Məhkəmə qərarları › İş №2(027)-2501/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2501/2022

22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2501/2022 22.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi verilən borc bildiriş əsasında 30 iyun 2022-ci il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilməsinə, hesablanılmış 1036.80 AZN pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayon Aşağı Xuc kəndindəki evimdə 2018-ci ildən yaşamır. 2022-ci ildə evinin qaz sayğacın dəyişiblər ki, sayğacın istismar müddəti bitib. Quba rayon Azəriqaz idarəsinin işçiləri xx.xx.2022-ci il tarixdə evdə olmadığı vaxt qaz sayğacın video çəkiliş edərək dəyişiblər. Lakin sonradan ona bəlli oldu ki, borc bildirişi verilib. O, Quba rayon Azərqaz idarəsinə bildirsə də danışıqlar aparsa da Azəriqaz idarəsindən öz bildikləri kimi hərəkət edərək onun etirazına məhəl qoymurlar. O, da məcbur qalaraq Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS- nin əməkdaşları tərəfindən istifadə edilən qaz sərfini bildirən bildiriş evlərinə təqdim ediləndə bəlli oldu ki, onların ünvana 1036 (bir min otuz altı) manat 80 qəpik dəyərində borc yazılıb. Sənədləri araşdırdığı zaman bəlli oldu ki, onlar üçün 30 iyun 2022-ci il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. Həmin aktda “ARDNŞ-nin Cavabdeh İB-nin qaz sayğacının yoxlanması xx.xx.2022-ci il tarixli AKT N 29/1710-02537-1 saylı rəyinə əsasən ******* saylı sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablansın, ödənsin” qeydi aparmışdırlar. Ailəliklə orada yaşadığları dövrdə Azəriqaz əməkdaşı olan şəxslər (qaz paylayıcının əməkdaşı olan “nəzarətçilər”) sayğaca baxış keçirərək sayğac üzərində olan hesablama mexanizimində qeyd olunan hesabat əsasında bildiriş təqdim ediblər və onlar bu qüsuru görməli idilər. Sual yaranır ki, “Sayğac, Quba Qaz idarəsi əməkdaşları tərəfindən quraşdırılıb, nəzarət plombu vurulub. Video görüntülərdən və “Sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akf’da aparılan qeyddə görünür ki, sayğac açılarkən 04089281 nömrəli plomb olub. 2018-ci ildən də orada yaşamırıq. Necə olur ki, sayğaca labaratoriyadan sayğacın daxilinə müdaxilə olunub rəyi gəlir? Sayğaca xarici görünən müdaxilə olunduğu deyilsəydi, məntiqə uyğun olardı. Sayğac da evin çöl hissəsində küçədə quraşdırılıb. Saldoda da görünür ki, neçə illərdir hesabat sıfır gedir.” Sayğaca onun tərəfindən müdaxilə edilməsi faktını təsdiq edən heç bir sənəd yoxdur. Xaçmaz RQİİ-ni Quba XS-nin əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilib və nəzarət olunub. Beləliklə, hesab edir ki, RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 30 iyun 2022-ci il tarixli “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsassızdır, ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********7 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin sayğacların yoxlanılması, AKT№ MSK-29/1710-02537-1 saylı rəyinə əsasən ******* saylı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib. Sayğac istismara yararsızdır. xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8640 m3 sərfiyyat hesablanmışdır; **********01130 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 1036,80 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin-abonent saldosuna daxil edilmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc İddiaçı **********01130 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc İddiaçı **********01130 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar