Məhkəmə qərarları › İş №2(027)-2569/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2569/2022

25.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2569/2022 25.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 manat məbləğində borc onun **********01600 saylı abonent hesabından silinməsi və ödədiyi 115 manat məbləğinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 518,40 manat məbləğində borcun onun **********01600 saylı abonent hesabımdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən yaşayış evi Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. O, ailəsi ilə birlikdə həmin yaşayış evində yaşayır. Azəriqaz ASC ilə bağlanmış qazın alqı satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirlər və istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 12 iyul 2021ci il tarixdə Azəriqaz İB-nın əməkdaşları Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən yaşayış evimə quraşdırılmış və istifadə etdiyi Elster tipli qaz sayğacını çıxararaq Zenner tipli qaz sayğac ilə əvəzləşdirmişlər. Bundan sonra 11 oktyabr 2021-ci il tarixdə yenidən Azəriqaz İB-nın əməkdaşları Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən yaşayış evinə quraşdırılmış və istifadə etdiyi Zenner tipli qaz sayğacını çıxararaq Zenner Smart tipli qaz sayğac ilə əvəzləşdirdilər. 2022-ci ilin mart ayında qaz borcu qəbzi gələrkən 432 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İB-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək akt və tələbnaməni mənə təqdim etdilər. Həmin aktla tanış olduqda ona məlum oldu ki, xx.xx.2022-ci il tarixli ******* saylı aktda Azəriqaz İB-nın əməkdaşlarının çıxardığı Elster tipli ******* saylı qaz sayğacına baxış keçirilmiş, güya qaz sayğacının hesablama mexanizminini gövdədən tamamilə aralı vəziyyətdə olunması qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2022-ci il tarixli tələbnamə tərtib olunaraq 432 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. Tələbnamədə cərimə borcu 432 manat qeyd olunmuş, Quba Qİİ-dən isə ona həmin borcun 518 manat olduğu bildirilir. xx.xx.2022-ci il tarixli ******* saylı aktla və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, 32-33-cü məhəllə ünvanda yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********3 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin sayğacların yoxlanılması, AKT№ MSK-29/1710-03102-1 saylı rəyinə əsasən ******* saylı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmi gövdədən tamailə aralı vəziyyətdədir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Nəticədə 4320 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 sərfiyyat hesablanmışdır; **********01600 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 518,40 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin-abonent saldosuna daxil edilmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc İddiaçı **********01600 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc İddiaçı **********01600 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar