Məhkəmə qərarları › İş №2(027)-413/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-413/2023

08.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-413/2023 08.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Əliyeva (Mamedova) Rəvanə Tahir qızının və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Əliyeva (Mamedova) Rəvanə Tahir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı tərəf X22 xidmət Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışı qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Mamedova) Rəvanə Tahir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı tərəf X22 xidmət Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Zərdabi kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 satmasına dair 02 may 2021-ci il tarixli, 4Ə-844 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və **********79 reyestr nömrəli çıxarışı qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 iyun 2011-ci il tarixdə Cavabdeh1 ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Etibar və xx.xx.2014-cü il təvəllüdlü Şöhrət doğulmuşlar. Cavabdeh1 ilə birgə nikah dövründə X5 və ailə üzvlərindən onlara məxsus Quba rayonu Zərdabi kəndi ərazisində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 04 iyun 2017-ci il tarixli, 4Ə-1243 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almışlar. Həmin torpaq sahəsinə dair Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli çıxarışı ailə başçısı olaraq sabiq həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirmişlər. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Quba rayon məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli №2(027)-1024/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra Cavabdeh1 onun xəbəri və razılığı olmadan 02 may 2021-ci il tarixli, 4Ə-844 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Torpaq sahəsini Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiklərindən və hər ikisinin bərabər mülkiyyəti olduğundan hesab edir ki, məhkəmə qətnaməsinə əsasən 0.50 ha torpaq sahəsinə dair 04 iyun 2017ci il tarixli, 4Ə-1243 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və **********79 reyestr nömrəli Reyestr çıxarışı qeydi ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı Əliyeva (Mamedova) Rəvanə Tahir qızı və onun nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. İş üzrə maraqlı tərəf X22 xidmət Mərkəzində Notariat Ofisinin notariusu Cəmil Hüseynov məhkəməyə məktub göndərərək, X22 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş 04 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5, X2, X6, X4, X9, X1 Quba rayonu, Zərdabi kəndində yerləşən 0,50 ha torpaq sahəsini Cavabdeh1 satmışlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1024/2020 saylı qətnamədən görünür ki, X11 ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış və Quba RİHB-in Zərdabi İƏD üzrə mümayəndəliyi tərəfindən həmin tarixli 16 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********67 nömrəli məktubdan görünür ki, X5 və ailə üzvləri ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1243 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə alıcı Cavabdeh1 adına dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli çıxarış işlənmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsini Cavabdeh1 Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-844 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirmiş, lakin dövlət reyestrindən Cavabdeh2 adına çıxarış işlənməmişdir. Cavabdeh1 adına olan 0.06 ha həyətyanı torpaq sahəsində tikilmiş bir mərtəbəli yaşayış evi dövlət reyetrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 258 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında 4Ə-844 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Mamedov X12 (Mamedova) Rəvanə Tahir qızı ilə rəsmi nikahda olduqları vaxt yəni, 04 iyun 2017-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X5, X2, X6, X7, X9, X3 Quba rayonu, Zərdabi kəndində yerləşən 0,50 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini Cavabdeh1 Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə- 844 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən o cümlədən daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümimi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə payla müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mükiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Republikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifıadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinini 339.2 və 339.3-cü maddələrinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndiriə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olunduğu hallarda həyata keçirilir; adatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2.3-cü maddəsinə əsasən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmadıqda bu hal vacib əhəmiyyətli yanılma sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu, Zərdabi kəndində yerləşən 0,50 ha torpaq sahəsi Əliyeva (Mamedova) Rəvanə Tahir qızı və Cavabdeh1 birgə nikah dövründə əldə olunduğundan İddiaçı (Mamedova) həmin torpaq sahəsinin ½ hissəsinə payı müəyyən olunduğundan Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış reyestrdə 4-Ə- 844 nömrə ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iddiaçını və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış reyestrdə 4-Ə-844 nömrə ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iddianın **********79 reyestr nömrəli çıxarışı qeydinin ləğv edilməsi hissəsinə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, dövlət reyestrindən Cavabdeh2 adına çıxarış işlənmədiyindən iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış reyestrdə 4-Ə-844 nömrə ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar