Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-225/2023 31.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Quba Regional X4 nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Quba Regional X4 Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quba Regional X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalının 6-cı bölməsinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 2,50 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X9nə təhvil verilməsi və X11 dəymiş 1000,00 (bir min manat 00 qəpik) məbləğində ziyanın X3 Agentliyindəki Benifisiarın adı : Quba Regional X9, Benifisiarın hesabı : AZ95CTRE********************, VÖEN : **********, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu : 1 hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quba Regional X9 iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Regional X4 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Vəl-Vələ meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Quba rayon Küçeyi kənd sakini Cavabdeh Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalının 6cı bölməsinin ərazisində 2,50 ha torpaq sahəsini qeyri-qanuni zəbt etməklə şumlayaraq taxıl əkmişdir. X10 Fonduna 1000,00 manat məbləğində ziyan vurmuşdur. Həmin fakt əsasında Quba RMTM-nin meşə mühafizə mühəndisi Pərviz Əmirəliyev, Vəl-Vələ meşəbəyliyinin meşəbəyisi Hüseyn Abdulhüseynov, Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi Elxan Yasinovun iştirakları ilə xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və həcm qiymət hesablama cədvəli akta əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçı Quba Regional X4 nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi tullantılardan ibarət olmuşdur. Həmin ərazinin meşə fondunun balansında olduğunu bilməmişdir. Meşə gözətçisi Elxan həmin ərazinin meşə fondunun balansında olmadığını demişdir. Torpaq sahəsini təmizlədikdən sonra orada əkin işləri görmüşdür. Həmin ərazinin meşə fondunun balansında olduğunu bilsəydi oradan istifadə etməzdi. İddianın həmin hissədə təmin edilməsinə etiraz etmir. Lakin, iddianın dəymiş ziyanla bağlı hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba RMTM-nin Vəl-vələ meşəbəyliyinin 9 saylı dolayının 17 saylı kvartalının 6 -ci bölməsində zəbt olunan 2.50 ha ərazinin planşetdən çıxarışı və GPS koordinatlarından görünür ki, Cavabdeh tərəfindən istifadə olunan 2.50 ha torpaq sahəsi Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalının 6cı bölməsinin ərazisində yerləşir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X4 28 mart 2022-ci il tarixli, 002159 nömrəli aktından görünür ki, Vəl-vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalı ərazisində yerləşən meşə fonduna aid 2.50 ha torpaq sahəsinin Quba rayonu, X8 Bayram Nurəmməd oğlu tərəfindən zəbt edilərək, şumlandığı və taxıl əkildiyi aşkar edilmişdir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalının 6-cı bölməsinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 2,50 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X9nə təhvil verilməsini və X11 dəymiş 1000,00 ziyanın alınıb ona verilməsini tələb edir. Mübahisə predmetini təşkildən edən və Cavabdeh tərəfindən istifadə olunan 2.50 ha torpaq sahəsinin Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalının 6-cı bölməsinin ərazisində yerləşdiyi iş materialları ilə öz təsdiqini tapmışdır. İşin mübahisəsiz halı onda ibarətdir ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh Nurəmməd oğlunun iddia tələbini etiraf etməsi ilə iddia tələbinin əsaslı olması sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı qismən etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (maddə 5.1). Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (maddə 5.2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.(maddə 5.3). Həmin Məcəllənin 46.1-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 111.2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.3).. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Bundan başqa, iddiaçı Cavabdeh X11 dəymiş 1000 manat məbləğində ziyanın alınıb ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması barədə əsaslı sübut mövcud olmamış və cavabdehin qanunsuz hərkəti nəticəsində hər hansı bir zərərin vurulması öz təsdiqni tapmamışdır. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia qismən təmin edilməli, Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalının 6-cı bölməsinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 2,50 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulmalı, ərazi boşaldılmalı, əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X9nə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4 və 9.1.14-cü maddlərinə əsasən Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 17-ci kvartalının 6-cı bölməsinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 2,50 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun, ərazi boşaldılsın və əvvəlki vəziyyətinə qaytarılaraq Quba Regional X9nə təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-225/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-225/2023
31.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver