Məhkəmə qərarları › İş №2(027)-428/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-428/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-428/2025 23.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 1185 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində Quba rayonu Küsnətqazma kəndi ərazasində xx.xx.2014-cu il tarixli çıxarışa əsasən 0,321 ha torpaq sahəsində olan fərdi yaşayış evi vardır və cavabdehlə bağlanmış enerjinin alqı-satqı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə edərək istifadə etdiyi enerjinin dəyərini vaxtlı-vaxtında ödəyir. O, 2024-cü ilin əvvəllərində cavabdehə istifadə etdiyi enerjinin pulunu ödəyən zaman ona 1185 manat əlavə borcun olması bildirilmişdir. Lakin o, abonent borcunu ödədiyini və əlavə enerji borcunun olmadığını bildirmiş, Asan Xidmətə müraciət edib abonent kodunu əldə etmiş və abonent kodunun borclar qrafasında 1185 manat borcu olduğunu bilmişdir. O, 2007-cu ildən mülkiyyətində olan evdə istifadə etdiyi enerji pulunu ödəyir və ona 1185 manat borcunun olmasını və həmin borcunun hansı əsasla yaranmasını bilmir. Hesablanmış 1185 manat borcunun mənbəyi bilinmir, əsassız hesablanmış borc onun hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, özü uzun müddət Cavabdeh ASC-nin əməkdaşı olmuşdur. 2011-ci ildə cərəyan vurması nəticəsində oğlu xəsarət almış, o da həmin vaxt müvafiq qurumlara şikayətlər etdiyi üçün cavabdeh tərəf ona qaşı qərəzli davranmağa başlamış və əsassız olaraq cərimə yazılmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə etiraz ərizəsi göndərərək, İddiaçı cavabdeh Azərişıq ASC tərəfindən əsassız hesablanmış 1185 manat borcun silinməsi tələbinə dair iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, 18 noyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus elektrik hesabat sayğacına EEİQ-nin uyğun baxış keçirilərkən məlum oldu ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt qoşulub. Abonentin enerji sərfiyyatından da açıq-aşkar görünür ki, abonent sayğacdan kənar xətdən istifadə edib. Abonentin sayğacı həyətin daxilində yerləşir. Cavabdehliyi abonentin bir-başa özü daşıyır. Abonent kənar xətdən istifadə etdiyi müddətdə sayğacın enerji sərfiyyatı göstəriciləri 0-90 kvt saat miqdarında 0-6 manat dəyərində elektrik enerjisi istehlak edilirdisə, kənar xətt ləğv edildikdən sonra bu göstərici 400-600 kvt saat miqdaradək artdığı abunə haqqında çıxarışdan aydın görünür. İddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır. Onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, cavabdehin etirazını nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2014-cu il tarixli çıxarışdan görünür ki, Quba rayonun Küsnət-Qazma kəndi ərazisində 0,321 ha torpağda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir; **********00046 saylı abonent kodundan görünür ki, İddiaçı 1185 manat 07 qəpik borc hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən onun istehlakçı kimi hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşdəki sübutlardan görünür ki, iş üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq ona 1185 manat cərimə hesablanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar