Məhkəmə qərarları › İş №2(027)-259/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-259/2024

10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-259/2024 10.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz yazılmış 1555,20 manat cərimənin onun abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz İB-nin əməkdaşları onun xəbəri olmadan qaz sayğacına baxış keçiriblər. Bu barədə onun heç bir məlumatı olmayıb.Yalnız xx.xx.2023-cü il tarixində ərazi üzrə bildiriş paylayan Adayev Davud ona zəng edərək sayğaca baxış keçirildiyini və sayğacın şübhəli olduğunu dedi. Sonra yenisi ilə əvəz ediləcəyini bildirdi. xx.xx.2023-cü il tarixdə, axşam saat 19:30-da sayğacı yenisi ilə əvəz etdi. İddiaçı ona sayğac dəyişmək işinin onun səlahiyyətində olmadığını bildirdi, o isə bunu bildiyini, sadəcə iş yoldaşı xahiş etdiyinə görə dəyişdiyini bildirdi. O, sayğac dəyişilməsi barədə verilən akta qol çəkmək istəmirdi. O da ona burada heç bir problem olmadığını bildirdi. Sayğac dəyişilən zaman o öz telefefonuyla köhnə sayğacın şəkillərini çəkdi və ona 19.30-da iş vaxtı olmadığını belə xatırlatdı. Sayğac dəyişdikdən sonra da ona heç bir məlumat verilməmişdir. Yalnız bu yayda Adayev Davud qazın bildirişini verən zaman ona bildirdi ki, onun Azəriqaz İB-yə borcu var. O, borc barədə soruşdu və o zaman bildi ki, 1500-1600 manat ona cərimə yazılıb. Əməkdaşın ona verdiyi bildirişdə də cərimə göstərilmişdir. Bu zamana kimi ona hansısa məlumat veriləcəyni gözləmiş, lakin heç bir məlumat verilməmişdir. O özü Azəriqaz İB-yə müraciət etmiş və ona aktın surəti verilmişdir. Aktı aldıqdan sonra orada adının yazıldığını, hətta qarşısında imtina yazıldığını görmüşdür. Aktın harada tərtib oldunduğu barədə heç bir məlumatı yoxdur. Akt tərtib olunanda o iştirak etməmişdir. Aktı tərtib edən, qol çəkən kimlərdisə bilmir, akt tərtib olunanda görməmişdir ki, imtina da edə. Onu da əlavə edir ki, evi 48 kvadratdır. Hətta il ərzində istifadə etdiyi qaz sərfiyyatı limiti keçmiş olur və onun hələ də ödənilməmiş borcu vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sayğac küçədə yerləşir, mexanikidir, qoruyucusu yoxdur, sayğac açıq vəziyyətdədir. O, sayğaca heç bir müdaxilə etməmişdir. ona hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Bağbanlı kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində 12534251 nömrəli sayğac çıxarılmış və əvəzində **********3 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Bağbanlı kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: AKTN-MSK-14-2-2/3-5-1286-1 saylı rəyinə əsasən 12534251 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan və üst tərəfdən əzilməsi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. -X1 28 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Bağbanlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 12960 m3 (12960 m3 x 0,12= 1555,20 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur; **********03090 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2023cü il üçün 1555,20 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbədənkənar dövlət yoxlamasına göndərilmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 28 fevral 2023-cü il tarixli tələbnamə ləğv edilməli, həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********03090 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1555,20-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 28 fevral 2023-cü il tarixli tələbnamə ləğv edilsin, həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********03090 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar