Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2567/2025 29.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən mənzili üçün Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı mənzildən kənarda quraşdırılmışdır. 31 avqust 2023-cü il tarixdə Azəriqaz əməkdaşları evinə baxış keçirmişlər. Bu zaman köhnə sayğacı yenisi ilə əvəz etmişlər. Həmin sayğaca baxış keçirən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik- cızıq izlərinin olması aşkar edilərək, sayğacın istismara yarasız olduğu müəyyən edilmişdir. Qeyd etdiyi əsaslarla ona ******* saylı təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt tərtib etmişlər. Həmçinin hazırda mübahisələndirdiyi aktda tarix qeyd edilməmişdir. Həmin akt və onun əsasında tərtib edilmiş tələbnaməyə əsasən qaz itkisi 518,40 manat müəyyən edilmişdir. Həmin sayğac evdən kənarda yerləşir və onun təhlükəsizliyin qorumaq onun vəzifəsi deyil. Sayğacda aşkar edilmiş izlər onun tərəfindən yetirilməmişdir. Ona görə də, akt əsassızdır və akt əsasında yazılmış borc silinməlidir. II. Tərəflərin mövqeləri: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması aşkar edilərək, sayğacın istismara yarasız olduğu qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 avqust 2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçının **********07850 saylı abonent kodu üzrə 4320 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonent saldosundan göründüyü kimi, İddiaçı məxsus **********07850 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc hesablanmışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad etmişdir. Həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə Cavabdeh İB-nin 31 avqust 2023-cü il tarixli **********07850 saylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilməli və hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində cərimə həmin abonent hesabından silinməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən, 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İBdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı akt əsasında tərtib olunmuş 31 avqust 2023-cü il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc İddiaçı **********07850 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2567/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2567/2025
29.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver