Məhkəmə qərarları › İş №2(027)-3188/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3188/2025

14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3188/2025 14.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Quba rayonu XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli № ******* akt əsasında hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində əsassız hesablanmış cərimə borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qeydiyyat və yaşayış yeri üzrə Quba rayonu, Dəlləkli kəndində yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə qaz borcunu vaxtında ödəyir. Cavabdeh əməkdaşları xx.xx.2022-ci il tarixində yaşadığı ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sayğacı dəyişən zaman özü orada olmuş, sayğaca heç bir müdaxilə olmamış, üzərində hər hansı kənar müdaxilə izi aşkar edilməmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli № ******* saylı akt tərtib olunmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən 27 fevral 2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Onun bundan xəbəri olmamışdır. Bu barədə o, xeyli sonra məlumat almışdır. Tərtib olunmuş ziyan aktında qaz sayğacının üst hissədən çatladığı və bunun da sayğacın iş prinsipinə maneə törətməsi mümkünlüyü qeyd olunmuşdur. Həmin zərər o və ya ailə üzvləri tərəfindən vurulmuşdur. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmamış, sayğaca toxunulmamışdır. O, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlıvaxtında ödəyir, qaz borcu yoxdur. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik cərimə borcundan xəbəri yoxdur. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmiş, ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini verilmişdir. O, həmin cərimə borcu ilə razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, 2023-cü ilin fevral ayında sayğac çıxarılıb yenisi ilə əvəz edilmişdir. Sayğaca müdaxilə etməmiş, sayğac çıxarılarkən onun zədəsi olmamışdır. Akt sayğacın dəyişdirilməsi bağlı olduğundan aktı imzalamışdır. Sonradan güya qaz sayğacına müdaxilə etməyi barədə akt tərtib edərək cərimə yazılmışdır. Sayğac evin xaricində yerləşir. O, sayğaca müdaxilə etməmişdir. O, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəyir, qaz borcu yoxdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli № ******* saylı aktından görünür ki, baxış zamanı qaz sayğacının üst hissədən çatladığı və bunun da sayğacın iş prinsipinə maneə törətməsi mümkünlüyü müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 12960 m3 sərfiyyat hesablanmışdır; **********01780 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin fevral ayının sonuna təbii qaz sərfiyyatına görə 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində dəymiş ziyan qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli ******* saylı aktına əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən sayğacının hesablanma mexanizminin qoruyucu plastması, qapağı kənar təsirlər nəticəsində alt hissədən sındırılmış və sayğacın hesablanma mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb qaz keçdiyini, hesablanma mexanizminin açıq vəziyyətdə olduğu müəyyən edilmiş, nəticədə 12960m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində təbii qaz sərfiyyatı hesablanmışdır. Lakin həmin pozuntunun bilavasitə abonent tərəfindən törədilməsini təsdiq edən abonentin inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 6.5-cu bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Belə ki, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilməlidir. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 12960m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik İddiaçı **********01780 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan hissənin 1%-i təşkil edir. İddia tələbi 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik təşkil etdiyi halda və iddia tam təmin edildiyindən ödəniləcək dövlət rüsumu 35 (otuz beş) manat 55 (əlli beş) qəpik (1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik = 1000 manat üçün 30 manat, 1.000 manatdan yuxarı olan hissəsi, yəni 555 (beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik 1%-i = 5 (beş) manat 55 (əlli beş) qəpik) təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik İddiaçı **********01780 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 35 (otuz beş) manat 55 (əlli beş) qəpik məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar