Məhkəmə qərarları › İş №2(027)-2600/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2600/2022

21.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2600/2022 21.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair idia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2022-ci il tarixli 029184 saylı Aktın və həmin akta əsasən hesablanmış 324 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. iddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır və təşkilatla bağladığı işığın alqı-satqısına dair müqaviləyə əsasən elektrik elektrik enerjisindən istifadə edir, istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyir. 2022-ci ildə "xxxx" ASC-nin əməkdaşları yaşadığı kəndə gələrək, qəzalı sıradan çıxmış elektrik dirəklərini yenisi ilə əvəz edirdilər. Həmin vaxt onun evinə sayğac maneəçilik törətdiyi üçün yerini dəyişməli oldular və həmin vaxt onların səhlənkarlığı üzündən sayğacın baxış şüşəsində çat əmələ gəldi. O, onlara və cavabdehin pul toplayan nəzarətçisinə bu barədə məlumat verib sayğacın yenisi ilə əvəz etməsini tələb etmişdir. Onlar hər dəfə ona sayğacı dəyişəcəklərini, narahat olmamağını bildirdilər. 24 iyun 2022-ci il tarixdə cavabdeh təşkilatın nəzarətçisi orada idi. O, bildirdi ki, sayğacı özlərinin dəvət etdiyi dirəkləri dəyişən işçilər sayğacın yerini dəyişərkən sındırıblar bu barədə rəhbərliyə məlumat verilib. Sayğacı cavabdeh təşkilatın əməkdaşları yenisi ilə əvəz edib apardıqdan sonra ona güya sayğaca müdaxilə etməyi barədə akt tərtib olunduğunu və ona 324 manat cərimə hesablandığını bildirdilər. O, qeyd olunan cərimə ilə razılaşmır. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz təqdim edərək, İddiaçı "xxxx"ASC-nin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2022-ci il tarixli 029184 saylı Aktın və həmin akta əsasən hesablanmış 324 manat məbləğində borcun onun abonent hesabından silinməsinə dair iddia tələbinin qanunsuz və əsasız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, elektrik sayğacının şüşəsi sınmış, bu barədə nəzarətçiyə məlumat vermiş, sonra gəlib sayğacı dəyişib aparmışlar və demişlər ki, labarotoriyada baxış keçirilərkən onu da dəvət edəcəklər. Lakin heç bir dəvət olmadan 324 manat ziyan yazmışlar. Həmin ziyanı əsassız hesab edir. Ona görə də iddiasının təmin olunmasını xahiş edir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 24 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı mənzilində quraşdırılmış elektrik sayğacının baxış tablosunun şüşəsinin gövdədən aralı vəziyyətdə olması, sayğacın üst gövdəsində xüsusi dəlik açılması, sayğaın dövlət möhürünün şübhəli olması barədə 029184 nömrəli akt tərtib edilmiş və elektrik sayğacın yenisi ilə əvəz olunması tələbi qoyulmuşdur. İş materiallarında olan **********01271 saylı Abunə Haqqında məlumatdan görünür ki, İddiaçı 24 iyun 2022-ci il tarixli akt əsasında EİQ pozulması ilə 297,96 manat və 26,19 manat borcunun olması göstərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus olan evində quraşdırılmış DD862 tipli, ********* seriyalı mexaniki sayğaca 24 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və elektrik sayğacının baxış tablosunun şüşəsinin gövdədən aralı vəziyyətdə olması, sayğacın üst gövdəsində xüsusi dəlik açılması, sayğacın dövlət möhürünün şübhəli olması barədə 029184 saylı akt tərtib olunmuşdur. İddiaçı adına "xxxx" ASC tərəfindən faktiki istehlak etdiyi elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, baxış tablosunun şüşəsinin gövdədən aralı vəziyyətdə olması, sayğacın üst gövdəsində xüsusi dəlik açılması əsas gətirilməklə müəssisənin kompüter məlumat bazasındakı abonent hesabına 324 manat məbləğində cərimə borcu daxil edilmişdir. İşin müəyyən olunmuş hallarına hüquqi qiymət verən məhkəmə qeyd edir ki, elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi halda, məişət abonentinin və iki hal şahidinin iştirakı ilə akt tərtib olunmalıdır. Hazırkı halda isə cavabdeh təşkilatın əməkdaşları qanunun bu normasına əməl etməyərək, məişət abonentinin və iki hal şahidinin iştirakı olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enercisindən istifadə Qaydaları”na zidd Akt tərtib etmişlər. Bunun əsasında da iddiaçıya 324 manat elektrik energisi borcu hesablanmış və həmin abonentin abonent hesabına daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Göründüyü kimi, qanunvericilik məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi ilə bağlı aktların tərtib olunarkən aktın mötəbərliyini, istehlakçıların hüquq və mənafelərinin müdafiəsini lazımınca təmin etmək və burada vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsinə şərait yaradan subyektiv halların qarşısının alınması üçün işdə marağı olmayan kənar şəxslərin–hal şahidlərinin iştirakının təmin olunmasını vacib əhəmiyyətə malik olduğunu təsbit etmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, abonent İddiaçı barəsində 24 iyun 2022-ci il tarixli, 029184 nömrəli akt qanuni olaraq tərtib edilməmiş, akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin 8-ci bəndinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin aktda nə abonentin iştirakı, nə də ki, iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Eyni zamanda akt tərtib edilərkən iddiaçının-abonentin izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, bu izahatlar və mülahizələrin akta əlavə olunmasını tələb etmək hüquqları təmin edilməməklə, pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən əsassız eneji sərfinin iddiaçının təqsiri üzündən baş verib-verməməsi və bu sərfin və onun qiymətinin hansı qayda və müddətlər əsasında hesablanması müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib olunmuş 029184 nömrəli, 24 iyun 2022-ci il tarixli akt etibarsız sayılmalı və bu akt əsasında iddiaçıya hesablanmış 324 manat cərimə məbləği silinməlidir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməyərək, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib olunmuş 029184 nömrəli, 24 iyun 2022-ci il tarixli aktın qanunun tələblərinə uyğun olaraq düzgün tərtib olunmasını, iddiaçının göstərilən tarixdə sayğacdan kənar elektrik xətti çəkməsini və buna görə onun 324 manat borcunun hansı müddət əsasında və haradan yaranmasını, necə hesablanmasını və iddiaçının həmin 324 manat məbləği ödəməli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandıran halların mövcudluğunu sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə, iddiaçının izahatanı dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 24 iyun 2022-ci il tarixli, 029184 saylı akta əsasən hesablanmış 324 manat məbləğində cərimə İddiaçı məxsus **********01271 kodlu abonent hesabından silinməlidir. Həmçinin iddia təmin edildiyi və iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun mətninin 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 24 iyun 2022-ci il tarixli, 029184 saylı akta əsasən hesablanmış 324 manat məbləğində cərimə İddiaçı məxsus **********01271 kodlu abonent hesabından silinsin; "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar