Məhkəmə qərarları › İş №2(027)-378/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-378/2024

26.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-378/2024 26.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş və hesablanmış 1550,2 manat borcun silinməsi və tarifin yenidən 12 qəpikdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin yay aylarında ona aid qaz sayğacı o və ailəsindən heç kimin iştirakı olmadan yenisi ilə əvəz olunmuşdur. Yay ayları olduğuna görə heç bir dəyişikliyin fərqinə varılmamışdır. Noyabr ayında istilik sistemindən bir qədər aktual istifadə edildiyinə görə sayğacda istifadə etdiyindən daha çox qeyd olunduğunun fərqinə varmış və qaz idarəsinin işçiləri ilə birlikdə dəqiqləşdirmişdir. Onların da səyi üzərinə adı çəkilən idarəyə yazılı şikayətini bildirmiş və yeni sayğacla təmin olunmasını tələb etmişdir. Noyabr ayında 14 günə 650 m3 təbii qaz istifadəsinə görə limit də sistemdə indiyə qədər aşılmış görünür. Onun sadəcə istilik məqsədilə 1 soba yandırmağına baxmayaraq, 12 qəpik yox, 20 qəpikdən ödəniş etmək məcburiyyətində qalır. Dəfələrlə şikayətlərinin əsasında 2023-cü ilin yanvar ayından nəhayət ki iştirakı ilə yenidən sayğac dəyişdirilmişdir. Lakin köhnə sayğac heç bir nizamnaməyə uyğun olmadan (möhürlü qutu və s.) avtomobilə atılaraq aparılmışdır. 11 aydan sonra sayğac nəzarətçisi ona müdaxilə olunan sayğaca görə 1550,2 AZN cərimə olunduğunu bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********4 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan üç zavod plastmas plombunun iki ədədinin yuvası və ətrafı zədəlidir, sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin iyun mart ayı üzrə akt əsasında 1555,20 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 12960 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, **********4 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan üç zavod plastmas plombunun iki ədədinin yuvası və ətrafı zədəlidir, sayğac istismara yararsızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 1555,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq ******* saylı akt əsasında 1555,20 manat manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Buna baxmayaraq, iddiaçı ərizəsində 1550,20 manat borcun silinməsini xahiş edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Həmçinin iddiaçı ərizəsində tarifin yenidən 12 qəpikdən hesablanmasını xahiş etmişdir. Bununla əlaqədar iddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət etməlidir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız hesab edilməsini və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış ******* saylı akt əsasında 1550,20 manat məbləğində borc iddiaçının **********01100 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********01100 saylı abonent hesabına ******* akt əsasında 1550,20 manat məbləğində hesablanmış pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar