Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2386/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı (maraqlı şəxs qismində Binə bələdiyyəsi cəlb olunmaqla) “Maneənin aradan qaldırılması və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şumayev Ceyhun Vaqif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə iddianın qiyməti 1000 manatadək olduqda əsası ilə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməmiş, cəmi 10 manat məbləğində pul vəsaiti ödənilmişdir. Diqqətə çatdırılmalıdır ki, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı (maraqlı şəxs qismində Binə bələdiyyəsi cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, yaşayış evinə gedən yolda maneənin aradan qaldırılması və cavabdeh Cavabdeh hasarını özbaşına sökdüyü üçün 1500 manat pulun tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddia ərizəsinin verilməsinə görə 65 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7, 361.3-cü və “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməli, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-8.1.6, 8.2-ci maddələrinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla), Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə, habelə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində müəyyən edilmiş, Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəlləsinin Əlavə 2-də göstərilmiş Formasına (məzmunun tamlığına, məğzinə və ardıcıllığına) riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətində “işin halları” qrafasının tamlığı müəyyən edilsə də , “maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” qrafalarında yalnız normaların mətninin qeyd edilməsi ilə kifayətlənmiş, onların pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, habelə digər qrafalar əks edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş apellyasiya şikayətinin forması adlanan “Əlavə 2”-də göstərilən tələblərə əsasən: apellyasiya şikayəti verən şəxs, apellyasiya şikayəti verən şəxsin vəkili, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına,birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayətinə əlavə edilmiş sənədlər, imza və tarix başlıqlı qrafalardan ibarət apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə: Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə: 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və bu məhkəmə müdafiəsi hüququ, hüquqdan sui-istifadəyə məruz qalaraq, digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360- 366, 402 və “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2386/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2386/2026
05.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver