Məhkəmə qərarları › İş №2(027)-259/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-259/2025

14.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-259/2025 14.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağahüseyn qızı, Cavabdeh3, X11, Cavabdeh5, Cavabdeh6 və İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi”) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X21, Cavabdeh X7 nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh5, Cavadeh Cavabdeh2 Ağahüseyn qızı, Cavabdeh6 iştirakları ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağahüseyn qızı, Cavabdeh3, X11, Cavabdeh5, Cavabdeh6 və İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh6 Quba rayonu İ Nügədi kəndində yerləşən 0.8 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş sənədin, yəni onunla Ağahüseynovlar ailəsi arasında 0.8 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə bağlanmış əqdin və ona əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********22 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qeydiyyatın etibarsız hesab edilməsi və 1.33 ha torpaq sahəsi üzərində mərhum Q.Nəcəfovun mülkiyyət hüququnun dövlət reyestrinə daxil edilməsinin Cavabdeh7nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair iddiaçının atası mərhum Q.Nəcəfov ilə A.Ağahüseynov, Cavabdeh1, Cavabdeh3, K.Ağahüseynova (Nurəhmədli) və Cavabdeh1 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli torpağın alğı-satqısı müqaviləsinə əsasən həmin tarixdən yuxarıda göstərilən torpaq sahəsi birincinin mülkiyyətinə verilmişdir. Q.Nəcəfov tərəfindən dəfələrlə torpağın alğı-satqısı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi A.Ağahüseynov və digər mülkiyyətçilərə təklif edildiyinə baxmayaraq, onlar müxtəlif bəhanələr gətirməklə müqavilənin rəsmiləşdirilməsindən yayınmışlar. Bununla əlaqədar olaraq, İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Quba rayonu İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair Q.Nəcəfov ilə A.Ağahüseynov, Cavabdeh1, Cavabdeh3, K.Ağahüseynova (Nurəhmədli) və Cavabdeh1 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli torpağın alğı-satqısı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra - Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 3 mart 2023-cü il tarixli qərarında göstərmişdir ki, İddiaçı Quba rayonu İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair Q.Nəcəfov ilə A.Ağahüseynov, Cavabdeh1, Cavabdeh3, K.Ağahüseynova (Nurəhmədli) və Cavabdeh1 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair Q.Nəcəfovun adına çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1,418.1,418.2 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, ikinci baxışda 8 yanvar 2024- cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsini ləğv edərək, İddiaçı apellyasiya şikayətini qismən təmin etmiş və Quba rayonu İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair Q.Nəcəfov ilə A.Ağahüseynov, Cavabdeh1, Cavabdeh3, K.Ağahüseynova (Nurəhmədli) və Cavabdeh1 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Quba rayonu İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsi üzərində atası mərhum Q.Nəcəfovun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reystrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar Cavabdeh7nə bütün sənədləri təqdim etməklə müraciət etmişdir. Lakin həmin idarə yuxarıda göstərilən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olduğunu əsas gətirərək, iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Bununla əlaqədar, iddiaçıya məlum olmuşdur ki, Ağahüseynovlar ailəsi 1.33 ha ölçüdə olan torpaq sahəsinin 0.80 ha hissəsini X18 adına, qalan 0.5322 ha hissəsini isə öz adlarına rəsmiləşdirmişlər. Halbuki, həmin mülkiyyətçilər əvvəllər paylı mülkiyyətdə olan torpaq sahəsini Q.Nəcəfova satmışdılar və onların eləcə də alıcı Cavabdeh6 məhkəmələrdə gedən proselərdən də xəbərləri var idi. Bundan başqa Q.Nəcəfovun həmin torpaq sahəsindən 2004cü il tarixdən istifadə etməsi məhkəmələr tərəfindən müəyyən olunmuş faktdır. Belə olan halda Ağahüseynovlar ailəsi ilə X22 arasında 1.33 ha torpaq sahəsinin 0.80 ha hissəsinin özgəninkiləşdirilməsi barədə bağlanmış uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Belə ki, həmin əqdin tərəfləri Q.Nəcəfovun və ailəsinin torpaq sahəsindən 2004-cü il tarixdən istifadə etdiyini bildiklərinə görə əqd bağlandıqdan sonra torpağa heç bir dəfə gəlməmişlər, orada heç bir fəaliyyətlə məşğul olmamışlar. Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********22 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qeydiyyatın etibarsız hesab edilməsi və 1.33 ha torpaq sahəsi üzərində mərhum Q.Nəcəfovun mülkiyyət hüququnun dövlət reyestrinə daxil edilməsinin Cavabdeh7nə həvalə edilməsi” hissəsində xitam verilmişdir.

İş materialları :

3. İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.3 ha torpaq sahəsinə dair X24 ilə X8, Cavabdeh3 , Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair X20 adına çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-677/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. 5.Sözügedən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(105)-1562/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6.Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, AR Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-5582/2021 nömrəli qərarı ilə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(105)-1562/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7.İddiaçı AR Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18.1.2021-ci il tarixli qərarının AR Kontitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. 8.AR Kontitusiya Məhkəməsi Plennumunun xx.xx.2023-cü il tarixli İddiaçı şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarı ilə mülki iş üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı AR Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, AR MPM-in 416.1, 418.1, 418.2 və 418.3 maddələrinə uyğun olmayan hesab edilmiş və müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərardad əks olunmuş hüquqi mövqelərə uyğun olaraq AR Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş və müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq AR mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. 9.AR Ali Məhkəməsi Plennumunun 19 may 2023-cü il tarixli 13(102)-2(k)/2023 nömrəli qərarı ilə AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5582/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1562/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. 10.Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-677/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı iddiasının “çıxarışın verilməsi” tələbinə dair hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilmiş və iddiaçıya aidiyyəti üzrə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını aparan inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 11.Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1812/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-67772020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş və Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinə dair X24 ilə X8, Cavabdeh3, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. 12.20 sentyabr 2004-cü ildə bağlanmış müqaviləyə əsasən X8, Cavabdeh3, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 10/X-2001-ci il tarixdə Dövlət Yerqurlayihə İnstitutu tərəfindən verilmiş JN 868 nömrəli (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus olan Quba rayonu, İ Nügədi kəndində yerləşən (0.80 ha əkin sahəsi 53.2 ha bağ sahəsi) olmaqla, cəmi 1.33 ha torpaq sahəsini 1700 manat X3. 13.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.5322 ha torpaq sahəsi X4, Cavabdeh3, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 və X5 birgə paylı mülkiyyətindədir. 14.Satıcı qismində X8, Cavabdeh3, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 və Cavabdeh1 ilə alıcı qismində Cavabdeh6 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.80 ha torpaq sahəsini sonuncuya satmışlar. 15.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,929 kv.m torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. 16.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********22 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.8 ha torpaq sahəsi Cavabdeh6 adına xüsusi mülkiyyət hüququ əsasında ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

17. JN:868, KOD 30319018 saylı Dövlət aktına əsasən X8, Cavabdeh3, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 və Cavabdeh1 Quba rayon AİKnın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarına əsasən 1,33 ha torpaq sahəsi verilmişdir.

Tərəflərin izahatları :

18. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X25 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. 19.Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi qismində vəkili Vəkil iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə iddiaçı əqdin etibarlılığının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. 20.Cavabdehlər Cavabdeh5 və Cavabdeh2 Ağahüseyn qızı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.xx.xx.2024-cü il tarixdə Cavabdeh3, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 və Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişlər ki, İddiaçı qaldırdığı idda tam əsassızdır. Belə ki, iddiaçının qaldırdığı iddia yalan və şər-böhtan xarakterlidir. Ona görə ki, iddiaçı iddiasında göstərir ki, guya 2004-cü ildə onları razılığı və notariusa gələrək imzaları əsasında sözügedən 1.33 ha torpaq sahəsi alqı-satqı edilmişdir. Təəssüf olsun ki,bu tam ağ yalandır. Belə ki, əvvəla 204-cü ildə Cavabdeh5 həqiqi hərbi xidmətdə olub. Əllərində həmin vaxt xidmətdə olması barədə sənədləri var. Digər tərəfdən 2014-cü ildə iddiaçının qardaşı Nəcəfov Faiq BTK yaratmaq üçün birgə təsərrüfat yaratmaq adı ilə onlara qol çəkdirib. X27 həmin imzaları saxtalaşdıraraq və onların iştirakı olmadan notariusda sözügedən torpağı alqı-satqı edib. Digər tərəfdən izahat vaxtı onlara verilən həmin torpaq sahəsinin çıxarış və qiymətləndirmə şəhadətnaməsini xx.xx.2021-ci ildə almışlar. Digər tərəfdən o sözügedən torpağın 0.80 ha hissəsini rəsmi reyestr və Asan Xidmətin sənədləri əsasında Cavabdeh6 vermişdir. Əvəzində isə Cavabdeh6 başqa yerdən 0.93 ha torpaq sahəsi alıb sənədləşmə əsasında vermişdir. Əmlak payı ailələrinə verilən 274 kv.m quş damı olan fermanı da X25 4 tərəfini setka ilə bağlayıb və açarlayıb. Onları yaxın qoymur. Ailələrinin hüquqları iddiaçı və qardaşı Faiq tərəfindən pozulub. Ona görə də dövlətin müvafiq Fərmanlarına söykənərək iddiaçının iddiasını əsaslı araşdırmaq və əsassız olduğundan iddiaya xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddiada göstərilən məsələlərlə bağlı dəfələrlə məhkəmələr olmuşvə 9 dəfə məhkəmələr onların xeyrinə həll olunmuşdur. Əvvəldə göstərdiyimiz kimi əlavə olaraq bildirmək istəyir ki, 2004-cü ildə Cavabdeh5 hərbi xidmətdə olub. Cavabdeh1 isə tam azyaşlı olun və onun yerinə heç kim onlardan qol çəkməyib. Ancaq bağlanmış subsidiya almaq adı altında olan müqavilədə isə Pərvizin də imzası var, Pərvinin də. Həmin imzalar alqı-satqı müqaviləsi kimi Nəcəfov Faiq tərəfindən saxtalaşdırılıb və notariusda torpağın alqı-satqı əməliyyatı aparılıb. 22.Cavabdeh6 məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

23. Etirazı onunla əsaslandırmışdır ki, 22 aprel 2022-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən birgə mülkiyyətdə olan 0,80 ha torpaq sahəsinin dəyərini X9, Cavabdeh2 Ağahüseyn qızı, Cavabdeh3, X11, X2 ödəyərək almışdır. Ötən müddət ərzində, yəni torpaq sahəsini əldə etdiyi 2022-ci ildən həmin torpaq sahəsi ilə bağlı heç kim tərəfindən hər hansı narazıçılıq olmamışdır. İddiaçı iddia ərizəsində öz xəyallarına uyğun əsaslandırma yazaraq bildirir ki, Ağahüseynovlar ailəsi ilə onun arasında 0,80 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə bağlanmış əqd uydurmadır, görünüş üçün bağlanmışdır. Həmin əqdin tərəfi, yənio Q.Nəcəfovun və ailəsinin torpaq sahəsindən 2004-cü il tarixdən istifadə etdiyini bildiyinə görə əqd bağlandıqdan sonra torpağa heç bir dəfə də gəlməmiş orada heç bir fəaliyyətlə məşğul olmamışdır. Sözügedən 1,33 ha torpaq sahəsi ilə əlaqədar Ağahüseynovlar ailəsi ilə Qafarovlar ailəsi arasında məhkəmə işləri olmuşdur. Lakin 2022-ci ildə həmin məhkəmə prosesləri yekunlaşmış, yalnız bundan sonra iddiaçının qardaşından sözügedən torpaq sahəsi ilə əlaqədar mübahisələrinin nə yerdə olduğunu soruşduqda qardaşı məhkəmə proseslərinin Ağahüseynovların xeyrinə yekunlaşdığını, məhkəmələrdə ona torpaqla bağlı iddia müddətini ötürdüyünü, bundan sonra Ağahüseyinovlardan maddi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmiş, sözügedən torpaqla əlaqədar mübahisənin olmadığını qeyd etmişdir. Bundan sonra o, vicdanlı alıcı kimi həmin 1,33 ha torpaq sahəsinin 0,80 ha hissəsinin haqqını ödəyərək Ağahüseyinovlar ailəsindən almış və öz adına rəsmiləşdirmişdir. Həmin vaxt torpaq sahəsi üzərində hər hansı qadağa və ya yüklülük, həmçinin sözügedən torpaq sahəsi ilə əlaqədar məhkəmə işi olmamışdır. Ona görə də o, vicdanlı alıcı olaraq həmin torpaq sahəsini notariat ofisində qanuni şəkildə alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin haqqını ödəyərək almışdır. İddiaçı həmin torpaq sahəsinə heç bir dəfə də gəlməmişdir yalanına cavab olaraq bildirir ki, o həmin torpaq sahəsində damlama sistem vasitəsilə meyvə bağı salmışdır. Həmin bağa bu gün də qulluq edir. Qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsi üzrə alıcı, yəni Cavabdeh6 vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan torpaq sahəsinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış etibarsız hesab edilə bilməz. 24.Cavabdeh X11 məhkəməyə yazılı qaydada etiraz təqdim edərək bildirmişdir ki, iddia ilə tanış olanda məlum olmur ki, iddiaçı hansı əqdi və nəyə görə, hansı əsasla etibarsız hesab edilməsini tələb edir. Axı etibarsızlığın əsasları Mülki Məcəllədə aydın şəkildə göstərilib. İddiaçı öz iddia tələbində 340 maddəsinə əsaslanır, bu maddə uydurma əqdlərlə bağlıdır, burada uydurma başqa bir əqdi pərdələmə nədən ibarətdir, tələbin hüquqi əsası nədir aydın olmur. Bundan əlavə iddiaşı AR MM-in 337-ci maddəsini göstərir. Həmin maddənin tələbinə görə Mülki Məcəllənin müəyyənləşdirdiyi şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Buradan da məlum olmur ki, iddiaçı Mülki Məcəllənin hansı əqd bağlanması ilə bağlı şərtlərinin pozulmasını iddia edir.

Tətbiq edilən hüquq :

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki:

Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

28.S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki; Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

29.“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki; Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

30. Məhkəmənin mövqeyi :

31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

32. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

33. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. Hazırki iddia tələbinin məzmunundan da aydın olduğu kimi iddiaçı məhz 0.80 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə 22 aprel 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini mübahisələndirməklə onun etibarsızlığı tələbini irəli sürür.

36. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). 38.Yuxarıda sadalanan normalardan, eyni zamanda formalaşmış məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi bağlanmış hər hansı bir əqdin etibarlı olması üçün həmin əqd müəyyən olunmuş şərtlərə tabe olmalıdır. 39.İddiaçı tərəfin əqdin etibarsız olmasına istinad etdiyi hallara münasibətdə məhkəmə aşağıda sadalanan halların qeyd edilməsini zəruri hesab edir. 40.İşin hallarından da məlum olduğu kimi tərəflər arasında uzun müddət davam edən məhkəmə mübahisələri mövcud olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.3 ha torpaq sahəsinə dair X24 ilə X8, Cavabdeh3 , Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X11, Cavabdeh5 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə bağlı Quba rayon Məhkəməsində iddia qaldırmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 sentyabr 2004-cü il tarixli müqavilənin məzmunundan aydın olur ki, tərəflər arasında Quba rayonu, İ Nügədi kəndində yerləşən (0.80 ha əkin sahəsi 53.2 ha bağ sahəsi) olmaqla, cəmi 1.33 ha torpaq sahəsini satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-677/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmişdir. Sözügedən qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmiş, AR Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-5582/2021 nömrəli qərarı ilə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(105)-1562/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, məhkəmə prosesləri X8, Cavabdeh3 , Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X11 və Cavabdeh5 xeyrinə yekunlaşmışdır.

41. Sözügedən şəxslər həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5322 ha hissəsinə dair birgə mülkiyyət üzrə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 0.80 ha hissəsinə dair birgə mülkiyyət üzrə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar almış, sonuncu çıxarış əsasında 0.80 ha təşkil edən Quba rayonu, İ Nügədi kəndinə yerləşən torpaq sahəsini 22 aprel 2022-ci il tarixdə hazırki iş üzrə digər Cavabdeh6 satmışlar. Göründüyü kimi torpaq sahəsi tərəflər arasında mövcud olmuş məhkəmə mübahisəsi üzrə AR Ali Məhkəməsinin qərarı qəbul edildikdən, kassasiya instansiyası məhkəməsində iş yekunlaşdıqdan sonra özgəninkiləşdirilmişdir. 42.Məhkəmə iclasında dindirilmiş, mübahisələdirilən torpaq sahəsinin hazırki mülkiyyətçisi Cavabdeh6 verdiyi izahatda tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisənin mövcudluğunun əvvəldən ona məlum olduğunu bildirməklə, həmin səbəbdən torpaq sahəsini satın almaq üçün məhkəmələrin yekunlaşmasını gözlədiyini qeyd etmişdir. İzahatında Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.80 ha torpaq sahəsini satın alarkən mübahisənin yekunlaşıb-yekunlaşmadığını cavabdehlərdən savayı hətta iddiaçının nümayəndəsi qismində çıxış edən Faiq Nəcəfovdan da soruşduğunu, sonuncunun isə ona AR Ali Məhkəməsinin qərarının qəbul edildiyi və məsələnin onların ziyanına həll olunduğu barədə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Nəcəfov özü də Cavabdeh6 torpaq sahəsini satın alarkən onun fikrini öyrəndiyini təkzib etməmişdir. Əlavə olaraq sözügedən şəxs iddiaçının AR Konstitusiya Məhkəməsinə müraciət edəcəyi barədə məlumatı olmadığını, bununla bağlı ona hər hansı bir məlumatın verilmədiyini də qeyd etmişdir. 43.Mülki prosessual qanunvericiliyə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 44.Qeyd edilməlidir ki, “İddiaçı şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiyasının qərarı mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlandıqdan, təxminən il sonra, yəni 03 mart 2023-cü il tarixdə qəbul edilmişdir. 45.Daha sonra AR Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarını rəhbər tutmaqla Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1812/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinin alqısatqısına dair 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. 46.Lakin işin sadalanan hallarından da məlum olduğu kimi hazırki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh6 mübahisəli torpaq sahəsini tərəflər arasında mövcud olmuş məhkəmə prosesləri yekunlaşdıqdan sonra, yəni 22 aprel 2022-ci il tarixdə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında əldə etmişdir. 47.Qeyd edilməlidir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. 48.Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). 49.Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). 50.Yuxarıda sadalanan hallara əsaslanmaqla məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, İddiaçı hazırda Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.33 ha torpaq sahəsinin alqı-satqısına dair 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını rəhbər tutaraq xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız olması tələbini irəli sürsə də, nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə alıcı qismində çıxış edən Cavabdeh6 torpaq sahəsini məhz daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsaslanmaqla əldə etmiş, hətta tərəflər arasında mövcud olmuş məhkəmə mübahisələrinin yekunlaşmasını gözləmişdir. Qeyd edilən hallar sözügedən şəxsin vicdanlı alıcı qismində çıxış etdiyini bir daha təsdiq edir. Əlavə olaraq da məhkəmə bildirir ki, Cavabdeh6 torpaq sahəsini əldə etdiyi zaman iddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə hər hansı bir müraciət faktı mövcud olmamışdır. 51.Sadalanan qanunvericilik normalarından və formalaşmış məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.Bununla da artıq dövlət reyestrində yazının mövcudluğu faktının olması əldə edən şəxsin vicdanlı alıcı kimi tanınmasını mümkün edir. 52.Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində AR Mülki Məcəlləsinin 340-cı maddəsini rəhbər tutmaqla, xx.xx.2022-ci il tarixli torpağın alqı-satqısı barədə əqdin uydurma əqd olmasına istinad etmişdir. 53.Belə ki, AR Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. 54.Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsindəöz aralarında razılığa gəlmiş olurlar Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. 55.Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər.

56. Hazırki halda iddiaçı mübahisəli torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli əqdin uydurma əqd olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı sözügedən əqdin etibarsızlığına dəlalət edən hər hansı bir əsas müəyyən edilməmişdir.

57. Cavabdeh X7 nümayəndəsi qismində vəkili Vəkil tərəfindən AR Mülki Məcəlləsinin 354cü maddəsinə istinad etməklə verilmiş müddətin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə isə məhkəmə bildirir ki, hazırki iş üzrə mübahisələndirilən əqdin etibarsızlığı halları müəyyən edilmədiyindən iddiaçının qanunvericiliklə müəyyən edilmiş müddətə riayət edib-etməməsi məsələsinin araşdırılması zərurəti aradan qalxır.

Məhkəmə xərcləri :

58.Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

59. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağahüseyn qızı, Cavabdeh3, X11, Cavabdeh5, Cavabdeh6 və İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar