Məhkəmə qərarları › İş №2(027)-274/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-274/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-274/2022 01.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən onun adına olan **********04540 saylı abonent koduna əsassız olaraq hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvanda istifadə etdiyi qaz sərfiyyatı ilə əlaqədar əsassız olaraq 432 manat borc hesablanmışdır. Belə ki, Cavabdeh tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, dəymiş ziyanın həcmi hesablanarkən guya 4320 m3 sərfiyyat müəyyən edilmişdir. 13.10.2021-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, guya sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Onun ümumiyyətlə belə bir müdaxilədən xəbəri olmamışdır. Sayğac evin çölündə yerləşmişdir və ona İstehsalat birliyinin əməkdaşlarından başqa heç kim müdaxilə edə bilməzdi. Evindən kənarda, yəni küçədə quraşdırılmış qaz sayğacına gecə-gündüz nəzarət etmək və qorumaq onun vəzifəsi deyildir. Lakin belə çıxır ki, cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət etmək ondan tələb edilir. Həmin qaz sayğacını qorumaq üçün vacibdir ki, o, gecədən səhərə kimi keşik çəksin. Bu isə onun imkanları xaricindədir. Bu vaxta kimi istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir və heç bir zaman cavabdeh təşkilatla arasında qaz borcu ilə bağlı ciddi problemi olmamışdır. Lakin cavabdeh təşkilat hal-hazırda ondan təqsiri olmalığı halda istehlak etmədiyi təbii qaza görə 432 manat əsassız pul tələb edir. İstehlakçı kimi hüquqları pozulduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB məhkəməyə etiraz təqdim edərək, abonent İddiaçı müdaxilə olunduğunu mübahisələndirdiyi Elester tipli G-4 markalı ******* №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı İddiaçı heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik götürmüşdür. Yuxarıda qeyd edilən sayğac abonentin həyətində qapalı yerdə quraşdırılmışdır, buna görə də kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyildir. Həmin sayğaca abonent İddiaçı iştirakı ilə 10.09.2021-ci il tarixdə Xaçmaz RQİİ-nin Quba rayonu üzrə qaz sayğaclarının qəbulu və istismarı xidmətinin işçiləri tərəfindən baxış keçirilmiş və sayğac xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə ******* saylı 10.09.2021-ci il tarixli akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. ******* №-li sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilərək 29/1710- 03901-1 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, ******* saylı qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Sayğaca müdaxilə olunması qazdan istifadə qaydalarının pozulması kimi qiymətləndirilir. İddiaçı barədə həmin akta uyğun itirilmiş qazm bərpası üçün hesabat aparılaraq 4320m3 və ya 432 manat məbləğində qaz itkisi hasablanmışdır. Ona görə də hesab edir ki, İddiaçı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 4320 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 13.10.2021-ci il tarixdə onun yaşadığı Quba rayonu, Dağlı kəndində yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 29.10.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc iddiaçının **********04540 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********04540 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar