Məhkəmə qərarları › İş №2(027)-294/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-294/2022

07.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-294/2022 07.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı qanunsuz hesablanmış cərimə pulunun silinməsi tələbinə dair idia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz REŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 238306 nömrəli akta görə onun hesabına yazılmış 667,27 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Azərişıq» ASC Xaçmaz REŞ-nin əməkdaşları 01.11.2021-ci il tarixində 19:30 radələrində heç bir əsas olmadan, onun iştirakını təmin etmədən işıq sayğacına baxış keçiriblər. Həmin vaxtda evdə həyat yoldaşı olub. Həyat yoldaşına onlarda kənar xətt olduğunu bildirmişlər. Yoldaşı ona zəng edib bu barədə bildirdikdə, o işdən gəlib evə çatmaqda olmuş, REŞ əməkdaşlarına etirazını bildirmiş və onlara kənar xətt varsa, gəlib həyətə daxil olmalarını və aşkarlayıb akt tərtib etmələrini demişdir. Buna qonşuları da şahiddirlər. REŞ əməkdaşları isə Sabah idarəyə gəlməsini, orada danışmalarını deyib çıxıb getmişlər. O, «Azərişıq”ın qaynar xəttinə «199»-a zəng etmiş, 199-dan ona müraciətinin qəbul olunduğunu demişlər. 02.11.2021-ci ildə Baş İdarədən ona zəng gələrək təkrar yoxlanılması üçün idarədə ərizə yazmalı olduğunu bildirmişlər. 04.11.2021ci il tarixdə Xaçmaz REŞ-nin işçiləri gəlib işığını kəsmişlər və 238306 nömrəli aktı evə vermişlər. Xaçmaz rayon REŞ-ə gedib etirazını bildirdikdə ona bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün onlar sayğacı dəyişəcəklər. O, 199 qaynar xəttə zəng edib etirazını bildirmişdir. 23.11.2021-ci il tarixdə "xxxx"-dan ona 667,27 manat sizə cərimə yazıldığını demişlər. Xaçmaz REŞ-dən cərimənin qərarının ona verilməsini tələb etsə də, qərarı ona verməkdən imtina etdilər. Aktda qeyd edilmiş kənar xətt mənzilində yoxdur və ola da bilməz. Aktda tələb kimi yazılmış sayğacın yenisi ilə əvəz olunması -yeniləməyiblər və onu işıqsız qoyublar. O, «Evroskon» da sürücü işləyir və evə həftədə 1 və ya 2 dəfə gəlir. Oğlu BDU-nun İİİ kurs tələbəsidir. Evdə yoldaşı tək olur, evində istifadə etdiyi 1 soyuducu, 1 televizor və 3-4 ədəd 7 voltluq lampalardır. O, işlətdiyi enerjinin pulunu vaxtlıvaxtında ödəyir. 51 yaşı var. Əsassız yazılmış cəriməni ödəmək iqtidarında deyildir. Beləliklə, Xaçmaz REŞ-nin əməkdaşlarının tərtib etdiyi 238306 saylı akta görə onun hesabına yazılmış 667,27 manat cərimə borcu silinməlidir. İddiasının təmin olunmasın xahiş edir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz göndərərək, İddiaçı ona məxsus fərdi yaşayış evinə elektrik enerjisindən qanunsuz istifadəyə görə tərtib edilmiş aktın ləğv edilməsinə və akt əsasında hesablanmış borcun silinməsinə dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, 01.11.2021-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdşaları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin uçot dəstinə baxış keçirilən zaman mənzilə quraşdırılmış elektrik hesabat sayğacından kənar faza xətti götürməklə qanunsuz elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinin tələblərinin (bundan sonra EEİQ) pozulması haqqında 01.11.2021-ci il tarixli, R 238306 saylı akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən EEİQ-nın 8.32-ci bəndinin tələblərinə (“Məişət abonenti tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti -daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.”) uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq 667,27 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin iddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. iddiaçıya məxsus mənzildə 2015-ci ildə bir daha elektrik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmiş və hununla bağlı 017381 nömrəli akt tərtib edilərək 281,22 manat məbləğində yenidən hesablaşma aparılmışdır. İddiaçı isə həmin borcu ödəmişdir. Bu hal abunə haqqında çıxarışdan öz əksini tapır. Göründüyü kimi iddiaçı dəfələrlə qaydaları pozaraq elektrik enerjisindən istifadə etməklə enerjitəchizatı müəssisəsi "xxxx" ASC-nə dəfələrlə ziyan vurmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gglir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Həmçinin iddia ərizəsindən isə görunur ki, o yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 01 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı mənzilində quraşdırılmış elektrik sayğacından kənar faza xətti götürülməsi barədə 238306 nömrəli akt tərtib edilmiş və elektrik sayğacın yenisi ilə əvəz olunması tələbi qoyulmuşdur. İş materiallarında olan **********00078 saylı Abunə Haqqında məlumatdan görünür ki, İddiaçı 01.11.2021-ci il tarixli, 238306№-li akt əsasında köhnə tariflə 210 manat, EİQ pozulması ilə 457,27 manat borcunun olması göstərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus olan evində quraşdırılmış DD-862 tipli, 032246 seriyalı mexaniki sayğaca 01 noyabr 2021-ci il tarixdə "xxxx" ASC Xaçmaz REŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və elektrik sayğacından kənar faza xətti götürülməsi əsas gətirilərək, sayğacın yenisi ilə əvəz olunması ilə bağlı 238306 saylı akt tərtib olunmuşdur. İddiaçı adına "xxxx" ASC tərəfindən faktiki istehlak etdiyi elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, elektrik sayğacından kənar faza xətti götürülməsi əsas gətirilməklə müəssisənin kompüter məlumat bazasındakı abonent hesabına 667,27 manat dəyərində cərimə borcu daxil edilmişdir. İşin müəyyən olunmuş hallarına hüquqi qiymət verən məhkəmə qeyd edir elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi halda, məişət abonentinin və iki hal şahidinin iştirakı ilə akt tərtib olunmalıdır. Hazırkı halda isə cavabdeh təşkilatın əməkdaşları qanunun bu normasına əməl etməyərək, məişət abonentinin və iki hal şahidinin iştirakı olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enercisindən istifadə Qaydaları”na zidd Akt tərtib etmişlər. Bunun əsasında da iddiaçıya 667,27 manat elektrik energisi borcu hesablanmış və həmin abonentin abonent hesabına daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Göründüyü kimi, qanunvericilik məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi ilə bağlı aktların tərtib olunarkən aktın mötəbərliyini, istehlakçıların hüquq və mənafelərinin müdafiəsini lazımınca təmin etmək və burada vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsinə şərait yaradan subyektiv halların qarşısının alınması üçün işdə marağı olmayan kənar şəxslərin–hal şahidlərinin iştirakının təmin olunmasını vacib əhəmiyyətə malik olduğunu təsbit etmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, abonent İddiaçı barəsində 01 noyabr 2021-ci il tarixli, 238306 nömrəli akt qanuni olaraq tərtib edilməmiş, akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin 8-ci bəndinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin aktda nə abonentin iştirakı, nə də ki, iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Eyni zamanda akt tərtib edilərkən iddiaçının-abonentin izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, bu izahatlar və mülahizələrin akta əlavə olunmasını tələb etmək hüquqları təmin edilməməklə, pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən əsassız eneji sərfinin iddiaçının təqsiri üzündən baş verib-verməməsi və bu sərfin və onun qiymətinin hansı qayda və müddətlər əsasında hesablanması müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib olunmuş 238306 nömrəli, 01 noyabr 2021-ci il tarixli akt etibarsız sayılmalı və bu akt əsasında iddiaçıya hesablanmış 667,27 manat cərimə məbləği silinməlidir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməyərək, yalnız etiraz göndərmiş, iddia tələbinə etirazı əsaslandıran halların mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə, iddiaçının izahatanı dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, "xxxx" ASC-nin X1 Şəbəkəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 01 noyabr 2021-ci il tarixli, 238306 saylı akta əsasən İddiaçı əsassız hesablanmış 667,27 manat elektrik enerjisi borcu enerjitəchizat müəssisəsinin məlumat bazasından silinməlidir. Həmçinin iddia təmin edildiyi və iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 500 manat məbləğdən yuxarı məbləğlər üzrə iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" ASC-nin X1 Şəbəkəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 01 noyabr 2021-ci il tarixli, 238306 saylı akta əsasən İddiaçı əsassız hesablanmış 667,27 manat elektrik enerjisi borcu enerjitəchizat müəssisəsinin məlumat bazasından silinsin; "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar