Məhkəmə qərarları › İş №2(027)-3/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3/2020

13.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3/2020 13.05.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC-nin cavabdehlər “Cavabdeh2 KFT”-yə, X4, X13, X14, X15, Hüseynov Cavabdeh2 Şakir oğluna qarşı “borc məbləğinin tutulması, borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixli, 1/14 saylı təminatlı kredit xətti müqaviləsinin ləğv edilməsini, kredit müqaviləsi üzrə ödənilməmiş qalan 28 528 manat əsas və 22 727 manat faiz borcu, 4108 manat penya olmaqla, cəmi 55 363 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulmanı Cavabdeh1 məxsus olan Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli, on otaqlı, yaşayış evinə (ümumi sahəsi 317,9 kv.m), Quba rayonu Amsar kəndi Quba-Tüləkəran yolunun sol tərəfində yerləşən Tövlə binalarına və Quba rayonu amsar kəndində yerləşən iki mərtəbəli dörd otaqlı evə yönəldilməsinə və həmin yaşayış evləri və tövlə binaları açıq-hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 MPM-nin 53-cü maddəsini əsas tutaraq, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, cavabdehlər hüquqi şəxs “Cavabdeh2 KFT”-dən, X2, X5, X6, X7, Hüseynov Cavabdeh2 Şakir oğlundan müştərək qaydada qalan 28 528 manat əsas, 20 800 manat faiz borcu, 3423 manat penya olmaqla, cəmi 52,751 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulmanı Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli, on otaqlı, yaşayış evinə (ümumi sahəsi 317,9 kv.m), Quba rayonu Amsar kəndi Quba- Tüləkəran yolunun sol tərəfində yerləşən Tövlə binalarına və Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli dörd otaqlı evə yönəldilməsinə, həmin yaşayış evləri və tövlə binaları açıqhərracda satıldıqdan sonra bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən cavabdeh “Cavabdeh2 KFT”-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(027)-530 saylı qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdı. Cavabdehin vərəsəsinin öyrənilməsi ilə bağlı Quba “Asan Xidmət” notariat konturuna yazılmış sorğuya cavab olaraq bildirilmişdirki, mərhum Cavabdeh1 vərəsəsi kimi həyat yoldaşı X16, oğulları X18, X19, X20, Hüseynov Cavabdeh2 Şakir oğlu çıxış edir. Cavabdeh1 vəfat etməsi ilə əlaqədar olaraq iş üzrə onun vərəsələri olan X3, X10, X11, X12, Hüseynov Cavabdeh2 Şakir oğlunun cavabdeh kimi cəlb edilməsi zərurəti yaranmışdır. İddiaçı «xxxxxxxxxxxxxxxxxx » ASC-nin nümayəndəsi məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımı qaydada xəbərdar edilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia müddəti keçdiyi üçün hazırki iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “Cavabdeh2 KFT”-nin sədri Cavabdeh1 ilə «İş bankası Azərbayan» Müştərək kommersiya Bankı arasında bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 1/14 saylı müqavilə əsasən borc verən borc alana “kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf etdirilməsi ilə bağlı 200 000 000 (iki yüz milyon) manat kredit verməyi öhdəsinə götürmüşdür. Borc alanda eyni zamanda bu müqavilədə göstərilən müddətə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürüb. Kredit 5 il müddətinə, illik 7 % olmaqla müəyyən olunmuşdur. İş materiallarında olan kreditin təminatı məqsədilə xx.xx.2004-cü il tarixli 57 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli, 10 otaqlı, yaşayış evi (xx.xx.2001- ci ildə 1 nömrəli reyestr kitabında, 71 reyestr nömrəsi ilə qeydə alınmışdır.), Quba rayonu Amsar kəndi Quba-Tüləkəran yolunun sol tərəfində yerləşən Tövlə binaları (xx.xx.2001-ci ildə 1 nömrəli reyestr kitabında, 45 səhifədə 178 reyestr nömrəsi ilə qeydə alınmışdır.) və Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli dörd otaqlı ev (xx.xx.2001- ci ildə 1 nömrəli reyestr kitabında, 72 reyestr nömrəsi ilə qeydə alınmışdır.), ipotekaya qoyulmuşdu və tərəflərin razılığı ilə 400 000 000 (dörd yüz milyon) manat dəyərində qiymətləndirilmişdi. İş materiallarında olan xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünürki, Cavabdeh1 banka olan borcu 28 528 manat əsas və 22 727 manat faiz borcu, 4108 manat penya olmaqla, cəmi 55 363 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsilə Quba rayonu Amsar kəndində iki mərtəbəli, 10 otaqlı yaşayış evi, ümumi sahəsi 317.9 kv.m, yaşyış sahəsi 286.8 kv.m olan ev mülkiyyət hüququ əsasında Quba rayonu A. Bakıxanov adına AUK-nın xx.xx.2000-ci il tarixli 2 saylı protokoluna əsasən Cavabdeh1 adınadı, xx.xx.2001-ci ildə 1 nömrəli reyestr kitabında, 71 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsilə Quba rayonu Amsar kəndində iki mərtəbəli, 4 otaqlı yaşayış evi, ümumi sahəsi 169.20 kv.m, yaşyış sahəsi 90,42 kv.m olan ev mülkiyyət hüququ əsasında Quba rayonu XDS-nin İK-nin xx.xx.1988-ci il tarixli 77 saylı qərarı ilə Cavabdeh1 adınadı, xx.xx.2001- ci ildə 1 nömrəli reyestr kitabında, 72 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsilə Quba rayonu Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Amsar kəndində Quba-Tüləkəran yolunun sol tərəfində yerləşən Tövlə binaları mülkiyyət hüququ əsasında Cavabdeh1 adınadı, xx.xx.2001-ci ildə 1 nömrəli reyestr kitabında, 45-ci səhifədə 178 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 48 nömrəli ödəniş tapşırığına əsasən 30 (otuz) manat dövlət rüsumu iddiaçı tərəfdən dövlət büdcəsinə ödənilmişdi. İş materiallarından görünürki, Cavabdeh1 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş və onun ölümünü təsdiq edən Azərbaycan Respublikası ölüm haqqında xx xxxxxx 2009-cu il tarixli, AZ-İ № 394097 şəhadədnamə verilmişdi. İş materiallarında olan JN-143F, kod-30307018 saylı Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsindən görünürki, Quba rayon X8 xx xxx 1997-ci il tarixli 04 saylı qərarı ilə Cavabdeh1 adına Amsar kəndində 0,10 ha həyətyanı torpaq sahəsi yerləşir və təsərrüfatına həyat yoldaşı X16, oğulları X18, X19, X20, Hüseynov Cavabdeh2 Şakir oğlu aiddir. İş materiallarında olan DƏDRX Xaçmaz ərazi idarəsinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X13 verilən arayışa əsasən ünvan 1i ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba RİHB-nın Amsar İnzibati ƏVÜ nümayəndəsinin verdiyi arayışdan görünürki, Cavabdeh1 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş və aşağdakı vərəsələri; həyat yoldaşı 1960-cı il təvəllüdlü X16, oğulları 1983-cü il təvəllüdlü X18, 1984-cü il təvəllüdlü X19, X20-1987-ci il təvəllüdlü, 1987-ci il təvəllüdlü Hüseynov Cavabdeh2 Şakir oğlu qalmışdır. İş materiallarında olan xx.xx.2011- ci il tarixli AN-İ № ******* Qanun üzrə X17 Şəhadətnaməyə əsasən xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri Quba rayonu Amsar kəndində yaşayanlar həyat yoldaşı X16, oğulları X18, X19, X20 və Hüseynov Cavabdeh2 Şakir oğludur. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX HDQH DƏDR tərəfindən verilən, xx.xx.2008-ci il tarixli, Seriya MN 0022810, reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi ********** Çıxarışdan görünürki, 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Cavabdeh1 xüsusi mülkiyyətindədir, 16 nömrəli reyestr kitabının 175 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materillarında olan ərizədən görünür ki, cavabdehlər məhkəməyə müraciət edərək iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etmişlər. İş materiallarında olan xx xxxxxxx 2004-cü il tarixli 1/14 kredit müqaviləsi üzrə 200 000 000 (iki yüz milyon) manat məbləğində kreditin illik 7% ödəmək şərtilə 5 il müddətinə cavabdehə verilməsi və bu kreditin qrafik üzrə 5 il ərzində ödənilməli olması nəzərə alınsa, onda belə nəticəyə gəlmək olar ki, hazırki tələb üzrə iddia müddətinin axımı məhz xx xxxxxxx 2009-cu il tarixdən başlayır ki, 3 illik həmin iddia müddəti də xx xxxxxxx 2012-ci il tarixdə başa çatır. İddiaçı isə xx xxxx 2013-cü il tarixdə iddia ərizəsilə və xx xxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməklə, həmin 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, bank özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında ayrı-ayrı şəxslərin istifadəsinə verir və bu zaman ödənilən faizlər bankın qazancını təşkil edir. Bankın əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək bankın vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və peşəkar kredit vermə fəaliyyəti ilə məşğul olan iddiaçı bank onun hüquqlarının məhz həmin vaxtdan pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüquq pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Beləki Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Mülki Məcəllənin 374-cü maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən x xxxx 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. X26 Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla, qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun x xxxx 2013cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə onu da nəzərə çatdırır ki, iddiaçı cavabdehin vərəsələrindən kreditin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Bunun üçün hüquqi əsasda mövcuddur. Lakin tərəflər arasında bağlanmış xx xxxxxxx 2004-cü il tarixli kredit müqaviləsi ilə bağlı tələb üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürüldüyündən hazırki iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdliyi üçün iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC-nin cavabdehlər “Cavabdeh2 KFT”-yə, X4, X13, X14, X15, Hüseynov Cavabdeh2 Şakir oğluna qarşı “borc məbləğinin tutulması, borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar