Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-221/2024 16.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin Xaçmaz RQİİnin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 432 manat məbləğində ziyanın onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz" İB. X1 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Qııba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 12 oktyabr 2021-ci il tarixində yaşadığları Quba şəhəri, Bakı küçəsində istifadələrində olan qaz sayğacı üçün "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında*' ******* saylı AKT tərtib edərək istifadələrində olan qaz sayğacını növbədən kənar yoxlamaya göndərmək məqsədilə xəttən ayıraraq əvəzində yeni sayğac quraşdırmış və sayğacın plombunu sökərək əvəzinə yeni plomb vurmuşlar. Bundan sonra yeni sayğacdan istifadə edərək yandırdığları qazın pulunu ödəmişlər. 2021-ci ilin dekabr ayında ona borcu olduğu barədə məlumat verilmişdir və bəlli olmuşdur ki, akt əsasında ona 432.00 manat borc hesablanmışdır. Sənədləri araşdırdığları zaman məlum olmuşdur ki, bu borc onlar üçün 19 noyabr 2021 -ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib olunmuş AKT üzrə yazılmışdır. Aktda "Sayğacın çıxış plasmas borusu deşilib. Dəymiş ziyan hesablansın. ödənilsin” qeydi aparılmışdır. Onun, üçün 432.00 manat borc yazılıb. Həmin 19 noyabr 2021-ci il tarixli ******* saylı AKT-a o, imza etməkdən imtina etdiyi qeydi aparılmışdır. Sayğaca onlar tərəfindən müdaxilə edilməsi faktını təsdiq edən heç bir sənəd yoxdur. Göstərilən sayğac istehlakçıya məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır və birbaşa olaraq onun qorunması abonentin yox, Qaz paylayıcının səlahiyyətlərinə aiddir. Abonent sayğacın mühafizəsini həyata keçirməməlidir. Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 19 noyabr 2021-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib olunmuş AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabımdan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üzrə 432 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc iddiaçının **********00330 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00330 saylı abonent hesabına hesablanmış 432 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-221/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-221/2024
16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver