Məhkəmə qərarları › İş №2(027)-272/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-272/2024

24.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-272/2024 24.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən mərhum qayının X1 adına əsassız tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 518,40 manat məbləğində borcun **********02640 saylı abonent hesabımdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus olmaqla istifadəsindədir. Yaşayış evinə təbii qazın verilməsinə görə Azəriqaz ASC ilə ilkin olaraq mərhum qaynı X2 arasında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Arif Nəsrullayev 1985-ci ildə başqa yerə köçüb getmişdir. Yaşayış evini o, öz adına rəsmişləşdirmişdir. Qazın alğı-satqısına dair müqavilə qaynı Arif Nəsrullayevin adına qalmış, onunla isə Azəriqaz ASC arasında qazın alğı-satqısına dair müqavilə 03 noyabr 2023-cü il tarixdə bağlanmışdır. Yaşayış evinə quraşdırılmış sayğaca əsasən o, və ailəsi qazdan istifadə edir, istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtında ödəyirlər. 02 avqust 2023-cü il tarixdə Azəriqaz İB-nın əməkdaşları onun razılığı və iştirakı olmadan yaşadığı yaşayış evinə quraşdırılmış və istifadə etdiyi Zennertipli qaz sayğacını çıxararaq digər Zenner tipli qaz sayğac ilə əvəzləşdirmişlər. 2023-cü ilin sentyabr ayında qaz borcu barədə bildiriş gələrkən 518,40 manat məbləğində borc hesablandığını görmüşdür. xx.xx.2023-cü il tarixli ******* saylı aktda Azəriqaz İB-nın əməkdaşlarının çıxardığı Zenner tipli qaz sayğacına baxış keçirilmiş, guya qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının yuvasının ətrafında əzikcızıq izlərinin olması qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2023-cü il tarixli tələbnamə tərtib olunaraq mərhum qaynı Arif Nəsrullayevin adına 518,40 manat cərimə borcu hesablanmışdır. Aktda imza etməkdən imtina edildiyi qeyd olunmuşdur. Hansı ki, həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktla və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Qaz sayğacı küçədə qaz borusunun üzərində quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Onunla qaz paylayıcısı arasında 03 noyabr 2023-cü il tarixdə müqavilə bağlanmışdır. Ondan sonra Quba Qaz İB-dən onun adına verilmiş abonent saldosunda da mərhum qayının və onun adına açılmış **********02640 saylı eyni abonent hesabda da 518.40 manat cərimə göstərilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının yuvasının ətrafında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 518,40 manat məbləğində borcu vardır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarıəşdan görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının yuvasının ətrafında əzikcızıq izlərinin olması müəyyən edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 518,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 518,40 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt və tələbnamə özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 518,40 manat məbləğində borc iddiaçının **********02640 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********02640 saylı abonent hesabına hesablanmış 518,40 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar