Məhkəmə qərarları › İş №2(104)-199/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-199/2025

08.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-199/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh Oqtay oğlunun və X1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Oqtay oğluna və X2 qarşı “su novdanının sökülməsi və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilk və iddiaçı X1 İddiaçı qarşı “pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 31/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X4 və Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-31/2024 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) ilk iddianın qismən təmin edilməsi, ilk İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən tikilinin üzərində cavabdehlər Cavabdeh Oqtay oğlu və X4 tərəfindən quraşdırılmış su novdanının cavabdehlərin öz vəsaiti hesabına sökülmnəsi, ilkin iddianın qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddisının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X4 və Cavabdeh Oqtay oğlu apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli 2(125)-31/2024 saylı qətnaməsinin ilk iddianın təmin olunan hissəsində ləğv edilməsi barədə apellyasiya şikayətinin təmin edilməsini və ilk iddia tələbinin tam olaraq rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam olaraq təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Oqtay oğluna qarşı “su novdanının sökülməsi və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən ona məxsus mülkdə cavabdehin su novdanından onun evinin mətbəxinə axan suyun qarşısını almaq üçün su novdanının cavabdeh tərəfindən sökülüb düzəldilməsi və su novdanından yağış sularının onun evinin mətbəxinə tökülməsi nəticəsində 1000 manat dəyərində avtomat paltaryuyan maşınının, 600 manat dəyərində 1 ədəd qaz peçinin, 800 manat dəyərində soyuducunun, 300 manat dəyərində xalçanı tamamilə xarab etdiyi üçün dəymiş 2700 manat dəyərində ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin birinci instansiya məhkəməsinin icraatına qəbul edilməsindən sonra X4 başqa cavabdeh kimi işdə iştiraka cəlb edilmişdir. X4 cavabdeh İddiaçı qarşı “pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən ona məxsus hasarın üzərində quraşdırılmış pəncərələrin götürülməsi, həmçinin cavabdeh tərəfindən onların həyətinə bitişik quraşdırılmış su çəninin yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, ünvan 3-da yerləşən mülk onun mülkiyyətindədir. Onun adına DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsində xx.xx.2012-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Onunla qonşuluqda yaşayan Cavabdeh onun barı qonşusudur. Cavabdehin su novdanı onun evinin mətbəxinin üstündən keçir. Su novdanından axan yağış suları mətbəx əşyalarını sıradan çıxarmışdır. Dəfələrlə bu barədə cavabdehə müraciət etsə də, cavabdeh onun sözlərinə məhəl qoymur, əksinə, onu təhqir edir, nalayiq söyüşlər söyür. xx.xx.2021-ci il tarixdə güclü yağışdan sonra cavabdehin su novdanından axan su 1000 manat dəyərində 1 ədəd paltaryuyan maşınını, 600 manat dəyərində 1 ədəd qaz peçini, 800 manat dəyərində soyuducunu, 300 manat dəyərində xalçanı tamamilə yararsız hala salmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müracət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı onun qonşusudur. Onların mülkləri əvvəllər bir mülk olsa da, sonradan məhkəmə qətnaməsi əsasında bölünmüşdür. Həmin məhkəmə qətnaməsində onların ara barılarının onun mülkünə aid olduğu açıq-aydın görünür. Buna baxmayaraq, İddiaçı ona məxsus hasarın üzərinə pəncərələr qoymuşdur. Hazırda isə həmin pəncərələrə görə onun novdanının yerinin dəyişdirilməsini tələb edir. O, dəfələrlə İddiaçı müraciət etmişdir ki, sözügedən pəncərələri onun hasarının üstündən götürsün. Lakin o, bunu etmək əvəzinə onu təhqir edir. Həmçinin, İddiaçı onların həyətə bitişik su çəni quraşdırmışdır ki, bu çəndən də evinin mətbəxinə və dəhlizinə su axır. Sözügedən çənin yerinin dəyişdirilməsi üçün dəfələrlə İddiaçı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. Cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı isə qonşu evdə yaşayır. Hər iki mülk əvəllər bir mülk olsa da, sonradan məhkəmə qətnaməsi əsasında bölünmüşdür. Həmin məhkəmə qətnaməsində ara barısının onların mülkünə aid olduğu açıq-aydın qeyd edilmişdir. Buna baxmayaraq, İddiaçı onlara məxsus hasarın üzərinə pəncərələr qoymuşdur. Hazırda isə həmin pəncərələrə görə onların novdanının sökülməsini tələb edir. Həmçinin, İddiaçı onların həyətə bitişik su çəni quraşdırmışdır ki, bu çəndən də evlərinin mətbəxinə və dəhlizinə su axır. Bütün bunlar azmış kimi isə İddiaçı hazırda onları məhkəməyə verərək onlara məxsus hasarın üstündə quraşdırılmış su novdanının sökülməsini xahiş etmiş və məhkəmə də heç bir araşdırma aparmadan sözügedən evin su novdanının sökülməsi barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi sözügedən qətnaməni çıxaran zaman belə bir qənaətə gəlmişdir ki, guya onlar tərəfindən İddiaçı mülkiyyətində olan tikilinin üzərində su novdanının quraşdırılması iddiaçının mülkiyyətinə müdaxilədir və bu səbəbdədn də sökülməlidir. Halbuki, yuxarıda qeyd edilən kimi, hər iki mülk əvəllər bir mülk olsa da, sonradan məhkəmə qətnaməsi əsasında bölünmüşdür. Həmin məhkəmə qətnaməsində isə ara barısının məhz onların mülkünə aid olduğu açıq-aydın qeyd edilmişdir. Ona görə də hesab edirlər ki, burada hər hansı bir mülkiyyətə müdaxilədən söhbət gedə bilməz. Bundan başqa, məhkəmə prosesinin gedişatı zamanı iş üzrə 2 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və hər 2 ekspert rəyində onlara məxsus su növdanının iddiaçıya hər hansı bir maneçiliyi olmadığı qeyd edilmişdir. Eyni zamanda, birinci dəfə ekspertiza təyin olunan zaman ekspert qarşısında həm ilkin, həm də qarşılıqlı iddia ilə bağlı suallar qoyulsa da, ikinci dəfə ekspertiza təyin olunan zaman birtərəfli qaydada ekspert qarşısında yalnız ilkin iddia ilə bağlı suallar qoyulmuşdur ki, bu da onların hüquqlarının kobud surətdə pozulması, eyni zamanda işin birtərəfli qaydada araşdırılması deməkdir. Bundan başqa, iddiaçı iddia ərizəsində mətbəxə axan suyun qarşısını almaq üçün qeyd edilən su növdanının sökülüb düzəldilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxararaq həmin su növdanının tamamilə sökülməsi barədə qətnamə çıxarmışdır ki, bu da çox ciddi prosessual pozuntudur. Ümumiyyətlə məhkəmə tərəfindən qətnamə çıxarılan zaman yalnız iddiaçı tərəfin mənafeyi nəzərə alınmış, həmin hasarın onlara məxsus olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğuna isə ümimiyyətlə hər hansı bir əhəmiyyət verməmişdir. Göründüyü kimi, məhkəminin sözügedən qətnaməsi kifayət qədər qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə çıxarılmışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) nümayəndə vasitəsilə təmsil olunsalar da özləri məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh Oqtay oğlunun və X1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisəli ünvana yerli baxış keçirib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, ilk iddia üzrə iddiaçının iddia tələbi qismən təmin edilmiş olsa da, o, həmin qətnaməni mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qarşılıqlı iddia üzrə iddiaçıların şikayətinə münasibətdə yoxlayır. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Əkbər Babayev küçəsi, 1-ci döngə, 6 ünvanlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019cu il tarixdə X1 adına qeyd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cü il tarixli 10/6531 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1, 6 saylı evdə quraşdırılmış su novdanından İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən evin mətbəxinə faktiki olaraq suyun axıdılmadığı və mətbəx tikilisi təmirli vəziyyətdə olduğundan görülməli təmir bərpa işlərinin dəyərini müəyyən edilməsinə dair tədqiqat aparılmamış, ünvan 5 ünvan ilə ünvan 6sarın üzərində İddiaçı tərəfindən quraşdırılmış pəncərələr 2,70 sm hündürlükdə yerləşdiyindən X3 hər hansı maneə yaradılmadığı və İddiaçı tərəfindən quraşdırılmış su çəni özünə məxsus tikilinin üzərində (özünə məxsus ərazidə iddiaçının mənzilindən kənar) quraşdırıldığından su çəninin X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1,6 saylı evdən istifadəsinə hər hansı maneə yaradılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin digər-xx.xx.2024-cü il tarixli 10/9847 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, mübahisəli ərazidən keçən su novdanı Texniki Pasportun məlumatlarına əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1-də yerləşən 6 saylı fərdi yaşayış evinin giriş hissəsindən keçdiyi müəyyən edilmişdir. X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı evin yağış suyu novdanının faktiki vəziyyətdə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1-də yerləşən 6 saylı fərdi yaşayış evindən çıxarılması mümkün deyil, lakin həmin su novdanı X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı evin talvar tikilisi sökülüb yenidən qurulması zamanı çıxarıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3-da yerləşən mülk ilk iddia üzrə iddiaçının, Gəncə şəhəri, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı mənzil X1 mülkiyyətindədir. Onun adına DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Onunla qonşuluqda yaşayan Cavabdeh onun barı qonşusudur. Cavabdehin su novdanı 6 saylı fərdi yaşayış evinin giriş hissəsindən keçir və bu ilk iddia üzrə iddiaçıya müəyyən narahatlıqlar yaradır. Belə ki, ilk iddia üzrə iddiaçının bildirdiyinə görə həmin bəzən həmin novdanın içərisi ilə sahibsiz pişiklər və ya da siçan. Siçovul hərəkət edir. Hətta bir dəfə pişiyin həmin novdanın içərisi ilə hərəkət edən vaxtı onun mətbəx kimi istifadə etdiyi sahəyə düşmə halı olmuşdur. Mübahisənin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün tərəflər arasında razılıq əldə olunmamışdır. Kollegiya tərəfindən mübahisəli ünvana yerli baxış keçirilərkən həqiqətən də ilk iddia üzrə cavabdehlərə məxsus su novdanının ilk iddia üzrə iddiaçının mətbəx kimi istifadə etdiyi sahənin üst tərəfindən keçdiyi, ilk iddia üzrə iddiaçıya məxsus su çəninin elə iddiaçının özünə məxsus tikilinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Gəncə şəhəri, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı mənzil X2, Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1, 6 saylı mənzil İddiaçı məxsusdur. İlk iddiaçının sökülməsini tələb etdiyi su novdanı Texniki Pasportun məlumatlarına əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Ə.Babayev küçəsi, döngə 1-də yerləşən 6 saylı fərdi yaşayış evinin giriş hissəsindən keçir və həmin su novdanı X2 məxsus Gəncə şəhəri, Ə.Babayev küçəsi, döngə 1, 6B saylı evin talvar tikilisi sökülüb yenidən qurulması zamanı çıxarıla bilər. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətdədir ki, ilk iddia üzrə cavabdehlər tərəfindən ilk iddiaçının mülkiyyətində olan tikilinin üzərində su novdanının quraşdırılması ilk iddiaçının mülkiyyətinə müdaxilədir və yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, ilk iddia cavabdehlər tərəfindən ilk iddiaçının mülkiyyətində olan tikilinin üzərində quraşdırılmış su novdanının sökülməsi tələbi hissədə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, iddiaçı cavabdeh tərəfinin quraşdırdığı su novdanından onun mətbəxinə su axması nəticəsində ona 2700 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ilk iddia tələbi 2700 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi tələbi hissəsində təmin edilməməlidir. Artıq yuxarıda qeyd edildiyi kimi, qarşılıqlı iddiaçı X4 isə ilkin iddiaçı tərəfindən onun (qarşılıqlı iddiaçının) mülkiyyətində olan hasarın üzərində quraşdırılmış pəncərələrin götürülməsi və su çəninin yerinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı Sərfinaz Bağırova qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona məxsus hasarın üzərində quraşdırılmış pəncərələrin götürülməsini, həmçinin İddiaçı tərəfindən onların həyətinə bitişik quraşdırılmış su çəninin yerinin dəyişdirilməsini xahiş etsə də, hasar üzərində İddiaçı tərəfindən quraşdırılmış pəncərələr 2,70 sm hündürlükdə yerləşdiyindən X3 hər hansı maneə yaradılmadığı, həmçinin İddiaçı tərəfindən quraşdırılmış su çəninin özünə məxsus tikilinin üzərində (özünə məxsus ərazidə iddiaçının mənzilindən kənar) quraşdırıldığından su çəninin X3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi döngə 1,6 saylı evdən istifadəsinə hər hansı maneə yaradılmadığı müəyyən edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə belə qərara gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Qarşılıqlı iddia üzrə ddiaçıların apellyasiya şikayətinin dəlillərindən görünür ki, onlar həmin şikayəti qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, lakin bununla belə məhkəməyə qarşılıqlı iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut təqdim etməmiş, ilk iddia ilə bağlı isə iddiaçının iddia ərizəsində mətbəxə axan suyun qarşısını almaq üçün qeyd edilən su növdanının sökülüb düzəldilməsini xahiş etdiyi halda, məhkəmənin iddia tələbindən kənara çıxararaq həmin su novdanının tamamilə sökülməsi barədə qətnamə çıxardığını göstərmişlər. Kollegiya ilk növbədə apellyasiya şikayətinin qarşılıqlı iddianın əsassız olaraq təmin edilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsi hər iki iddia ilə bağlı məhkəmə ekspertizası təyin etmiş, aparılmış araşdırma zamanı qarşılıqlı iddianın dəlilləri təsdiqini tapmamışdır. Məhkəməı kollegiyası tərəfində mübahisəli ünüvana keçirilmiş baxış zamanı da qarşılıqlı iddia üzrə iddiaçıların göstərdiyi hallar təsdiqini tapmamışdır. Qaldı ki, apellyasiya şikayətinin məhkəmənin ilk iddiaya münasibətdə tələbdən kənara çıxması dəlilinə münasibətdə kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Çünki novdan söküldükdən sonra onu düzəltmək və ya da düzəltməmək qarşılıqlı iddia üzrə iddiaçıların hüququdur. Həmin su novdanının söküldükdən sonra düzəldilməsi və ya da düzəldilməməsi ilk iddia üzrə iddiaçıya aid olmayan məsələdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X4 və Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-31/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar