Məhkəmə qərarları › İş №2(027)-2520/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2520/2022

19.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2520/2022 19.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, onun ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə gediş-gəliş yolunun açılması, sökülmüş dəmir hasarların Cavabdeh hesabına quraşdırılması və gələcəkdə ona, ailələrinə məxsus məzarlara yaxınlaşması və hasarların sökülməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, Aşağı qəbiristanlıqda 1998-ci ilin oktyabr ayında vəfat etmiş və dəfn olunmuş qardaşı X3 qəbrini xx.xx.2022-ci il tarixdə ziyarət edərkən xoşagəlməz hal ilə rastlaşmışdır. Belə ki, qardaşının və digər ailə üzvlərinin məzarına gedən yolunun zəbt olunmasını, onların ailəyə məxsus məzar yerinin dəmir hasar ilə hasarlandığını və giriş qapısının yerinin dəyişdirilərək qaynaqlanmasının şahidi olmuşdur. Bu barədə AR DİN-nin 102 xidmətinə zəng vuraraq, bildirmişdir. Qısa bir müddətdən sonra Quba RPŞ-nin təhqiqatçısı baş leytenantı X7 onu yanına çağıraraq təhqiqat işinin ona həvalə olunduğunu bildirdi. Faktla bağlı 09 iyun 2022-ci il tarixində qəbiristanlıqda qardaşı və atasının dəfn olunduğu əraziyə hal şahidlərinin iştirakı ilə baxış keçirildi və müvafiq protokol tərtib edilərək, fotoşəkillər çəkilərək işə əlavə olundu. Araşdırma zamanı bu işin Cavabdeh və X2 tərəfindən törədildiyi məlum oldu. Araşdırma zamanı izahatı alınmış Cavabdeh verdiyi izahatında həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, ərizəsinə əlavə etdiyi məzar daşlarının fotoşəkillərindən də aşkar olur ki, onun qardaşı və atası cavabdehin qohumlarından əvvəl həmin ərazidə dəfn olunmuşlar, sonradan cavabdehin ailə üzvləri orada dəfn olunmuşdur. O, ailələrinə məxsus gürgahı cavabdehlərdən çox-çox əvvəl hasarlamışdır, cavabdehlər isə onlara məxsus gürgahın hasarlarını sökərək özlərinə məxsus gürgahı hasarlayaraq, onların qəbrləri ziyarət etmək imkanlarını məhdudlaşdırmaqla və hasarları sökməklə onlara həm də maddi ziyan vurmuşlar. Ona görə də hesab edir ki, məhkəmə qətnaməsinə əsasən onun ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə gediş-gəliş yolunun açılması, sökülmüş dəmir hasarların cavabdehin hesabına quraşdırılması və gələcəkdə bu kimi qanunsuz hərəkətlərinə qadağa qoyulmalıdır. Tərəfindən edilmiş şikayəti mülki xarakterli olduğundan, Quba rayon Polis Şöbəsi tərəfindən cavabdehin hərəkətlərində cinayət tərkibinin olmadığı və bununla əlaqədar məhkəməyə mülki qaydada müraciət etməyi izah olunduğundan, məhkəməyə müraciət etməli olmuşdur. Bununla əlaqədar ödədiyi dövlət rüsumu olan 100 manatı tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, uzun müddətdir ki, qəbristanlıqda giriş qapısına öz yolundan istifadə edir. Cavabdeh yolunu tutub hasarını söküb yolunu bağlamışdır. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, əvvəlldən mübahisəli yerə-hazırda tutuduğu yerə mərz basdırmışlar. 2022-ci ildə gəlib görmüşdür ki, cavabdeh mərz basdırdığı yeri genişləndirib yerini tutub. Mərzi çıxarıb darvaza yeri qoyduqlarından darvazanı çıxarıb yerini dəyişdirmiş, mərzləri çıxarıb hasarlamışdır. Məcbur olaraq boş ərazini hasarlamışdır ki, həmin yeri başqası tutmasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 15 ildir ki, bələdiyyədə fəhlə işləməklə həmin qəbiristanlığa təhkim olunmuşdur. Yalçını tanıyır, Raufu tanımır. Yalçının qohumlarına məxsus məzarlarının yerləşdiyi əraziyə indiki mübahisəli yerdən yol olmuş, əvvəllər həmin yerdə dəmir barmaqlıqlar olmayıb məftil var idi. Rauf Yalçının qohumlarının məzarının olduğu yerdən darvazanı çıxarıb dəmir barmaqlıqlar qoymuşdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan fotoşəkillərdən görünür ki, mübahisəli ərazi dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Mülki işin materiallarında olan 19 iyun 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh, İddiaçı Quba şəhəri aşağı qəbristanlıqda yaxınlarına məxsus məzara gedən yolun bağlanması və məzarın ətrafında olan dəmir barmaqlığın qanunsuz sökülərək digər məzarın ətrafına qaynaq etməsi faktında heç bir hüquqpozmanın əlamətləri yoxdur. Belə ki, tərəflər arasında məzar yerinin qapısı ilə bağlı mübahisə mülki xarakterlidir, mülki-mühakimə icraatı qaydasında həll edilməlidir. İddiaçı müraciətində göstərdiyi xüsusatlarda hər hansı bir cinayət əməlinin və ya inzibati xətanın tərkibi yoxdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda heç bir cinayət hadisəsivə ya inzibati xəta aşkar olunmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, İddiaçı yaxınlarına məxsus məzarların yerləşdiyi əraziyə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən bağlanması, məzarın ətarfında olan dəmir hasarının sökülməsi iddiaçının yaxınlarına məxsus məzarlarına gediş-gəlişinə mane olması sübuta yetirilir. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. Bu Qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar. Bu Qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə 5 (beş) gün müddətində məlumat göndərməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutlan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərlimişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı yaxınlarına məxsus məzarların yerləşdiyi əraziyə gedən gediş-gəliş yolunu bağlaması, məzarın ətarfında olan dəmir hasarının sökməklə, gediş-gəlişinə mane olması onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Avropa Konvensiyasının 1 saylı protkolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkiinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə, iddiaçının və cavabdehin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, yerli baxış keçirilməklə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli İddiaçı ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə Cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılmalı, sökülmüş dəmir hasarlar Cavabdeh hesabına quraşdırılmalıdır. Məhkəmə iddianın gələcəkdə cavabdehə, ailələrinə məxsus məzarlara yaxınlaşması və hasarların sökülməsinə qadağa qoyulması hissəsinə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə Cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılsın və sökülmüş dəmir barmaqlıqlar Cavabdeh hesabına quraşdırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar