Məhkəmə qərarları › İş №2(027)-267/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-267/2025

13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-267/2025 13.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın, tələbnamənin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktın ləğv edilməsi və hesablanmış 777,60 manat məbləğində borcun ona məxsus abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 24-cü məhəllədə yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi JN 322A Kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində yerləşən yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Azəriqaz ASC ilə bağlanmış qazın alqı satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edir və istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəyir. Qaz sayğacı onun adına qeydə alınmışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 14:30 radələrində Quba şəhəri Nəsimi küçəsində naməlum avtomobilin ehtiyatsızlıq ucbatından baş vermiş yol nəqliyyat hadisəsi zamanı D/25 mm-lik qaz xəttini vurmuş, nəticədə D/25 mm-lik qaz xəttinin üzərində quraşdırılmış ona məxsus Zenner markalı G-4 tipli 11472667 nömrəli qaz sayğacının giriş və çıxış yivli birləşmələri deformasiyaya uğradığından istismara yararsız vəziyyətə düşmüş, qaz itkisi baş verməmişdir. Bu fakt üzrə Xaçmaz RQİİ Quba rayon şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixli Akt tərtib edərək ona təqdim edilmişdir. Giriş və çıxış yivli birləşmələr deformasiyaya uğradığından istismara yararsız vəziyyətə düşmüş qaz sayğacı həmin gün-xx.xx.2023-cü il tarixdə Azəriqaz İB-nın əməkdaşları tərəfindən çıxarılaraq, növbədən kənar Dövlət yoxlanışına göndərildi və əvəzinə yeni sayğac quraşdırıldı. Bu barədə qurumun əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı Akt tərtib edilmişdir. 2024-cü ilin əvvəllərində qaz borcu qəbzi gələrkən 777,60 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İİ-nə müraciət edərək həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda mənə qeyd olunan borcun xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək akt və tələbnaməni mənə təqdim etdilər. Həmin aktla tanış olduqda ona məlum oldu ki, ******* saylı aktda çıxarılmış qaz sayğacının gövdəsinin kənar təsir nəticəsində əzilməsi, sayğacın çıxış plastmas borusunun deşilməsi və sayğacın istismara yararsız olması qeyd olunmuş və həmin akta əsasən də tələbnamə tərtib olunaraq 777,60 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbərim belə olmamışdır. xx.xx.2023-cü il tarixli ******* saylı akta və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməz idi. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 777,60 manat cərimə onun **********00250 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin 30 noyabr 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonunda yerləşən Ramiddin Ağakişiyeva məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi yoxlanılması zamanı qaz sayğacın gövdəsi kənar təsir nəticəsində əzildiyi, çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. -X1 xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, Ramiddin Ağakişiyeva məxsus Quba rayonunda yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 6480 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 30 noyabr 2023-cü il tarixli, ******* saylı akt olmuşdur; **********00250 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2024cü il üçün 777,60 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 777,60 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 777,60 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 30 noyabr 2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda (30 manat) məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz manat) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1036,80-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 30 noyabr 2023-cü il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc İddiaçı **********00250 saylı abonent hesabından silinsin. 30 (otuz manat) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar