Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-348/2023 12.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh “Prestij” Mebel salonunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlərdən 24 iyun 2022-ci il tarixdə satın aldığı və 27 iyun 2022-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində yerləşən mənzildə quraşdırılmış mebeldə (yataq dəsti termo, şifoner, taxt və taxt tumbaları, qonaq dəsti-1 stol, 6 stul, künc divan, 2 ədəd servant, televizor altlığı, jurnal stolu, kamot) əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduduğundan həmin əşyaların cavabdehlər tərəfindən geri götürülərək qeyd edilən əşyalar üçün ödədiyi 6200 manat məbləğində pulun cavabdehlər tərəfindən ona qaytarılması və ona vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2022-ci il iyun ayının 24-də “Riyad” Ticarət Mərkəzində yerləşən Cavabdeh2 mebel salonuna cehizlik mebel almaq məqsədi ilə getmişdir. Onunla birlikdə ailə üzvləri və yaxın qohumları da olmuşdur. Opera mebel dükanında vitrində olan yataq otağı mebel dəstini bəyəndiyi üçün həmin mebel dəstindən almaq istədiyini, əgər varsa, qonaq otağı dəstinə də baxmaq istədiyini bildirmişdir. Lakin ona yataq otağı dəstinin vitrin variantı olsa da, qonaq otağı dəstinin vitrində olmadığı üçün kataloqdan göstərə biləcəklərini bildirdilər. Kataloqla tanış olmuş və onun bəyəndiyi mebelin yataq dəstinə termo, şifoner, taxt və taxt tumbaları, qonaq dəstinə 1 stol, 6 stul, künc divan, 2 ədəd servant, televizor altlığı, jurnal stolu, kamotun daxil olduğu bildirilmişdir. O, gördüyü yataq otağı mebelində zədələrin olduğunu bildirdikdə ona açılmamış bağlamada sexdən yeni mebelin satılacağı bildirilmişdir. Cavabdeh “Opera" mebel dükanının işçi heyəti onu və ailə üzvlərini o qədər inandırmışlar ki, onlar qeyd edilən mebel dəstini almağa razılaşmışlar. Mebelin qiyməti 6200 manat məbləğində müəyyən edilmiş və ona həmin pulun digər cavabdeh olan “Prestij” mebel dükanında ödəməli olduğu bildirildiyi üçün o, həmin pulu “Bir kart” vasitəsilə digər cavabdeh olan “Prestij” mebel dükanına gedərək ödəmişdir. O, ödəniş etdikdən sonra ona mebellərin həmin gün, yəni iyun ayının 24-ü ünvana göndəriləcəyi barədə məlumat vermişlər. O, evə gəldikdən sonra termoya əlavə şkaf qoydurmaq niyyətində olmuş və bunu mağazaya bildirdikdə heç bir problemin olmadığı, lakin əlavə sifarişə görə mebellərin 24 iyunda deyil, 26 iyunda göndəriləcəyi barədə xəbardar edilmişdir. Lakin mebellər 27 iyun 2022-ci il tarixdə gecə saatlarında gətirilib ünvana çatdırılmışdır. Mebellərin quraşdırılması zamanı o, və ailə üzvləri cavabdeh təşkilat tərəfindən aldadıldığını və onlara lazimi keyfiyyətdə məhsulların göndərilmədiyini müəyyən etmişlər. Belə ki, onlara göndərilən mebel sexdən gələn yeni məhsul deyil, işlənmiş və ya da vitrindən sökülmüş məhsullar idi. Mebellərin üzərində deşik izləri, dolabların üzərlərində və içərlərində çoxlu sayda cızıqlar və çatışmayan hissələr var idi. Eyni zamanda mebellərin üzərlərindən boya qopmuş, taxt başlığının bir tərəfi çıxıq vəziyyətdə, güzgünün arxa hissəsində baxımsız taxta parçasının birləşməsi, tumbalarda fərqli rənglərdə olması, divanın sifariş verilən rəngdə olmaması, jurnal stolunun rənginin divanın rəngi ilə uyğun olmaması, stulların sifariş verilən rəngə uyğun gəlməməsi və stullarda sınıqlar və çatlar mövcud olmuşdur. O, bununla bağlı mebel ustalarının iştirakı ilə akt tərtib etmiş, o cümlədən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Onun qeyd edilən Cavabdeh2 mağazasının əməkdaşları ilə olan sms danışıqları da onun haqlı olduğunu bir daha sübut edir. O, mebel quraşdırıİdıqdan sonra alınan malın qüsurları ilə bağlı ilk öncə cavabdehləri məlumatlandırmışdır. Daha sonra isə bir nəticə görmədiyi üçün müvafiq hüquq mühafizə orqanlarına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Lakin həmin qurumlara etdiyi müraciətlər də heç bir nəticə vermədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, o, alıcı kimi üzərinə düşən vəzifəni yerinə yetirərək mebelin pulu olan 6200 manat məbləği dərhal ödəməyinə baxmayaraq, cavabdehlər öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyərək ona lazimi keyfiyyətdə olmayan əşyalar vermişdir. Cavabdehlər ona mənəvi zərər də vurmuşlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Prestij” Mebel salonunun nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd olunan mebel əşyaları Cavabdeh2 mebel salonu tərəfindən iddiaçıya satılmışdır. Lakin, həmin əşyaların ödənişi onlar tərəfindən qəbul edilmişdir. VÖEN onlarına adına olmuşdur. İddiaçıya onlar tərəfindən keyfiyyətsiz mal satılmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, dolabların üzərlərində və içərlərində çoxlu sayda cızıqlar və çatışmayan hissələr var. Eyni zamanda onların üzərlərində boya qopub. Taxt başlığının bir tərəfi çıxıq vəziyyətdədir. Güzgünün arxa hissəsində baxımsız taxta parçası birləşib. Tumbalar fərqli rənglərdədir. Qorkaların birində qapılar düzgün açılıb bağlanmır. Digəri isə ümumiyyətlə hissələri olmadığı üçün quraşdırılmayıb. Divan sifariş verilən rəngdə deyil fərqli rəngdədir. Jurnal stolunun rəngi divanın rəngi ilə uyğun deyildir. Stullar sifariş verilən rəngə uyğun deyil və stullarda sınıqlar və çatlar mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının iqdisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 10 iyul 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı Cavabdeh2 rəhbəri tərəfindən Dövlət Xidmətinə ünvanlanmış 26.09,2022-ci il tarixli məktubda qeyd edilir ki, xx.xx.2022-ci tarixdə mebellərə baxış keçirilmiş, qüsurların aradan qaldırılması və ya mebel dəyişdirilməsi təklif edilsə də, iddiaçı razılaşmamış və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı hüquqi yardımla bağlı 100 manat məbləğində pul ödəmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə-trasoloji ekspertizasının 3/336 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mebel dəstlərindən yataq dəstinin (taxtın), tumbaların, dolabın (şifonerin), televizor altlığının, termonun və oturaq stulların üzərində olan zədələr, izlər kənar predmetin təsiri (müdaxiləsi) nəticəsində yarana bilər. Həmin zədələrin istehsal qüsuru olması istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabehlərdən 6200 manat məbləğində pul ödəməklə mübahisə predmetini təşkil edən mebel dəstini almışdır. Cavabdehlərin iddiaçıya satdığı mebel lazımı keyfiyyətdə olmamış, iddiaçı mebelləri cavabdehlərə mebellərin keyfiyyətsiz olması barədə məlumat versə də, cavabdehlər üzərilərinə düşən öhdəliyi icra etməmişlər. Göründüyü kimi cavabdehdən 6200 manat pulun tutulmasına aid hissədə tərəflərin arasında yaranan mübahisə, alğı-satqı münasibətlərinə aid olub, satıcının lazımı kefiyyətdə olmayan əşyanın alıcıya verilməsi ilə bağlı yaranan mübahisədir və bu hissədə iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 587.2.1 -ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Bu normanın tətbiqi zamanı malın qüsuruna görə satıcının cavabdeh olmasının müəyyən edilməsi də önəmlidir. Çünki Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyi sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmçinin, Cavabdeh2 və “Prestij” mebel mağazasının cavabdeh qismində işə cəlb olunmalarına səbəb iddiaçının Cavabdeh2ndan mebelləri alması, lakin, mebellərin dəyəri olan 6200 manat məbləğində pulu Prestij” mebel mağazasına ödəməsi olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, mebellərin dəyəri hər iki cavabdehdən müştərək qaydada alınmaqla, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüquq pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-cı maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.3-cü maddəsinə əsasan əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (587.2.1-ci maddə), lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2.2-ci maddə). Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə əsasən İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.58-ci bəndinə əsasən Malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmçinin, İddiaçı məhkəmədən ona vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf cavabdehlərin hərəkətlərindən ona dəymiş mənəvi ziyan ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, 27 iyun 2022-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində yerləşən mənzildə quraşdırılmış mebel əşyaları (yataq dəsti termo, şifoner, taxt və taxt tumbaları, qonaq dəsti-1 stol, 6 stul, künc divan, 2 ədəd servant, televizor altlığı, jurnal stolu, kamot) cavabdehlər tərəfindən geri götürülərək, cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasından müştərək qaydada 6200 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasından müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasından müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, iddiaçı istehlakçı hüquqlarının pozulması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinə əsasən 83 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 iyun 2022-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində yerləşən mənzildə quraşdırılmış mebel əşyaları (yataq dəsti termo, şifoner, taxt və taxt tumbaları, qonaq dəsti-1 stol, 6 stul, künc divan, 2 ədəd servant, televizor altlığı, jurnal stolu, kamot) cavabdehlər tərəfindən götürülsün, cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasından müştərək qaydada 6200 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasından müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasından müştərək qaydada 83 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və “Prestij” mebel mağazasından müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-348/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-348/2023
12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver