Məhkəmə qərarları › İş №2(027)-2207/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2207/2024

07.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2207/2024 07.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 15 oktyabr 2020-ci il tarixli, ******* saylı AKT əsasında hesablanmış 604,80 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış alğı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba rayonu, Barlı kəndində yerləşən mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh əməkdaşları sayğacı açıb aparmış, əvəzinə yeni sayğac quraşdırmışlar. 15 oktyabr 2020-ci il tarixdə Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt tərtib edilmiş və 604,80 manat borc hesablanmışdır. O, həmin aktla razılaşmır. Sayğaca kənar qeyri-qanuni qaz xətti çəkməmişdir. Heç zaman qaz sayğacına müdaxilə etməmişdir. 604,80 manat borcun yaranmasında onun təqsirm yoxdur. Həmin borc əsassız olduğundan abonent hesabımdan silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RQİİ-nin Quba XS-nin 15 oktyabr 2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, sayacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üzrə 604,80 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, İddiaçı Quba rayonu, Barlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 604,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar