Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-241/2025 30.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında onun abonent hesabına yazılmış 777.60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə «ELESTR G-6» markalı 28257556 nömrəli təbii qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci ildə həmin fərdi yaşayış evinə quraşdırılmış «ELESTR G-6» markalı 28257556 nömrəli təbii qaz sayğacı çıxarılmış, növbəti yoxlanışına göndərilmiş, yerinə «HUOVER G-6» 40382118 markalı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək təbii qaz sayğacının hesablama mexaniziminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması səbəbindən dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı ******* nömrəli akt tərtib edilmişdir. O, sayğacın onun tərəfindən zədələnmədiyi, sayğacın zədələnməsindən onun təqsiri olmadığı üçün aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında xx.xx.2022-ci ildə «Dəymiş ziyanın bərpasına dair Tələbnamə “Qərar» qəbul edilmiş və ona istifadə etmədiyi 6480 m3 təbii qazdan istifadəyə görə 777 manat 60 qəpik (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir və yüksək yerdə deyil. O, sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. O, qaz sayğacına kənar təsir göstərməmişdir. Sayğacın əzilməsinə görə o, məsuliyyət daşımır. Sayğac çöldədir və zədələnməsinə görə onun heç bir məsuliyyəti yoxdur. İş üzrə İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada növbəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var” qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 yanvar 2022-ci il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********00070 saylı abonent kodu üzrə 6480 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid **********00070 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 777 (yeddi yetmiş yeddi) manat 60 (altmış) qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 777 (yeddi yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 777 (yeddi yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində cərimə **********00070 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 yanvar 2022-ci il tarixli **********00070 saylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış 777 (yeddi yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğ **********00070 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-241/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-241/2025
30.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver