Məhkəmə qərarları › İş №2(103)-964/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-964/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-964/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və “X2” qarşı “ipoteka qoyulmuş əmlakın satılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5468/2015 saylı 18 sentyabr 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və “X2” qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehlərdən 04 noyabr 2014-cü il tarixə olan əsas borcu 8535,42 manat, faiz borcu 196,22 manat, cərimə borcu 11,85 manat olmaqla, cəmi 8743,49 manat məbləğində borcun tutulması, ipoteka qoyulmuş Naz Lifan LF 6430 suv minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin cavabdeh G.R.Ağamaliyevanın ASC-yə olan borcunun ödənilməsin\ yönəldilməsi, ödənilmiş 31 manat məbləğində dövlət rüsumu və 15 manat məbləğində sənədlərin surətlərinin notarial təsdiq edilməsinə dair xərclərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14.06.2013-cü il tarixli 103.LN. 1415.140613.R.00019 saylı İstehlak Krediti müqaviləsinə əsasən Cavabdeh1 illik 19 faizlə 36 ay müddətinə 11849 manat məbləğində kredit verilmiş və Naz Lifan LF 6430 suv minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC-yə ipoteka qoyulmuş, onun qeydiyyatı 14 iyun 2013-cü il tarixli AA 089915 nömrəli çıxarış ilə təsdiqlənmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün eyni tarixdə ASC ilə digər cavabdeh MMC arasında ZM 103.LN.1415.140613.R.00019 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən MMC kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu günədək Cavabdeh1 tərəfindən müqavilənin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5468/2015 saylı 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2-dən 8535,42 manat əsas borc, 196,22 manat faiz borcu, 11,85 manat cərimə borcu, cəmi 8743,49 manat məbləğində pul vəsaiti, 31 manat dövlət rüsumu və 15 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Naz Lifan LF 6430 suv minik markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabadehlərin banka olan borcunun ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, borclarını ödəmək üçün 5 illik “Güzəştli kredit” müqaviləsi təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsi qismən əsassızdır, qətnamənin olmasından yalnız 2020-ci il mart ayında məlumatlı olmuşdur. 2013-cü ildə avtomobili ASC-dən kredit vasitəsi ilə götürmüşdür. 2014-cü ildə ailə vəziyyəti ilə əlaqədar, yəni ailədə ağır xəstə olması ilə əlaqədar bir neçə ay ödəmək imkanı olmadığı halda bank işçiləri tez-tez zəng etdiyindən 12.10.2014-cü il tarixdə Sumqayıt maşın bazarında 2500 ABŞ dollarına satmışdır. Həmin şəxsdən 1850 manat pul almış, 13.10.2014-cü il tarixdə banka olan 1500 manat borcunu ödəmişdir. Məhkəmə iclasına gəlməməyinin səbəbi yaşadığı və uşaqlarla qeydiyyatda olduğu mənzilin 2013-cü ildə satılması olmuşdur, həmin ünvanda yaşamadığına görə məhkəmə və bankın göndərdiyi bildirişlərdən məlumatı olmamışdır. Borcun ödənilməsindən imtina etmir, hazırki vəziyyətlə bağlı tam imkanı olmadığı üçün 5 illik güzəştli kredit müqaviləsi təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və izahatları dinləyib hesab edir ki, Cavabdeh1 şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.06.2013-cü il tarixli “istehlak kredit müqaviləsinə” əsasən sonuncuya “Naz Lifan” LF 6430 SUV markalı avtomobil satın alınması üçün 36 ay müddətinə illik 19 faiz hesablanmaqla 11849 manat məbləğində kredit verilmiş, ASC ilə digər cavabdeh arasında bağlanılmış eyni tarixli zaminlik müqaviləsinə görə MMC kredit müqaviləsinə əsasən öhdəliyi icra etmək üçün məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" ASC tərəfindən 13.11.2014-cü il tarixdə DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, “NAZ LİFAN LF 6430 SUV” minik markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında ərizə 17.11.2014-cü il tarixdə E.Ələkbərov tərəfindən qəbul edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh1 qızına ünvanlanmış 07.11.2014-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, bank cavabdehə ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbardar etmişdir. İş materialında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, əsas borcu 8535,42 manat, 196,22 manat faiz borcu, 11,85 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1 apelyasiya şikayətində borcun ödənilməsindən imtina etmədiyini bildirərək, hazırki vəziyyətlə bağlı tam imkanı olmadığı üçün 5 illik güzəştli kredit müqaviləsi təyin edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi hallar onun kredit müqaviləsi üzrə öhdəliyini icra etməsindən azad etmir. Cavabdeh 5 illik güzəştli kredit müqaviləsi təyin edilməsini istəyir, bununla bağlı banka müraciət edə bilər, güzəşt etmək isə bankın vəzifəsi yox, hüququdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5468/2015 saylı iş üzrə 18 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar