Məhkəmə qərarları › İş №2(027)-2333/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2333/2022

16.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2333/2022 16.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların etibarnamə əsasında səlahiyyətli nümayəndəsi, həmçinin İddiaçı1 vəkili Vəkil, Cavabdeh2 və onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi və vəkili X17 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı etibarnamənin, yüklülük haqqında arayışın, bağışlanmanın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş 16 fevral 2021-ci il tarixli etibarnamə üzrə verilmiş səlahiyyətlər çərçivəsində aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə əsasən iddia tələbini dəqiqləşdirərək, Cavabdeh2 verilmiş 16 fevral 2021-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, həmçinin həmin etibarnamə üzrə verilmiş səlahiyyətlərdən istifadə edərək Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmiş DTXK tərəfindən X4 adına işlənmiş Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə verilmiş JN-821F KOD 30319018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 01/200 saylı məhdudiyyət (yüklülük) haqqında arayışın, X4 və X6 adına işlənmiş Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 0.66 ha torpaq sahəsinə verilmiş JN-986 KOD 30320018 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktına Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışın və həmin torpaq sahəsinə verilmiş Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-2877 reyestr nömrəli bağışlanma müqaviləsinin, həmin müqaviləyə əsasən X8 adına özgəninkiləşdirilmiş, X12 məxsus xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və İddiaçı1 2008-ci ildə Şahid2 aldığı 1.73 ha torpaq sahəsinin Cavabdeh2 adına olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddiasını onunla əsaslandırmışlar ki, Quba rayonu 2-ci Nügədi kənd sakini Cavabdeh2 qanunsuz əməllərindən əziyyət çəkirlər. Belə ki, qardaşı Cavabdeh2 ondan 16 fevral 2021-ci il tarixində onu yalan vədlərlə aldadaraq baş etibarnamə almışdır. O, etibarnamədən sui-istifadə edərək mülkiyyət hüquqlarına qəsd etmişdir. Belə ki, anaları X7 vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ondan miras qalmış 2-ci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Lakin Cavabdeh2 sənədləşmə işlərində ona köməklik edəcəyini bəhanə edərək, ondan aldığı etibarnamədən sui-istifadə edərək qeyd olunan torpaq sahəsini 22 noyabr 2022-ci il tarixində oğlu Vüqar Şahqubatova bağışlamışdır. Bu barədə Vüqar Şahqubatova ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi tərindən xx.xx.2021-ci il tarixli A№ 684901 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan əlavə ona məxsus 1.73 ha torpaq sahəsini və 0.12 ha həyətyanı torpaq sahəsini də öz adına rəsmiləşdirmişdir. Qardaşının qanunsuz əməllərindən xəbər tutan kimi xx.xx.2022-ci il tarixində etibarnaməni ləğv etdirmişdir. Bundan başqa İddiaçı1 2-ci Nügədi kəndi ərazisində Şahid2 təxminən 2008-ci ildə 1.73 ha torpaq sahəsinin dəyərini ödəyərək satın almışdır. Cavabdeh2 bu məsələdə də sənədləşmə işlərinə köməklik adı altında hərəkət edərək torpaq sahəsini öz adına keçirmişdir. Qeyd olunan torpaq sahəsi İddiaçı1 istifadəsində olmuş və hazırda da oradan istifadə edir. Həmçinin 2-ci Nügədi kəndi ərazisində analarından miras qalmış 0.12 ha torpaq sahəsinin üzərində yerləşən yaşayış evində hazırda faktiki olaraq X5 ailəsi ilə birlikdə yaşayır. Tabarikə Şahqubatovanın rəsmi vərəsəsi İddiaçı2 olmasına baxmayaraq Cavabdeh2 həmin əmlaka da qanunsuz müdaxilələr edərək Məmmədzakir Şahqubatovun orada yaşamasına mane olur. Sadalananları nəzərə alaraq hesab edir ki, Cavabdeh2 verilmiş 16 fevral 2021-ci il tarixli etibarnamə üzrə verilmiş səlahiyyətlər çərçivəsində aparılan bütün əməliyyatlar etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi, Vəkil iddia ərizəsində və məhkəmə baxışında göstərdiklərini təsdiq edərək tələbin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X21 iddianı qəbul etməyərək, baş etibarnamə veriləndə notarius hüquqlarını izah etdiyini, etibarnamənin ləğvi üçün sübutlar olmadığını və iddianın əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə məktub göndərərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRx publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilmsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 Həmdulla oğlu göstərdi ki, tərəfləri tanıyır, qohumluğu yoxdur, 2009-cu ildə İddiaçı1 4 hektar torpaq satıb. 4 hektardan 52 sot üçün alqı-satqı olub, o, təmsilçi olmuş, torpağı Oktay Məmmədovla birgə almışlar, birgə istifadə edirlər. Məhkəmədə şahid kimi dindirilən Şahid2 izahatında göstərdi ki, tərəflər onun dayısı oğlu və dayısı qızıdır. O və qardaşı ərizə verib Rayılın təklifi ilə 54 sot yeri İmrana vermişlər. Məhkəmə, tərəflərin və nümayəndələrinin izahatlarını eləcə də, məhkəmədə dindirilən şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 821F Kod 30319018 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə X4 mülkiyyətinə 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********57 saylı məktubundan görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına işlənmiş Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0.12 ha torpaq sahəsinə verilmiş JN-821F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə dövlət reyetrindən xx.xx.2022-ci il tarixli 01/300 saylı məhdudiyyət (yüklülük) haqqında arayış alınmış, lakin həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə ərazi idarəsində heç bir məlumat aşkar edilməmişdir. Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 və X9 adına işlənmiş Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsinə verilmiş JN-986 KOD 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı "Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-826 və 2V-827 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən dövlət reyestrindən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh2 torpaq sahəsini ”Quba regional “ASAN xidmət’’ notariat ofisinin 04.11 2021-ci il tarixli, 4Ə-2877 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmiş, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X8 mülkiyyət hüququ tanınmışdır. İddiaçı1 mülkiyyətində olan 1.73 ha torpaq sahəsinə və X3 miras qalmış 0.12 ha torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə dair arxiv sənədləri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna Dair JN-987 Kod 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X29 görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə Şahid2, X10, X19, X22 və X11 mülkiyyətinə 1,74 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X9 vərəsələri X14 miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 vərəsələri İddiaçı2 miras əmlakdan tam hissədə pay alımalıdır. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 14 mart 2022-ci il tarixli, 822№li məktubundan görünür ki, İddiaçı2 xx.xx.2012-ci il tarixli, 2795 saylı ərizəsinə və Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-827 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli 01/547 №li arayışdan görünür ki, Qub rayonu, 2-ci Nügədi kənd ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-İ seriyalı, 120924№li xx.xx.2009-cu il tarixli etibarnamədən görünür ki, Şahid2 X10 və X2 Rayıl Cabar oğluna 50 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan AR-İİ seriyalı, 209570 №li xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 Cavabdeh2 5 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 2-ci Nügədi kənd sakinləri İddiaçı1, İddiaçı2 və qardaşları Cavabdeh2 ilə aralarında 0,66 ha torpaq sahəsinin İddiaçı2 mülkiyyətinə keçməsi, bununla bağlı Cavabdeh2 sənədləşmə işlərində köməklik göstərəcəyini deməklə almış olduğu etibarnamə vasitəsilə həmin torpaq sahəsini oğlunun adına keçirməsi, həmçinin 2008-ci il tarixdə Şahid2 satın alınmış 1,73 ha torpaq sahəsinin sənədləşmə işlərində köməklik göstərəcəyi və s. xüsusatlarla bağlı müraciətləri mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrini hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə qardaşı Cavabdeh2 0,66 ha torpaq sahəsinin sənədləşmə işlərində köməklik göstərməsi məqsədilə etibarnamə verilmiş, Cavabdeh2 iddiaçı Ədibə Zeynalovun razılığı olmadan ona verilmiş etibarnamədən istifadə edərək sözügedən torpaq sahəsini 22 noyabr 2022-ci il tarixində oğlu Vüqar Şahqubatova bağışlamış, bu barədə Vüqar Şahqubatova ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli A№ 684901 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra İddiaçı2 xx.xx.2022-ci il tarixində etibarnaməni ləğv etdirmişdir. İddiaçı tərəf cavabdehə etibarnamə versə də, nəticə etibarı ilə etibar edən şəxsin əleyhinə, onun iradəsindən kənar şəkildə hərəkət edilməsinə yol verilməməlidir. İddiaçının əmlakın bağışlanması ilə əlaqədar qarşı tərəfə tapşırıq və ya göstəriş verməsinə dair hər hansı bir fakt mövcud deyildir. Bağışlanma müqaviləsinin iddiaçının xəbəri və razılığı olmadan bağlanmasını o hal da təsdiq edir ki, cavabdeh tərəfindən bu müqavilənin bağlanması ilə bağlı iddiaçıya heç bir informasiya və hesabat verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. İddiaçı1 2008-ci ildə Şahid2 aldığı 1.73 ha torpaq sahəsinin Cavabdeh2 adına olan çıxarışın ləğv edilməsi barədə iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia tələbininin əsaslandırıldığı həmin halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmiş DTXK tərəfindən X4 adına işlənmiş Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə verilmiş JN-821F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 01/200 saylı məhdudiyyət (yüklülük) haqqında arayış, Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarış, Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə- 2877 reyestr nömrəli bağışlanma müqaviləsi, həmin müqaviləyə əsasən X8 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmiş DTXK tərəfindən X4 adına işlənmiş Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə verilmiş JN-821F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 01/200 saylı məhdudiyyət (yüklülük) haqqında arayış, Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarış, Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 40-2877 reyestr nömrəli bağışlanma müqaviləsi, həmin müqaviləyə əsasən X8 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elekton qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar