Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2247/2025 18.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ) Cavabdeh Şıxkərim oğluna qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi”tələbinə dair mülki iş üzrə (Açar sözlər: “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi”) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Şıxkərim oğlunun iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) Cavabdeh Şıxkərim oğluna qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) Cavabdeh Şıxkərim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 Xidmət Notariat Ofisi tərəfindən təsdiq edilən onunla Cavabdeh Şıxkərim oğlu arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli 4-Ə-3051 reyestr nömrəli Quba rayon Ağbil kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən 176 kv metr fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və qeyd edilən bağışlama müqaviləsi əsasında Cavabdeh Şıxkərim oğlunun adına verilmiş xx.xx.2024-cü il tarixli **********37 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, X13 Xidmət Notariat Ofisi tərəfindən təsdiq edilən onunla Cavabdeh Şıxkərim oğlu arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli 4-Ə-3051 reyestr nömrəli Quba rayon Ağbil kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən 176 kv metr fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin ləğv edilməsi və qeyd edilən bağışlama müqaviləsi əsasında Cavabdeh Şıxkərim oğlunun adına verilmiş xx.xx.2024-cü il tarixli **********37 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Quba rayonu Ağbil kəndi ərazisində 0,16 ha həyətyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsində yerləşən 176 kv metr ümumi yaşayış sahəsi olan evi var idi. O, özü ağır xəstə olduğu üçün və həyat yoldaşı rəhmətə gedəndən sonra oğlu hazırki iddia üzrə Cavabdeh təkidi ilə torpağı və evi ona bağışlamaq qərarına gəlmiş və 01 oktyabr 2024-cü il tarixdə X13 Xidmət Notariat Ofisində qeyd edilən torpaq və evi oğlu - Cavabdeh bağışlamış və şərtləşmişdir ki, o, ölümə kimi həmin evdə yaşayacaq və bütün dəfn xərclərini o çəkəcək, bu şərtlə o, bağışlama müqaviləsinə imza etmişdir. Bağışlama müqaviləsi imzaladıqdan və Cavabdeh öz adına mülkiyyətini təsdiq edən çıxarış aldıqdan sonra ona qarşı kobudluq, təhqir etməyə, sərxoşluq edib döyərək evdən qovmaqla hədələməyə başlamışdır. 03 mart 2025-ci il tarixdə onu döyərək evdən qovdu və o, polis şöbəsinə şikayət etmiş və beləliklə onun şikayəti üzrə araşdırma aparılıb 10 aprel 2025-ci il tarixdə Cavabdeh AR İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 15 gün inzibati həbs cəzası ilə cəzalandırıldı. Belə bir vəziyyətdə o, onunla bağladığı bağışlanma müqaviləsini ləğv etmək qərarına gəlmiş və ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Quba rayonu Notariat Ofisində təsdiq edilən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən aşkar olur ki, o, Quba rayon Ağbil kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə və qeyd edilən torpaqda yerləşən 176 kv yaşayış sahəsi olan evini Cavabdeh bağışlamışdır. xx.xx.2024-cü il tarixli çıxarışdan aşkar olur ki, Cavabdeh onun ona bağışladığı evə çıxarış almışdır. Quba rayon Məhkəməsinin xx.xx.2028ci il tarixli qərarından aşkar olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə onu döyüb bədəninə xəsarət yetirdiyi üçün AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 15 gün həbs cəzası edilmişdir.
İş materialları :
4. 01 oktyabr 2024-cü il tarixli 4Ə-2051 nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsində yerləşən 176 kv metr ümumi yaşayış sahəsi olan fərdi yaşayış evini Cavabdeh Şıxkərim oğluna bağışlamışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********37- 10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsində yerləşən 176 kv metr ümumi yaşayış sahəsi olan fərdi yaşayış evi Cavabdeh Şıxkərim oğlunun adına qeydiyyata alınmışdır.
6. Quba rayon Məhkəməsinin 3(027)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmişdir.
7. AZ-İİ seriyalı 269019 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh Şıxkərim oğlu xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X1, anası İddiaçıdır.
8. 08 may 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh ünvan 1ində yerləşən 0.16 ha torpaq sahəsini anası İddiaçı Cigəli qızına bağışlamışdır.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında Cavabdeh Şıxkərim oğlu iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 11.Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, cavabdeh olaraq, İddiaçı iddia ərizəsində göstərdiyi tələblərlə qətiyyən razı deyil və həmin iddianın əsassız olduğunu bildirir. Belə ki, İddiaçı onun anasıdır. Atasının vəfatından sonra anası İddiaçı, atasından qalan mirası - ünvan 1ində yerləşən ümumi sahəsi 0.26 ha torpaq sahəsini və üzərindəki 267.2 kv.m olan fərdi yaşayış evini xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, X3 70.000 (yetmiş min) manat müqabilində satmışdır. Bu əmlak üzrə o, və qızı Əmiyeva Nuray qanuni vərəsə olmuşlar. Anası ona bildirdi ki, o və qızı həmin miras payından imtina etsinlər, qarşılığında isə islahat dövründə onun adına verilmiş, lakin sonradan onun adına keçirilmiş ünvan 1ində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsini və həmin sahədə yerləşən 176 kv.m-lik fərdi yaşayış evini ona bağışlayacaq. Anasının sözünə və verdiyi vədə inandığı üçün miras payından könüllü imtina etmişdir. Daha sonra İddiaçı 01 oktyabr 2024-cü il tarixdə X13 Xidmət Notariat Ofisində ünvan 1i ərazisində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 176 kv metr ümumi yaşayış sahəsi olan fərdi yaşayış evini, 01 oktyabr 2024-cü il tarixli bağışlanma müqaviləsi ilə ona bağışlamışdır. Müqavilə bağlanarkən İddiaçı tam ayıq və huşu yerində olmuş, müqavilənin şərtləri ona notarius tərəfindən izah edilmiş, o da heç bir təzyiq, aldatma və ya zor tətbiq edilmədən könüllü şəkildə imzasını atmışdır. Müqavilə əsasında xx.xx.2024-cü il tarixdə **********37 reyestr nömrəli çıxarış mənim adı ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Bu da göstərir ki, sözügedən hüquqi əməliyyat tam qanuni qaydada həyata keçirilmiş və dövlət tərəfindən təsdiqlənmişdir. Həmin vaxt anasının iradəsi tam yerində olub və bağışlanma müqaviləsini məhz bu razılaşmaya əsasən imzalayıb. İndi isə, səbəbsiz olaraq, həmin bağışlamanı ləğv etdirmək istəyir. Bu, ədalətsiz və vicdana sığmayan bir addımdır. Müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilən ciddi əsaslar — zor tətbiqi, aldatma, təhdid və ya bağışlayanın fəaliyyət qabiliyyətsizliyi kimi hallar sübuta yetirilməlidir. İddiaçı tərəfindən bu iddianı əsaslandıran heç bir sənəd, şahid ifadəsi və ya tibbi arayış təqdim edilməmişdir. Sadəcə şəxsi narazılıq və ya sonradan fikrini dəyişmək hüquqi əsas sayılmır və bağışlanma müqaviləsinin etibarsızlığı üçün səbəb ola bilməz. Həmçinin bildirir ki, ünvan 1 inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi - X6, Ağbil kənd bələdiyyəsinin keçmiş sədri - X5, miras əmlakın alıcısı X4 da yuxarıda göstərilən halları təsdiqləyə bilərlər. Bu şəxslər təsdiq edə bilərlər ki, həmin torpaq sahəsi və ev islahat dövründə ilkin olaraq onun adına verilmiş, sonradan ailə razılığı əsasında anasının adına keçirilmiş, bağışlama müqaviləsi isə məhz bu razılaşma və qarşılıqlı etimad nəticəsində bağlanmışdır. Həmçinin anasının iddia ərizəsində qeyd etdiyi onu döyərək evdən qovmağı faktı da əsassızdır. O, həmin zaman məhkəmə prosesi zamanı da iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçı təzyiqi qalxaraq yıxılmış və ona böhtan atmışdır. Məhkəmə əsassız olaraq ona 15 sutka həbs vermişdir. Ona görə də iddia əsassızdır və rədd edilməlidir.
12. Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. 13.Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
Şahid ifadələri
14.Məhkəmə iclasında şahid qismində dindirilən X4 verdiyi ifadəsində qeyd etmişdir ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 0.26 ha torpaq sahəsi və sahəsi 267.2 kv.m olan fərdi yaşayış evini 14 sentyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ona satmışdır. O alqı-satqı müqavilənin qarşılığında ödənişi lazımı qaydada hissə-hissə icra etmişdir. Nənəsinin məqsədi nədən ibarətdir bilmir. Nənəsi istəyir ki, bağışlama müqaviləsini ləğv etdirdikdən sonra alqı-satqını da ləğv etdirsin. Həqiqətən də alqı-satqı müqaviləsinin bağlanılması üçün əmisi Cavabdeh razılıq ərizəsi vermişdir.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Konstitusiyasının:
12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
82. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
16. Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
20. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
21. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. 22.Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 01 oktyabr 2024-cü il tarixli , 4-Ə-3051 nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı tərəfindən oğlu Cavabdeh Şıxkərim oğluna bağışlanmışdır. 23.Hazırda İddiaçı 01 oktyabr 2024-cü il tarixli bağışlama müqaviləsini mübahisələndirməklə, bağışlamadan imtina edərək müqavilənin ləğvi tələbini irəli sürür. Əsas olaraq isə AR Mülki Məcəlləsinin 673.1 və 673.1.2-ci maddələrinə istinad etmişdir.
24. İlkin olaraq məhkəmə bağışlama müqaviləsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. 25.Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. 26.Bağışlamadan imtinaya münasibətdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, AR MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MM-də, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. 27.MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. 28.MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 29.Hazırda iddiaçının bağışlamaqdan imtina etməsinə əsas məhz hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması olmuşdur.
30. Belə ki, Quba rayon Məhkəməsinin 3(027)-316/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Qeyd olunan inzibati xəta haqqında iş üzrə iddiaçı zərərçəkmiş şəxs olmuşdur. 31.Sözügedən qərarda göstərilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, ünvan 1ində yerləşən fərdi yaşayış evində anası İddiaçı döydüyü müəyyən edilmişdir. Həmin hal MTE və PAB Quba rayon şöbəsinin 133 nömrəli, 10 mart 2025-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1955-ci il təvəllüdlü İddiaçı məhkəmə- tibbi ekspertizası əsasında belə nəticəyə gəlir ki, onun bədəni üzərində aşkar olunan xəsarət belində sağda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmaya aid olmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. 32.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin qərar Cavabdeh tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəyə minmişdir. 33.Məhkəmə qeyd edir ki, AR Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 34.Hazırki halda isə müəyyən olunur ki, iddiaçının oğlu Cavabdeh Şıxkərim oğlu anası İddiaçı tərəfindən ona daşınmaz əmlak 01 oktyabr 2024-cü il tarixdə bağışlandıldıqdan qısa müddət sonra ona xəsarət yetirməklə, ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozmuşdur. Qeyd edilən hal isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. 35.Əlavə olaraq məhkəmə bildirir ki, MM-in 673.3-cü maddəsinin tələblərinə müvafiq olaraq imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. İşin hallarından müəyyən olunur ki, iddiaçı əmlakı 01 oktyabr 2024-cü il tarixdə oğluna bağışlamış, ona xəsarət yetirilməsi faktı xx.xx.2025-ci il tarixdə müəyyən olunmaqla, cavabdeh barəsində inzibati tənbehin tətbiq edilməsi barədə qərar 10 aprel 2025-ci il tarixdə qəbul edilmişdir. İddiaçı isə məhkəməyə 11 iyul 2025-ci il tarixdə müraciət etmişdir. İmtina haqqında bildirişin həddiyə alana çatmasına münasibətdə isə məhkəmə bildirir ki, xx.xx.2025-ci il tarixində iddiaçının bağışlamaqdan imtina (ləğv edilməsi) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi imtina barədə bildirişin hədiyyə alana təqdim olunması kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. 36.Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. 37.Cavabdeh həm məhkəmə iclasında verdiyi izahatda, həm də təqdim etdiyi yazılı etirazda, anasının həqiqətləri söyləmədiyini, atasından miras qalmış evin Ümid Müzəffərova satılması üçün cavabdehin razılığının alınması müqabilində, evi və torpağı ona bağışladığını qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Ü.Müzəffərov arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə 14 sentyabr 2024-cü ildə, bağışlama müqaviləsi isə ondan qısa bir zaman sonra yəni 01 oktyabr 2024-cü il tarixdə bağlanmışdır. 38.Qeyd edilməlidir ki, yuxarıda sadalanan qanunvericlik normalarının təhlilindən məlum olduğu kimi bağışlama müqaviləsi əvəzsiz müqavilə olmaqla, hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və bağışlamadan imtina üçün müvafiq əsaslar mövcud olduğu təqdirdə müəyyən müddətlə məhdudlaşdırılmaqla bağışlamadan imtina edilməsini istisna etmir. Hazırki iş üzrə məhkəmə tərəfindən həqiqətən də bağışlamadan imtina üçün əsasların olması müəyyən edilmişdir. 39.Cavabdeh bağışlama müqaviləsinin predmetini təşkil edən torpaq sahəsinin əvvəllər ona məxsus olması və tərəfindən 08 may 2013-cü il tarixdə anasına, yəni iddiaçıya bağışlanmasına münasibətdə isə məhkəmə bildirir ki, bağışlama müqaviləsinə əsasən hədiyyə verən öz əmlakını hədiyyə edənə bağışlayır. Yəni bağışlama müqaviləsinin bağlanılması zamanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur.
Məhkəmə xərcləri :
40. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 01 oktyabr 2024-cü il tarixli 4Ə-2051 nömrəli qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi və Cavabdeh adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********37-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməli, iddiaçının mülkiyyət hüququ bərpa edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Quba Regional «Asan Xidmət» mərkəzinin notarat ofisi tərəfindən təsdiq edilmiş 01 oktyabr 2024-cü il tarixli 4Ə-2051 nömrəli qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi ləğv edilsin. 01 oktyabr 2024-cü il tarixli 4Ə-2051 nömrəli qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********37-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli