Məhkəmə qərarları › İş №2(103)-1556/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1556/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1556/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2015-ciil tarixli, 2(004)-7506/2015 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyun 2015-ci il tarixə Banka borclu olduğu 31384,46 (otuz bir min üç yüz səksən dörd dollar 46 sent) ABŞ dolları məbləğində əsas borcun, 2880,25 (iki min səkkiz yüz səksən dollar 25 sent) ABŞ dolları məbləğində faizin, 96,80 ( doxsan altı dollar 80 sent) cərimə, cəmi 34361,51 (otuz dörd min üç yüz altmış bir dollar 51 sent) ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və Banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Captiva minik” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması,həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən – qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 119182-1-9783 saylı, 13.11.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 (altmış) ay müddətinə illik 19 (on doqquz) faiz hesablanmaqla 36792 ( otuz altı min yeddi yüz doxsan iki dollar 00 sent ) ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh 119182-16-14017 saylı, 13.11.2013-cü il tarixli “İpoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Chevrolet Captiva minik” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya ipoteka qoymuş və bu barədə “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndə göstərilən avtomobilə dair “İpoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” barədə xüsusi qeyd aparılmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Belə ki, cavabdeh “Kredit müqaviləsi” üzrə öhdəliklərini 14 yanvar 2015-ci il tarixdən icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmişdir. Lakin cavabdehlər öhdəliklərini tam icra etməmişlər. Belə ki, 30 iyun 2015-ci il tarixə cavabdehin Banka 34361,51 (otuz dörd min üç yüz altmış bir dollar 51 sent) ABŞ dolları məbləğində borc vardır. Bundan əlavə, cavabdehlərlə aparılmış şifahi danışıqlar və xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Tərəflər arasında bağlanmış “Kredit müqaviləsi”nə əsasən cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə “Kredit müqaviləsi” əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Cavabdeh “Kredit müqaviləsi” əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh krediti və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, kredit borcu ödənilməlidir. Eyni zamand tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir. Göründüyü kimi, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan avtomobil kredit borcunun təminatı olduğundan və borclu isə ipoteka ilə təmin edilmiş borcunun ödənilməsinə dair öhdəliyini icra etmədiyindən, habelə borcunu ödəmədiyindən iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də, tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir.Eyni zamanda hesab edirlər ki, qeyd edilən avtomobilcavabdehin kredit borcunun təminatı olduğundan, tələbin göstərilən avtomobilə yönəldilməsi, yalnız həmin avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə edilən vəsaitlə tələb təmin edilməlidir. Belə ki, cavabdehlərdən iddiaçıya ödəniləcək məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən alınmalıdır. Belə ki, cavabdeh kredit borcunu qaytarmalı olmasına dair vəzifələrini icra etməməsi nəticəsində iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi nəticəsində əlavə zərər çəkmişdir. Buna görə də dövlət rüsumu da cavabdehlərdən alınmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(004)-7506/2015 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ödəniş gününə AR Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla 31384,46 (otuz bir min üç yüz səksən dörd dollar qırx altı sent) ABŞ dolları əsas borc, 2880,25 (iki min səkkiz yüz səksən dollar iyirmi beş sent) ABŞ dolları faiz borc, 96,80 (doxsan altı dolla səksən sent) ABŞ dolları məbləğində cərimə borcu, cəmi 34361,51 (otuz dörd min üç yüz altmış bir dollar, əlli bir sent) ABŞ dolları, habelə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tələb Cavabdeh məxsus “Chevrolet Captiva minik” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi yolu ilə borcun müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işin hallarından, eləcə də iddiaçının ərizəsindən müyyən edilir ki, 13 ay müddətində cavabdeh tərəfindən mütəmadi ödənişlər edilmişdir. Ümumilikdə banka 10000 min matdan çox ödəniş edilmişdir. Cavabdehin işdən çıxması, bir ay sonra isə devolvasiya olması, bankla razılıq əldə edə bilməməyi səbəbindən ödənişlər edilməmişdir. Cavabdeh məhkəmə prosesində bir dəfə iştirak etmiş, onda da 13 ay ərzində ödədiyi pulların nəzərə alınmadığını, avtomaşının bankın işçiləri tərəfindən heç bir rəsmiləşdirmə aparılmadan əlindən alındığı, onun banka borcunun az olduğunu, bu barədə məhkəmə mühasibatlıq ekspertiza təyin edilməsini yazılı qaydada məhkəmə iclası zamanı vəsatət təqdim edərək xahiş etsə də, cavabdehin tələblərinin heç biri nəzərə alınmamışdır. Cavabdehin həmin avtomobili onun xəbəri olmadan hansı qiymətə satmaqlarından da xəbəri yoxdur. Həmin avtomobilin satışını cavabdeh özü həyata keçirməklə belə banka olan borcunu tam bağlaya bilərdi. Cavabdeh tərəfindən 13 ay ərzində ödədiyi pullar nəzərə alınmamış, avtomaşının bankın işçiləri tərəfindən heç bir rəsmiləşdirmə aparılmadan əlindən alındığı araşdırılmamış və qiymət verilməmiş, məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Avtomobilin satışı ucuz qiymətə öz aralarında ondan xəbərsiz həyata keçirilmişdir. Avtomobilin hansı formada, hansı qiymətə satılması barədə qətnamədə heç nə öz əksini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq qeyd etdi ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etsə də, vəkili olmamışdır. Ödənişlərlə bağlı onlarda qəbzlər yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, bütün ödənişlərlə bağlı sistemdən çıxarış sənədləri, maliyyə arayışları təqdim olunmuşdur. Cavabdeh borcu mübahisələndirirsə, sübut etsin ki, hansı ödənişi Bank tərəfindən nəzərə alınmayıb. Cavabdeh bu dəlilini sübut edə biləcək heç bir ödəniş qəbzi təqdim etmir. Digər tərəfdən nəqliyyat vasitəsi daşınan əşya olmaqla, hərrac keçirilərkən icra məmurunun sifarişi ilə qiymətləndirilmişdir. Nəqliyyat vasitəsi hərrac zamanı 18000 manata qiymətləndirilmiş, 17000 manata hərrracdan satılmışdır. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun 01.04.2019-cu il tarixli qərarı ilə əsassız olaraq, Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədi tam icra olunmadığı üçün Bank icra məmurunun həmin qərarından şikayət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə Bankın şikayəti təmin olunaraq, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun 01.04.2019-cu il tarixli qərarı ləğv olunaraq, icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Bundan sonra cavabdeh hazırki apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, kollegiya hesab edir ki, cavabdeh tərəf qətnaməni kredit borcu və ilkin satış qiyməti ilə bağlı hissələrdə mübahisələndirsə də, tələb kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilmə ilə bağlı olduğundan, buna görə də, tələb bölünməz olduğundan, qətnamə tam olaraq yoxlanılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2013-cü il tarixli avtomobil krediti müqaviləsindən görünür ki, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən illik 19 % olmaqla, 60 ay müddətinə Cavabdeh “Chevrolet Captiva” markalı avtomobil almaq üçün 36792 ABŞ dolları kredit vermişdir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh “Chevrolet markalı Captiva modelli” markalı avtomobili “İddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir, ipoteka predmeti 40881 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “İddiaçı tərəfindən 02.04.2015-ci il tarixdə 3293 nömrə ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, “Chevrolet Captiva” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında ərizə 03.04.2015-ci il tarixdə E.Ələkbərov tərəfindən qəbul edilmişdir. İş materialında olan “İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 02.04.2015-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, bank cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbardar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYP QİŞ tərəfindən verilmiş AC № 201124 saylı, 13.11.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən məlum olur ki, “Chevrolet markalı Captiva modelli” markalı, ** GB *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materialında olan “Bank VTB (Azərbaycan)” ASC kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh bankdan 36498 ABŞ dolları məbləğində pul götürmüşdür. İş materialında olan Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, bank borcluya borcunu 5 iş günü müddətində ödənilməsini tələb etmişdir. Əks təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi barədə də məlumat verilmişdir. İş materialında olan “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh 31384,46 ABŞ dolları əsas, 2882,25 ABŞ dolları faiz, 96,80 ABŞ dolları cərimə, cəmi 34361,51ABŞ dolları borcu vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Buna görə də, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında iddianı kredit borcu ilə bağlı hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun borcun düzgün müəyyən edilməməsi, buna görə ekspertizanın keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək sübutlar təqdim etməmiş, o, birinci instansiya məhkəsində 22.10.2015-ci ildə işə baxılarkən iştirak etmiş, borcu mübahisələndirməmiş, hazırki mərhələdə ekspertiza keçirilməsi ilə bağlı vəsatəti isə MPM-nin 372.2-ci maddəsinə əssasən əsaslı hesab edilməmişdir. MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 269.4. maddəsində göstərilir ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Araşdırılan sübutlar əsasında kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan “Chevrolet markalı Captiva modelli” markalı, ** GB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin hesabına banka olan borcunun ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya apellyatorun avtomobilin ilkin satış qiyməti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, nəqliyyat vasitəsi daşınar, dəyər itkisinə məruz qalan əmlak olmaqla, birinci instansiya məhkəməsinə təqdim olunmadığından, ilkin satış qiyməti müəyyən olunmamışdır. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, nəqliyyat vasitəsi icra məmurunun sifarişi əsasında qiymətləndirilmiş, ilkin satış qiyməti 18000 manat məbləğində müəyyən olunmuş, 20 iyul 2017-ci il tarixli X3 74 saylı Protokol əsasında hərracda satılmışdır. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun 01.04.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar borc tam bağlanmadığı üçün həmin qərarı əsassız hesab edərək, məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə Bankın şikayəti təmin olunaraq, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun 01.04.2019-cu il tarixli qərarı ləğv olunaraq, icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(004)- 7506/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar