Məhkəmə qərarları › İş №2(103)-848/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-848/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-848/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1/2020 saylı iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan QSC "Bank Standart" KB cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-dən 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı kredit müqaviləsi üzrə 1.873.299,37 manat və 69.998,45 ABŞ dollarıə əsas, 102.823,31 manat və 3.842,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.976.122,68 manat və 73.840,58 ABŞ dolları borcun, ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasına yönəldilərək açıq hərracda satılması və boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı müqaviləyə əsasən bank tərəfindən cəmiyyətə illik 16 faiz ödənilrnəsi şərti ilə 01.07.2015-ci il tarixinədək 1.873.300 manatvə 120.747 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m. olan 4 mərtəbə və mansarddan ibarət qeyri-yaşayış binasını 24.10.2012-ci il tarixli, 170/00/1110/11-3 saylı sonrakı ipoteka müqaviləsinə 04.03.2015-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən bank qaışısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəlikiərini lazımınca icra etməmiş və bunun nəticəsində 17.09.2015-ci il tarixinə onun banka 1.873.299,37 manat, 69.998,45 ABŞ dolları məbləğində əsas borc, 102.823,31 manat, 3.842,13 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.976.122,68 manat və 73.840,58 ABŞ dolları məbləğində borcu qalmışdır.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cəmiyyətə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, 24.10.2012-ci il tarixli, 170/00/1110/11-3 saylı sonrakı ipoteka müqaviləsinə 10.06.2015-ci il tarixli, 01 saylı əlavə sazişin 1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 3.251.525 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1/2020 saylı iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh1-dən 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı kredit müqaviləsi üzrə 1.595.887,81 manat əsas və 3000 manat cərimə borcu olmaqla, cəmi 1.598.887,81 (bir milyon beş yüz doxsan səkkiz min səkkiz yüz səksən yeddi manat səksən bir qəpik) manatın, 68.999,45 ABŞ dolları əsas və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 69.299,45 (altmış doqquz min iki yüz doxsan doqquz dollar qırx beş sent) (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dollarının və ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsinin iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasına yönəldilərək ilkin satış qiyməti ******* (beş milyon yeddi yüz əlli doqquz min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və həmin qeyri-yaşayış sahəsi satıldıqda ən geci 1 ay ərzində boşadılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı QSC “Bank Standard” Kommersiya Bankı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, bankın iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2011-ci il tarixli 170/00/1110/11 saylı kredit müqaviləsinə əsasən 1.873.299,37 (bir milyon səkkiz yüz yetmiş üç min iki yüz doxsan doqquz.37) manat, 69.998,45 (altmış doqquz min doqquz yüz doxsan səkkiz,45) ABŞ dolları məbləğində əsas borc, 102.823,31 (bir yüz iki min səkkiz yüz iyirmi üç,31) manat. 3.842.13 (üç min səkkiz yüz qırx iki 13) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 1.976.122.68 (bir milyon doqquz yüz yetmiş altı min bir yüz iyirmi iki 68) manat və 73.840,58 (yetmiş üç min səkkiz yüz qırx, 58) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 90 (doxsan) manat məbləğində dövlət rüsümunun cavabdeh “ADDİO’ MMC-dən tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 3.251.525 (üç milyon iki yüz əlli bir min beş yüz iyirmi beş) manat məbləğində müəyyən edilməklə tutmanın Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı qarşısında yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu. 2210-cu məh., Babək prosp., 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m. olan 4 mərtəbə və mansarddan ibarət qeyri-yaşayış binasıni yönəldilməsinə, əmlakın açıq hərracdan satılmasına və boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, ilkin satış qiyməti 2.600.000 (iki milyon altı yüz min) manat müəyyən edilmiş, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, qiymətləndirmə xərci kimi 400 (dörd yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Qətnamədən iddiaçı QSC “Bank Standard” Kommersiya Bankı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borc və cərimə tələbinin təmin edilməyən hisəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4631/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 627/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digət tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4631/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə mülki iş qeyd edilən hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1/2020 saylı iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi “ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (beş milyon yeddi yüz əlli doqquz min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək 4700.000 (dörd milyon yeddi yüz min) manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor borc alana 600 000 manat məbləğində kredit xətti verir. Birinci tranşın məbləği 110.000 manat miqdarında müəyyən olunur. İş materiallarında olan 01.07.2011-ci il tarixli 170/00/1110/11 saylı müqaviləyə 04.03.2015- cı il tarixli, 04 saylı əlavə sazişin surətindən görünür ki,kreditor borc alana 1.873.300 manat və 120.747 ABŞ dolları məbləğində kredit xətti vermişdir. İş materiallarında olan ipoteka saxlayan QSC “Bank Standard” KB ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 24.10.2012-ci il tarixli, 170/00/1110/11-3 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki,01.07.2011-ci il tarixli, 170/00/1110/11 kredit müqaviləsi və həmin müqaviləyə 04.03.2015-cı il tarixli, 04 saylı əlavə saziş üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş materiallarında olan 19.10.2015-ci il tarixli ərizənin surətindən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 23.10.2015-ci il tarixli, **********22 saylı məktubundan görünür ki, ipoteka saxlayan tərəfindən ipoteka qoyana 15.10.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildirişin qeydə alınması haqqında ərizə 23.10.2015-ci il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 09.10.2015-ci il tarixli, 15/13136 saylı maliyyə arayışından görünür ki, 01.07.2011-ci il tarixli, 170/00/1110/11 kredit müqaviləsi və həmin müqaviləyə 04.03.2015-cı il tarixli, 04 saylı əlavə saziş üzrə Cavabdeh1-nin 17.09.2015-ci il tarixinə banka 1.873.299,37 manat, 102.823,31 manat cərimə olmaqla, cəmi 1.976.122,68 manat, 69.998,45 ABŞ dolları məbləğində əsas borc, 3.842,13 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 73.840,58 ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2020-ci il tarixli, 23372 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə ilə 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı kredit müqaviləsi üzrə Cavabdeh1-nin müqavilə müddətinin bitdiyi 01.07.2015-ci il tarixə banka olan borcu 1.595.887,81 manat və 69.998,45 ABŞ dollarıməbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair 01.10.2019-cuil tarixli, LP-151/19 saylı rəyi ilə ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babaək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binası ******* manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehə ünvanladığı 12.10.2015-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə ödənişlərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 04.11.2015-ci il tarixli, 57 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 21.01.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babaək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasınln likvid qiyməti 2.600.000 manat müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bu rəylər arasındakı kəskin fərqin səbəblərini qiymətləndirərkən onu əsas tutmuşdur ki, "xxxx" MMC-nin ekspertlərinin verdiyi rəylə əmlakın bazar qiyməti, "xxxx" MMC-nin əkspertləri tərəfindən verilmiş rəylə isə əmlakın likvid dəyəri müəyyən edilmişdir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinin müddəalarından göründüyü kimi məhkəmə ipoteka predmetinə tutma yönəldərkən onun ilkin satış qiymətini həmin əmlakın likvid dəyərinə əsasən müəyyən etməlidir. Qeyd edilən normanı düzgün olaraq tətbiq etməklə əmlakın ilkin satış qiymətini onun likvid dəyərinə istinad etməklə müəyyən edən apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əmlakın bazar qiyməti ilə likvid qiyməti arasında verilən ekspert rəyləri arasında kəskin fərqlər vardır. Məhkəmə kollegiyası nəzərə alır ki, əmlakın likvid dəyəri bir qayda olaraq əmlakın bazar qiymətindən aşağı olmalı və bu hal kreditorun mənafeyinin qorunması baxımından ipoteka predmetinin hərraclarda daha tez satılmasına rəvac verməlidir. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən ipoteka qoyanın da mənafeləri pozulmamalı və bu baxımdan müəyyən edilən likvid qiymət əmlakın bazar dəyərindən aşağı olsa da həmin əmlakın bazar dəyərinə yaxın bir qiymətə uyğun olmalıdır. Bundan başqa "xxxx" MMC tərəfindən verilmiş 21.01.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmetinin likvid qiyməti müəyyənləşdirilərkən ipoteka predmetinin yerləşdiyi ərazidə texniki göstəriciləri və tikinti parametrləri baxımından oxşar əmlakların qiymətləri ilə bağlı müqayisə aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin həmin ərazidə yerləşən texniki göstəriciləri və tikinti parametrləri baxımından oxşar əmlakların qiymətləri ilə müqayisəli şəkildə müəyyənləşdirilməsi ekspert rəyinin mötəbər sübut kimi qəbul olunmasını kifayət qədər əsaslı edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən iddiaçının ipoteka predmeti olan qeyriyaşayış sahəsinn qiymətinin real qiymətindən yuxarı müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası 15 dekabr 2021-ci il tarixdə mübahisə predmeti olan qeyriyaşayış binasının likvid dəyəri barədə mütəxəssis rəyi alınması barədə qərardad qəbul etmiş və qərardadın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli, № MB15/0041 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında 0,03867 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2.214,9 kv.m təşkil edən 4 mərtəbəli və mansardlı qeyri-yaşayış binasının hazırda likvid dəyəri 4 700 000 (dörd milyon yeddi yüz min) manat təşkil edir. Kollegiya qeyd edir ki, iş üzrə ayrı-ayrılıqda üç qiymətləndirmə rəyi mövcud olduğundan onlardan hansının hazırki iş üzrə subut əhəmiyyətə malik olması hal müəyyən edilməlidir. Kollegiya hesab edir ki, hazırki halda birinci instansiya məhkəməsi tərəfindən istinad edilən qiymətləndirmə rəyi ilə əvvəlki apellyasiya icraatı zaman istinad edilən qiymətləndirmə rəyləri arasında kəskin fərq olduğundan və təkrar apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə rəyi likvid dəyəri olmaqla əmlakın bazar qiymətinə və iddiaçı tərəfindən apellyasiya şikayətində göstərmiş qiymətə daha yaxın olduğundan, həm iddiaçının, həm də cavabdehin mənafeyi baxımında məhz 24 yanvar 2022-ci il tarixli, № MB15/0041 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyi əsas sübut hesab edilməli və əmlakın ilkin satış qiyməti qeyd edilən qiymətləndirmə rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasının hərracdan ilkin satış qiyməti 4700.000 (dörd milyon yeddi yüz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 22 yanvar 2021-ci il tarixli Ç-022 saylı məktubdan görünür ki, qiymətləndiricinin xidmət haqqı 400 (dörd yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndiricinin xərci qismində 400 (dörd yüz qırx) manat Cavabdeh1-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1/2020 saylı iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi “ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (beş milyon yeddi yüz əlli doqquz min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək 4700.000 (dörd milyon yeddi yüz min) manat müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1/2020 saylı iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi “ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prospekti, 28C ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (beş milyon yeddi yüz əlli doqquz min) manat müəyyən müəyyən edilməsi hissəsində dəyişdirilərək 4700.000 (dörd milyon yeddi yüz min) manat müəyyən edilsin. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pul Cavabdeh1-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar