Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2378/2025 03.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, müddətsiz birinci dərəcə əlil hesab olunmuş övladı xx.xx.1997-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, övladı xx.xx.1997-ci il təvəllüdlü X5 “Epilepsiya nəticəsində əmələ gələn demensiya” diaqnozu əsasında müddətsiz birinci dərəcə əlil hesab olunmuşdur. Ciddi davranış pozuntuları olduğu üçün o hərəkətlərinin mahiyyətini dərk edə, mənafeyini qoruya bilmir. Quba Rayon Mərkəzi Xəstəxanası X11 həmin diaqnoza uyğun müayinələrindən keçirilməklə qeydiyyatdadır. Mütəmadi olaraq həkim tərəfindən ixtisaslı müayinədən keçirilərək, müalicə almasına baxmayaraq, onun sağlamlıq vəziyyətində heç bir müsbət dinamika izlənilmir. Müayinələr nəticəsində onun kənar şəxsin qulluğuna ehtiyacının olduğu təsbit olunmuşdur. (Tibbi Sosial Ekspertiza və reabilitasiya xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatlar (elektron məlumat bazasından) O sərbəst qərar verə, özünü sərbəst surətdə idarə edə bilmir və bu səbəbdən də müddətsiz birinci dərəcə əlil hesab edilmişdir. Gündəlik həyatında özünə xidmət edə bilmədiyi üçün tək valideyn olaraq (ərim X6 vəfat etmişdir) onu mən himayə edirəm, ona qulluq və nəzarət edir. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafelərini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. -xx.xx.2012-cı il tarixli, AZ-İ seriyalı, 567814 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1998-cı il tarixdə ölmüşdür. - Quba rayon İHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 21 iyul 2025-ci il tarixli, 531 №li arayışından görünür ki, Ərizəçi Quba rayon Dəvədabanı yaşayış massivində oğlu X5 ilə birlikdə yaşayır. -AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. -X1 adına tərtib edilmiş SX№ ******* saylı Hərbi biletdən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X5 hərbi xidmətə yararsız hesab edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X4 epilipsiya nəticəsində əməl gələn demensiya diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12-Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4248 saylı rəyindən görünür ki, X2 demensiya (epilepsiya xəstəliyi nəticəsində yaranan) müəyyən edilir. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1997-ci il təvəllüdlü X1 anasıdır. X1 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 4248 saylı rəyi ilə müəyyən edilmişdir ki, X2 demensiya (epilepsiya xəstəliyi nəticəsində yaranan) qeyd olunur. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. V. Nəticə: Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il tarixdə Quba rayonu İİ–Nügədi kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1997-ci il tarixdə Quba rayonu İİ–Nügədi kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1997-ci il tarixdə Quba rayonu İİ–Nügədi kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2378/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2378/2025
03.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver