdeh Azəriqaz İB-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli, ******* MH seriyalı Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur. 23 noyabr 2020-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları yaşadığı fərdi yaşayış evinə quraşdırılmış Elster tipli G-4T markalı ******* nömrəli qaz sayğacını çıxardaraq, əvəzinə Zenner tipli G-4T markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 26 aprel 2021-ci il tarixdə Azəriqaz İB nm Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək ******* nömrəli sayğaca ümumi baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0317278” nömrəli akt tərtib edilmişdir. Sayğacı onun tərəfindən zədələnməmiş, sayğacın zədələnməsindən onun təqsiri olmamışdır. Həmin akt əsasında 30 aprel 2021-ci il tarixli Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və 2160 kub metr qazdan istifadəyə görə 216 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir. Sayğacın çöldə olduğu üçün, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Bütün günü sayğacın keşiyini çəkə bilmər. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o, çağırılmamışdır. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Hesab edir ki, o, Cavabdeh İB-yə zərər vurulmasına gətirib çıxara bilən təqsirli, hüquqa zidd əməl törətməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: hüququların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №li çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 0,09 ha torpaq sahəsinə yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,3 kv.m yaşayış, 117,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 179 nömrəli vərəqində qeydiyyata alınmışdır. “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********3 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin sayğacların yoxlanılması, AKT№ MSK-29/1710-00690-1 saylı rəyinə əsasən ******* saylı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Nəticədə 2160 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 sərfiyyat hesablanmışdır; **********04510 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 216 (iki yüz on altı) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 26 aprel 2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30 aprel 2021-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə 50 manat tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi yardıma görə 50 manat pulun ödənilməsini göstərsə də, bu 50 manatın hüquqi yardım kimi kiməsə (vəkilə və ya nümayəndəyə) ödənilməsini və cavabdeh tərəfdən ona həmin məbləğdə zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini əsaslandırdığı həmin halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər 50 manat məbləğində tələbin rədd edilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 26 aprel 2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30 aprel 2021-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı abonent hesabından silinsin: iddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2199/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2199/2022
03.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver