Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-249/2024 24.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, X17 qızının katibliyi, Cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi Cavabdeh3, Cavabdehin nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı vəsiyyətnamə nəzərə alınmaqla miras əmlaka payları müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, 11 iyun 2008-ci il tarixli vəsiyyatnamə nəzərə alınmaqla miras əmlaka, yəni torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evinə və əlavə əkin sahəsinə onun və cavabdehlərin miras paylarını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum nənəsi X15 11 iyun 2008- ci il tarixində sərəncamında olan 0,24 ha torpaq sahəsindən 0,14 ha torpaq sahəsini və həmin torpağın üzərində tikilmiş fərdi yaşayış evi və 0,50 ha əkin sahəsini notarial qaydada rəsmi vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Vəsiyyətnamə iki nəfər şahidin və şəxsən mərhum nənəsinin iştirakı ilə Quba rayon Dövlət Notariat Kontorunda 2090 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin vəsiyyətnamənin bir nüsxəsi ona verilmişdir. Həmin torpaq sahəsi və ev ona vəsiyyət olunmasına baxmayaraq o torpağın üzərində heç bir hüquqa malik deyildir. O vərəsiliyin açılması və ona vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar Notariat Kontoruna müraciət etsə də, vəsiyyətnamənin arxivdə aşkar olunmadığı bildirilib. Amma vəsiyyətnamə mövcuddur və bu vəsiyyətnamə ilə mərhum nənəsi ona məxsus əmlakı vəsiyyət etmişdir. Miras qoyanın digər vərəsələri ilə vərəsəliyin müəyyən edilməsi üzrə razılığa gələ bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırilması ilə əlaqədar məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki,, icraatda olan 2(027)-249/2024 saylı iş üzrə Quba rayon Qələdüz kəndində yerləşən 0,24 ha mübahisəli torpaq sahəsinə iş üzrə Cavabdeh3 adına “Qanun üzrə Vərəsəlik Şəhadətnamə”nin və onun əsasında çıxarış verilmişdir. Hal-hazırda iddianın həcmini artıraraq “Qanun üzrə Vərəsəlik Şəhadətnaməsi”nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və (Cavabdeh2 xx.xx.2023-cü il tarixli etiraz) tərəfindən məhkəməyə etiraz təqdim edilərək, etirazda göstərilmişdir ki, iddia ərizəsilə razı deyillər. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 bu saxta vəsiyyətnamənin, olmasına Azərbaycan Respublikasının, Ədliyyə Nazirliyi, Notariat idarəsinin sistəmində və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, Dövlət Arxivində olmaması barədə rəsmi surətdə İddiaçı verilmiş arayışlara əsaslanaraq bir daha bu vəsiyyətnamədə etraz edirlər. Analarının vəsiyyətnaməsi olsaydı, bilərdilər. Bu barədə xx.xx.2023-cü il tarixində Quba rayon Məhkəməsinə etirazlarını yazılı şəkldə təqdim ediblər. Həmin etirazda da qeyd ediblər ki, miras, əmlak ataları X3 adında olmuşdur. Saxta vəsiyyətnamədə, Quba rayonu Qələdüz kəndində yerləşən yaşayış evini, 14 sot torpaq sahəsini, JN:0087 kod ******* N-li dövlət aktına əsasən 50 sot özəl əkin sahəsinin İddiaçı vəsiyyət etdiyi yazıldığı halda, İddiaçı məhkəməni aldadaraq, anasının sərəncamında olan 0.24 ha torpaq sahəsindən, 0,14 ha torpaq sahəsi və həmin torpağın üzərində tikilmiş fərdi yaşayış evini öz iddia ərizəsində yalan yazaraq göstərmişdir. Dövlət aktı olan JN: 0087 kod ******* pay kənd təsərrüfat əhəmiyyətli torpaq özəlləşməmişdir. 11 iyun 2008-ci il tarixindən bu vaxta qədər vəsiyyətnamə əsasında İddiaçı, 2023-cü ilədək əmlaka sahib çıxmamışdır. Belə ki, əmlakın sahibi, ataları X10 olmuşdur. Mərhumə anasının adında heç bir qanuni miras olmamışdır. Faktiki, mərhumə anaları X15 vəfat edənədək daima kiçik qardaşları 1965-ci il təvəllüdlü Cavabdeh3 və ailəsinin yanında yaşamışdır. Onun dəfinini də öz vəsaiti hesabına təşkil edib həyata keçirmiş və dəfn etmişdir. O, son illər yataq xəstəsi olmuşdur. Güclü psixi təsiredici dərmanlarla müalicə olunmuşdur. O, hər hansı notariusa getsəydi onların da bundan xəbəri olardı.Cavabdeh3 anadan olandan daima yaşadığı və yaratdığı mübahisə predmeti olan həmin həyatyanı sahəyə dair mərhumə analarının adına heç bir mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Başqa sözlə həmin 0,24 ha yer Mərhum ataları X3 adında qalmışdır və Cavabdeh3 doğulduğu vaxtdan bu günə kimi, ailəsi ilə birlikdə orda yaşayır. Valideynləri qocaldıqdan sonra hər ikisi Cavabdeh3 himayəsində yaşamışlar. O, ki qaldı 0,50 ha əkin sahəsinə dair onu qeyd edirlər ki, həmin əkin sahəsi Cavabdeh3 ailəsi ilə birlikdə, birgə mülkiyyətə verilmiş və 7 nəfər ailə üzvünə məxsusdur. Cavabdeh3 həmin akta əsasən 1,75 ha əkin sahəsində yeddidə bir payı olmuşdur ki, onun da qanuni vərəsəsi kimi payı Cavabdeh3 düşür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 uzun müddətdir buradan köçüb gedərək ayrı təsərrüfat və evə sahibdilər. Eyni zamanda İddiaçı eyni məzmunda eyni əsaslı həmin iddia tələbilə əlaqədar, 2(027)-1448/2022; iş№2(027)-1644/2022 iş 2(027) 1706/2022 saylı 26 iyul 2022ci il tarixli mülki iş üzrə içrata xitam verilməsi barədə qərardadlar mövcuddur. İddiaçı X1 natamam orta məktəbin 9-cu sinifini bitirərək Bakı şəhərində yaşayan anası Lətifə Balasultan qızının yanına getmişdir. Onunla yaşayaraq evləndikdən sonra, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin göstərdiyi kimi İsmayıllı rayonu, Günəşli qəsəbəsi, M. İbrahimov küçəsi ev 6-da yaşayır. Şərh edilənlərə əsasən və mülki qanunverciliyin tələblərini rəhbər tutaraq bu iş üzrə iddiaçının iddia tələbini təmin etməməyi və iddia ərizəsini yolverilməzliyinə görə geri qaytarılmasını xahiş etmişdilər. İş üzrə cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, vəsiyyətnamə saxtadır, anası vəsiyyətnamə verməmişdir. Şahidlər də rəhmətlik Əsməni görmədiklərini və adicə imzalarla təsdiq edildiklərini bildirirlər. İddia tələbi vəsiyyətnamənin həqiqiliyi ilə bağlı verilmiş və daha əvvəl məhkəmənin qərardadı ilə ümumi məhkəmədə baxılmasının mümkünsüzlüyü əsası ilə icraata xitam verilmişdir. Hazırda mövcud olmayan bir sənədə görə iddianın edilməsinə ehtiyac olmadığını bildirmişdir və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi qismində vəkili Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, sözü gedən vəsiyyətnamə saxta sənəddir, belə ki, vəsiyyətnamə tərtib edilərkən qanun pozuntusuna yol verilərək, həm tərtibatında, həm də şahidlərin adları, imzaları bir xətlə doldurulub. Göstərilənlər nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində dəvət olunmuş Şahid2 məhkəməyə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, sözü gedən vəsiyyətnamədə adı hallandığı üçün-izahat verərək bildirir ki, saat təxmini 10 olardı, o, Quba rayonu Nizami parkında çayxanada oturub cay içərkən, İddiaçı ona yaxınlaşıb bu vərəqdə imza etməyini bildirmiş və dediyinə görə, torpaq sənədinə görə, dövlətdən pul alacaqdır. Həmən vaxtı 2008-ci ildə ona inanıb, həmin sənədi oxumadan imza etmişdir. Çayxanada və başqa yerdə Əlixanova Əsiməni görməmişdir. Bir vərəqdə şəxsiyyət vəsiqəsinin seriyasını yazmışdır. İmza etdiyi vərəqi İddiaçı alıb getmişdir. O da öz işinin ardınca getmişdir. Əsası olmayan, 2 məhkəmə keçən, ərardadlar qəbul edilən,üzərindən 16 il keçən işə görə onu və ailəsini narahat edilməməsini və izahatını, protokola qeyd edilməyini xahiş etmişdir. Qeyd etmişdir ki, izahatını yazarkən ona kimsə tərəfindən fiziki və psixi təsir edilməmiş və imzası ilə dogruluğunu təsdiq etmişdir. İş üzrə şahid qismində məhkəməyə dəvət olunan Şahid1 ərizə təqdim edərək, göstərmişdir ki, sözü gedən vəsiyyətnamədə adı hallandığı üçün-izahat verərək bildirir ki, məktəbdə bir sinifdə oxuyan İddiaçı bildirmişdir ki, kənd təsərrüfatı torpağına görə kredit alacqdır, saat 11-12 radələrində “Bazar” ərazisində çayxanada yanına gəlib görüşmüşlər. Ona əlində tutmuş, vərəqləri imza etməyini xahiş etmişdir. Kredit söhbətinə görə hüquqi savadı olmadığı ücün imza etmişdir. Çayxanada və başqa yerdə Əsimə Əlixanovanı görməmişdir. İmza etdiyi vərəqi və şəxsiyyət vəsiqəsinin seriyasını kağıza yazıb götürmüşdür. Bu işlə əlaqədar bildiyinə görə 2 məhkəmə keçib. O hec bir məhkəmə işinə çağrılmamışdır. Üzərindən 16 il keçən işə görə onu və ailəsini narahat edilməməsini və izahatını, protokola qeyd edilməyini xahiş etmişdir. Qeyd etmişdir ki, izahatını yazarkən ona kimsə tərəfindən fiziki və psixi təsir edilməmiş və imzasıyla dogruluğunu təsdiq etmişdir. Məhkəmə iddiaçının, Cavabdeh3, onun nümayəndəsi qismində vəkilinin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0087 seriyalı, kod 30318038 saylı Dövlət Aktına əsasən Quba rayon AİK-ının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə Quba rayonu, Qələdüz kəndində 0.75 ha k/t torpaq sahəsi X2, X11, Cavabdeh3, X12 X8, X5 və Əlixanova LeylaTelman qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayon AİK-ının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə Quba rayonu, Qələdüz kəndində 024 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ 266628 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2006-cı ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 019741 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 26 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 11 iyun 2008-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, Quba rayonu, Qələdüz kəndində yaşayan X7 rayonu, Qələdüz kəndində yerləşən yaşayış evini, 0.14 ha həyətyanı torpaq sahəsini, JN-0087 dövlət aktına əsasən 050 ha özəl əkin sahəsini İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubundan göründüyü kimi, 11 iyun 2008-ci il tarixli 2V-83 reyestr nömrəli vəsiyyətnaməyə dair məlumatlar aşkar edilməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Qələdüz kəndində 0.24 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 123.90 kvm daşınmaz əmlak tam müliyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. 05 yanvar 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən göründüyü kimi, xx.xx.2006-cı ildə vəfat etmiş X2 vərəsəsi Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olan Cavabdeh3 miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Quba rayonu, Qələdüz kəndində yerləşən, ümumi sahəsi 0.14 ha olan torpaq sahəsindən ibarətdir. Vərəsəlik işi V-539/2022 nömrə ilə qeydiyyata alınmışdır. 06 iyul 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2006-cı ildə vəfat etmiş X2 vərəsəsi Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olan Cavabdeh3 miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Quba rayonu, Qələdüz kəndində yerləşən, ümumi sahəsi 123.9 ha olan yaşayış evi və 0.24 ha olan torpaq sahəsindən ibarətdir. Vərəsəlik işi V-539/2022 nömrə ilə qeydiyyata alınmışdır. 16 oktyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən məlum olur ki, xx.xx.2011-ci ildə vəfat etmiş X11 vərəsəsi Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olan Cavabdeh3 miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Miras əmlak Quba 2409 N-li filalda 0574600a, 43999 saylı hesab üzrə qoyulmuş əmanət pulundan ibarətdir. Vərəsəlik işi 2468/2012 nömrə ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 303013 142025 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Qələdüz kəndində 0.24 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 123.90 kvm daşınmaz əmlak tam müliyyət hüququ əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 notarial qaydad təsdiq edilmiş ərizələrindən görünür ki, onlar xx.xx.2006-cı ildə vəfat etmiş X4 məxsus miras-əmlakdan qardaşları Cavabdeh3 xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli məlumatına əsasən, 2(027)-249/2024 nömrəli mülki iş üzrə 23 aprel 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün aşağıdakı səbəblərə görə mümkün olmamışdır: X11 3-5 vərəqdə əlavə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 20 may 2024-cü il tarixdə vəsatət verilmişdir. Ekspertin vəsatəti təmin edilmədiyindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, iddiaçı vəsiyyətnamə nəzərə alınmaqla, əmlaklara dair vərəsəlik hüququnun və payının müəyyən olunması iddiası ilə müraciət etmişdir. Cavabdehlər həmin vəsiyyətnamənin saxta olduğunu, miras əmlakın mərhum ataları X4 məxsus olduğunu, həmin miras əmlakdan Cavabdeh3 xeyrinə imtina etdiklərini və hal hazırda həmin miras əmlak Cavabdeh3 məxsus olduğundan, iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində və notariat ofisinin arxivində 11 iyun 2008-ci il tarixli 2V-83 reyestr nömrəli vəsiyyətnaməyə dair məlumatlar aşkar edilməmişdir. Mübahisənin həll edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması və rəy verilməsi üçün X11 əlavə sərbəst imza nümunələrinin təqdim edilməsi X11 vəfatı ilə əlaqədar mümkünsüz olmuş və vəsiyyətnamənin tərtibində iştirak etmiş şahidlər də təsdiqedici qeydlər verməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı vəsiyyətnamə nəzərə alınmaqla miras əmlak paylarının müəyyən edilməsi, Cavabdeh3 adına verilmiş “Qanun üzrə Vərəsəlik Şəhadətnamə”nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı vəsiyyətnamə nəzərə alınmaqla miras əmlak paylarının müəyyən edilməsi, Cavabdeh3 adına verilmiş “Qanun üzrə Vərəsəlik Şəhadətnaməsi”nin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-249/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-249/2024
24.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver