Məhkəmə qərarları › İş №2(027)-2335/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2335/2021

22.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2335/2021 22.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “27 sentyabr 2018-ci il tarixli, ******* saylı aktın və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 28 sentyabr 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 27 sentyabr 2018-ci il tarixli, ******* saylı Akt və həmin Akta əsasən dəymiş ziyanın bərpasına dair 28 sentyabr 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 518,40 manat məbləğində borcun mənim **********06800 saylı abonent hesabımdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə Quba şəhəri 32-33-cü məhəllədə yerləşən yaşayış evində qeydiyyatda olmaqla uzun illər həmin evdə yaşamışdır. Sonradan Quba rayonu, Alekseyevka kəndində həyətyanı torpaq sahəsi alaraq yaşayış evi tiksə də, həmin evə 2020-ci ilin noyabr ayının 20-də köçmüş, həmin vaxta kimi Quba şəhəri, 32-33- cü məhəllədə yerləşən evində yaşamışlar. Quba rayonu, Alekseyevka kəndindəki yaşayış evinin tikintisini bitirdikdən sonra müraciətinə əsasən qaz paylayıcısı olan Cavabdeh tərəfindən həmin yaşayış evim qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Lakin o və ailəsi 2020-ci ilin noyabr ayının 20-dək həmin evdə bir gün də olsa yaşamamışlar və təbbi qazdan istifadə etməmişlər. Bildirmişdir ki, Cavabdeh əməkdaşları 2017-ci ilin dekabr ayının sonunda Alekseyevka kəndindəki evində quraşdırılmış qaz sayğacını çıxarıb əvəzinə yenisini quraşdırmışlar. O, bunu bilən kimi əraziyə nəzarət edən əməkdaşlardan soruşmuşdur. Ona bildirmişlər ki, burada heç bir narahatçılıq yoxdur, həmin sayğacı yenisi ilə əvəzləşdirmişlər. Çıxarılmış sayğacın nöqsanlı olması barədə ona heçnə bildirməmiş, həmin sayğac çıxarılarkən onun iştirakı təmin olunmamışdır. Son vaxtlar ona borcunun olması bildirilmiş, həmin borcun əsassız olmasını bildirdikdə, ona həmin borcu yalnız məhkəməyə müraciət edərək sildirməsi izah edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etməklə əlaqədar sənədlərin surətlərini əldə edərkən görmüşdür ki, sayğacın əvəzləşdirilmə aktında onun iştirak etməyi yalandan göstərilərək, onun soyadının və adının qarşısında imza edilsə də, həmin imza ona məxsus deyildir və onun tərəfindən icra olunmamışdır. Bundan başqa Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 27 sentyabr 2018-ci il tarixli aktın olduğu ona məlum olmuş, həmin akt da onun iştirakı və xəbəri olmadan tərtib olunduğu, nöqsan kimi sayğacın gövdəsinin alt hissədən çıxması və bu səbəbdən də hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi göstərilmiş həmin akta əsasən 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 518,40 manat borcdan yenicə xəbəri olmuşdur. Qeyd olunan borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Bildirmişdir ki, o, qanunsuz hərəkətlərə heç vaxt yol verməz. Uzun illər polis orqanlarında işləmiş, qaz sayğacına müdaxilə etməyi qeyri-mümkündür. Onun sayğaca müdaxilə etməyə heç bir ehtiyacı olmamışdır. Həmin vaxt həmin evdə yaşamadığından heç bir qazdan istifadə etmədiyindən sayğac da qaz məsrəfi göstərməmişdir. Bu fakt abonentin soldasu cədvəli ilə ilə də təsdiq olunur. Belə olan halda onun sayğaca müdaxilə etməyi tamamilə inandırıcı deyildir. Sayğac Cavabdeh əməkdaşları tərəfindən küçədə üstü açıq şəkildə, qar və yağışın altında quraşdırılmışdır. Həmin nöqsan qar və yağış suları nəticəsində yarana bilər. Ona görə də hesab edir ki, Cavabdeh Xaçmaz X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 sentyabr 2018ci № ******* saylı Akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 manat məbləğində borc mənim **********06800 saylı abonent hesabımdan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddianı müdafiə etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın gövdəsinin alt hissədən şişdiyi və hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 2592 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2018-ci ilin sentyabr ayı üzrə akt əsasında 518,40 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 dekabr 2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı Quba rayonu, Alekseyevka kəndində yerləşən yaşayış evində Elester tipli, G4T markalı, ******* nömrəli, 02386770 plomb nömrəli sayğac çıxarılmış və əvəzində Elester tipli, G4T markalı, 10573903 nömrəli, 05050421 plomb nömrəli sayğac quraşdırılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 27.09.2018-ci il tarixdə onun yaşadığı Quba rayonu, Alekseyevka kəndində yerləşən mənzilində quraşdırılmış sayğacın gövdəsinin alt hissədən şişdiyi və hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 28.09.2018-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 518,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 518,40 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın ləğv və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 518,40 manat məbləğində borc iddiaçının **********06800 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********06800 saylı abonent hesabına hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar