Məhkəmə qərarları › İş №2(027)-397/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-397/2022

12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-397/2022 12.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli 254305 nömrəli aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 216 (iki yüz on altı) manat pulun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən özünə məxsus yaşayış evində ailəsilə birlikdə yaşayır. Qaz paylayıcısı olan Cavabdeh ilə bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi, hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. Cavabdeh əməkdaşları 2021-ci ilin yay aylarında onun yaşayış evinə quraşdırılmış qaz sayğacını çıxararaq yeni sayğac ilə əvəzləşdirmişlər və bu barədə həyat yoldaşı Bəxtiyara imza etdirmişlər. Bundan sonra Cavabdeh əməkdaşları onun xəbəri və iştirakı olmadan yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirərək, 30 iyul 2021-ci il tarixdə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşu plombunun kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunması barədə № ******* saylı Akt tərtib etmişlər. 30 iyul 2021-ci il tarixli №0254305 saylı Akta əsasən Cavabdeh tərəfindən 30 iyul 2021-ci il tarixli tələbnamə tərtib olunmuş və 216 manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. Bildirir ki, o, istifadə etdiyi qaz sərfıyyatının borcunu vaxtlı-vaxtında ödəyib, hazırda da qaz borcunu ödəyir. Ziyan aktının tərtib olunmasından sonradan xəbəri olmuş və sayğaca dəymiş ziyan olaraq hesablanmış 216 manat borcun qanunsuz hesablanması barədə Cavabdeh Quba rayon şöbəsinə müraçiət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. O, həmin borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Onun sayğaca müdaxilə etməyə heç bir ehtiyacı olmamışdır. Bu səbəbdən Məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli 254305 nömrəli aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 216 (iki yüz on altı) manat pulun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2021-ci il tarixli ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşu plombunun kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunması nəticəsində 2160 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30.07.2021-ci il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba şəhəri 32-33-cü kvartalda yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 həcmində qaz itkisi, 216 (iki yüz on altı) manat borc hesablanmışdır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Quba şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Quba rayonu Əski–iqriq kəndində ünvanda qeydiyyatdadır, Quba şəhəri 32-33-cü yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı dəymiş ziyanın bərpasına dair 30.07.2021-ci il tarixli təlabnamə ləğv edilməli, Cavabdeh əməkdaşları tərəfindən Quba şəhəri 32-33-cü məhəllədə yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30.07.2021-ci il tarixli təlabnamə ləğv edilsin, Quba şəhəri 32-33-cü məhəllədə yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar