Məhkəmə qərarları › İş №2(027)-278/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-278/2023

01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-278/2023 01.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş, 17 fevral 2022-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında mülkiyyətimdə olan fərdi yaşayış evinə dair abonent hesabına yazılmış 1296 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəcər Zeyid kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Azəriqaz İB-nin əməkdaşları ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacını çıxardaraq əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 17 fevral 2022-ci il tarixdə Azəriqaz İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına ümumi baxış keçirilən zaman sayğacın işində sim aşkar olunması qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0207694” nömrəli akt tərtib edilmişdir. Sayğac onun tərəfindən zədələnməmiş, sayğacın zədələnməsində onun təqsiri olmamışdır. Cavabdeh Azəriqaz İB əməkdaşları tərəfindən həmin akt əsasında Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və qazdan istifadəyə görə 1296 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir. Sayğac çöldə olduğu üçün, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Bütün günü sayğacın keşiyini çəkə bilməz. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir, İddiaçı ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alğı-satqı Müqaviləsinə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Abonentin sayğacının son dörd ay ərzində (xüsusi ilə də qış aylarında) göstəricilərinin dəyişilmədiyinə görə qaz xətlərinə və qaz işlədici cihazlarına xx.xx.2022-ci il tarixdə Quba xidmət sahəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Bu zaman abonentin qaz sayğacının səslə işləməsindən şübhələnilmiş, sayğacı abonentin iştirakı ilə xətdən açarkən giriş hissəsində dəmir sim aşkar olunmuşdur. Həmin sim sayğaca keçən qazı qeyd edən dişli çarxları saxlamaq və sayğacın göstəricilərinin irəli getməsinin qarşısını almaq üçün daxil edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmişdir (disk etiraza əlavə edilir ). Abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında həmin vaxt xx.xx.2022ci il tarixli ******* saylı akt tərtib edilmiş, abonent təbii qazdan qanunsuz yolla istifadə etməsini etiraf edərək aktı heç bir irad bildirmədən imzalamışdır. Qaz işlədici cihazların saatlıq qaz sərfinə uyğun olaraq abonent İddiaçı üçün 10800 m3 və ya 1296 manat itirilmiş qazın ziyanı hesablanaraq abonent koduna işlənilmişdir. Fakt qarşısında qalan abonent İddiaçı aktı heç bir irad bildirmədən imzalamışdır. Abonent İddiaçı həmin anda onun üçün hesablanan ziyan məbləğindən 300 manat ödəniş etmişdir. Bundan başqa abonent saldosuna nəzər yetirsək müəyyən olunur ki, İddiaçı akt tərtib olunandan əvvəl üç ay ərzində onun qaz sayğacının sərfiyyatı qeyd etməsi 0 rəqəmi ilə ifadə olunmuşdur. Sayğac dəyişildikdən sonra isə 530 m3 qaz sərfiyyatı qeyd edilmişdir. İddiaçı ərizəsində sayğac dövlət yoxlamasında olarkən onun çağırılmadığını, sayğacın onun iştirakı olmadan yoxlamadan keçdiyini qeyd edir. Halbuki, sayğac dövlət yoxlamasına göndərilməmiş, video çəkilişdə sayğacdan çıxan məftilin vizual görüntüsü tam aydınlığı ilə əks olunduğundan sayğacın laboratoriyaya yoxlamaya göndərilməsinə heç bir ehtiyac qalmamışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmiş, sayğacın içində sim aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üzrə 1296,36 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı 1296,36 manat məbləğində borc üzrə 300 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Quba rayonu, Qəcər Zeyid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacın içərsində sim aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən sayğacın içərsində sim aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1296,36 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, iş materiallarında iddiaçı tərəfindən sayğacın içərisinə sim yerləşdirildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı sayğaca baxış keçirilən və akt tərtib edilən zaman onun iştirakının təmin edilməməsini qeyd etsə də, ******* saylı aktda iddiaçının imzası olduğu və cavabdehə vurduğu ziyana görə 300 manat məbləğində ödəniş etdiyi müəyyən edilmişdir. İddiaçının qeyd olunan ziyan üzrə ödəniş etməsi sayğaca onun tərəfindən müdaxilə edilməsinin sübutu kimi qəbul edilməlidir. İddiaçı isə məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar