Məhkəmə qərarları › İş №2(027)-2582/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2582/2022

28.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2582/2022 28.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş, 19 avqsut 2021-ci il tarixli ******* saylı Akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 31 avqsut 2021-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 (iki yüz on altı) manat borcun onun **********04260 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Quba rayonu Aşağı Atuc kəndində yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o, da hər ay istifadə etdiyi qaz sərfıyyatına görə qaz borcunu vaxtında ödəyir. O, 13 dekabr 2018-ci il tarixində qaz sayğacının həmkəndlisi ruhi xəstə X3 tərəfindən balta ilə sındırılması ilə əlaqədar Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin hadisə ilə bağlı "Azəriqaz" X1 istismar idarəsinə müraciət etmişdir. Lakin müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli “Azəriqaz" İB-nin Xaçmaz RQİİ-dən gələn məktub məni qane etmir. Cavabdeh əməkdaşları xx.xx.2018-ci il tarixində yaşadığı ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz olunmalı olduğunu bildirdilər. O, da razılaşdı, sayğacı dəyişdilər. Sayğacın çıxarılması zaman onun sındırıldığı açıq-aydın görünürdü. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 19 avqust 2021-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən qopub sındığı qeyd olunmuşdur. Yuxarıda da qeyd etdiyi kimi bu barədə həm Quba RPŞ-yə, həm də "Azəriqaz" İB-yə müraciət edib məlumat vermişdir. Məhz bu səbəbdən də hesab edir ki, onun cərimə olunmağı tamamilə əsassızdır. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 216 (iki yüz on altı) manat cərimə borcunu qəbul etmir. Onun cərimə borcu düzgün deyil. O və ailə üzvləri tərəfindən sayğaca hər hansı kənar, qanunsuz müdaxilə olunmayıb və buna heç vaxt da ehtiyacı olmayıb. Qeyd edir ki, o, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəyir. Qaz borcu yoxdur. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 216 (iki yüz on altı) manat cərimə borcunu qəbul etmir. Onun cərimə borcu düzgün deyil. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etdi. Ona bu barədə müvafiq sənədlərin surətlərini təqdim etdilər. O, həmin cərimə borcu ilə razılaşmır. Hesab edir ki, həmin akt və tələbnamə tamamilə əsassız olaraq tərtib olunmuş və heç bir həqiqətə uyğun deyildir. Bundan əlavə qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Məhkəmə təcrübəsinə nəzər salınsa baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu görünür. Bu da onu göstərir ki, həmin nöqsanlar qəsdən, bilərəkdən yaradılır. Ona görə də hesab edir ki, ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz manat borc mənim **********04260 saylı abonent hesabımdan silinməlidir. Məhkəmə iclasında iddiaçı X6 iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən yaşayış evində sayğac çıxarılmış və əvəzində yeni sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin sayğacların yoxlanılması, AKT№ MSK-29/1710-00252-15 saylı rəyinə əsasən ******* saylı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdədən qopub hesabat aparılmır. xx.xx.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 sərfiyyat hesablanmışdır; **********04260 kodlu abonentin saldosundan görünür ki, abonent X6 müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 216,00 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin-abonent saldosuna daxil edilmişdir. 23 dekabr 2018-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X4 xx.xx.2018-ci il tarixdə, saat 08 radələrində yol çəkilişi ilə bağlı 8 ildir ki, aralarında yaranmış mübahisə ilə bağlı qonşusu X2 yaşadığı evin qarşısına quraşdırılmış qaz sayğacını balta ilə vurub sındıraraq ona 91 manat 21 qəpik məbləğində maddi ziyan vurmuşdur. Qüvvədə olan qanunvericiliyə görə, həmin məbiəğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinin, yəni AR CM-nin 186-cı maddəsinin tərkibini yaratmadığndan Xuraman Qeybullayevanın barəsində cinayət işinin başlanılması rədd edilmişdir,Vidadi Xasməmmədova isə dəymiş ziyanın tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 216 (iki yüz on altı) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc X2 **********04260 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc X2 **********04260 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar