Məhkəmə qərarları › İş №2(027)-44/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-44/2023

16.02.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-44/2023 16.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Quba rayon İcra və probasiya şöbəsi, "HEBA CONSULTİNG” MMC, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC, "xxxx" QSC və Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərrac hərəkətlərinin etibarsız sayılaraq, nəticələrinin ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Quba rayon İcra və probasiya şöbəsi, "HEBA CONSULTİNG” MMC, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC, "xxxx" QSC və Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərrac hərəkətlərinin etibarsız sayılaraq, nəticələrinin ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(105)-520/2020 saylı qətnaməsi üzrə icra vərəqəsinin məhkəmə tərəfindən düzgün verilməməsi və Quba rayon İcra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarının 1-ci bəndinin pozularaq, icra vərəqinin ona aid hissədə əsassız olaraq icraata qəbul edilməsi və ona məxsus yaşayış evinin hərracdan satılması üzrə prosedurlara başlanılmasının düzgün olmaması faktının təsdiq olunaraq, bu səbəblərdən "xxxx" MMC tərəfindən həyata keçirilmiş bütün hərrac hərəkətlərinin etibarsız sayılaraq, nəticələrinin ləğv olunması, "xxxx" MMC tərəfindən həyata keçirilmiş hərrac hərəkətləri nəticəsində ortaya çıxan bütün hüquqi nəticələrin ləğv olunması, Cavabdeh4 QSC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakların qiyməti barədə 29 yanvar 2019-cu ildə mütəxəssis rəyinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək, "xxxx" MMC tərəfindən həyata keçirilmiş bütün hərrac hərəkətlərinin etibarsız sayılaraq, nəticələrinin ləğv olunması, "xxxx" MMC tərəfindən həyata keçirilmiş hərrac hərəkətləri nəticəsində ortaya çıxan bütün hüquqi nəticələrin ləğv olunması, Cavabdeh4 QSC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakların qiyməti barədə 29 yanvar 2019-cu ildə mütəxəssis rəyinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək, ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan, X5 və X1 müştərək qaydada “AccessBank" QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 32R000002399 saylı kredit razılaşması üzrə əsas borc 36985,03 ABŞ dolları, faiz borcu 14174,54 ABŞ dolları, 100 ABŞ dolları cərimə borcu, xx.xx.2014-cü il tarixli 32R000003377 saylı kredit razılaşması üzrə əsas borc 9426,19 ABŞ dolları, faiz borcu 4423,81 ABŞ dolları, 100 ABŞ dolları cərimə borcunun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, ipoteka qiymətinin ilkin satış qiymətinin 95.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(1O5)-52O/2O2O saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, yuxarıda qət olunanlardan əlavə fərdi yaşayış evinə tutma yönəldildikdən və ev satıldıqdan 1 ay sonra onun və X3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakların boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3370/20 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yaşayış evinin 0,05 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 95.000 manat qiymətləndirilmişdir. Bu qiymət “HEBA CONSULTİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyənləşdirilmişdir. Göstərilən qiymət 0,05 ha torpaq sahəsi ilə birlikdə yaşayış evi üçün çox az hesablanmış və qiymətləndirmə ümumiyyətlə düzgün aparılmamışdır. “HEBA CONSULTİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən daşınmaz əmlaklara qiymət qoyarkən, Xaçmaz şəhərinin həmin əmlakların yerləşdiyi ərazisində daşınmaz əmlakların real orta bazar qiymətlərini nəzərə almayaraq, göstərilən daşınmaz əmlakların ilkin satış qiymətini 95.000 manat müəyyən etmişdir ki, bu da həmin daşınmaz əmlakların real bazar qiymətlərindən qat-qat aşağıdır. Mütəxəssis rəyi ilə kifayətlənməyərək, iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilərək, göstərilən əmlakların real orta bazar qiymətləri müəyyən edilməlidir. Göstərilən ilkin satış qiymətləri müəyyənləşdirilərkən vaxtı ilə bankla kredit və ipoteka müqavilələri bağlanarkən daşınmaz əmlaka qoyulmuş qiymətlər də nəzərə alınmışdır. Kredit dollarla verilməsinə baxmayaraq, həm ipoteka müqaviləsi bağlanarkən, həm də “HEBA CONSULTİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən daşınmaz əmlaklara qiymət qoyarkən, qiymət Azərbaycan manatı ilə müəyyən edilmişdir. Kredit və ipoteka müqavilələri bağlanarkən ABŞ dollarının manata məzənnəsi 0,78 olmuş və həmin dövrdə daşınmaz əmlakın qiyməti manatla az, dollarla isə çox olmuşdur. İpoteka müqaviləsi bağlanarkən daşınmaz əmlaklara qoyulmuş qiymət də müvafiq olaraq həmin dövrdə dolların manata nisbəti nəzərə alınmaqla, manatla müəyyənləşdirilmişdir. “HEBA CONSULTİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti daşınmaz əmlakların qiyməti barədə 29 yanvar 2019-cu ildə mütəxəssis rəyi vermişdir ki, həmin vaxt və indiyə qədər ABŞ dollarının manata nisbətən məzənnəsi 1,70-dir və daşınmaz əmlaklara qiymət qoyularkən bu hal nəzərə alınmamışdır. Mütəxəssis rəyində daşınmaz əmlakların qiyməti müəyyənləşdirilərkən, əsas və istinad kimi ilkin olaraq daşınmaz əmlakların ipoteka müqaviləsində nəzərdə tutulmuş ilkin qiyməti götürülmüşdür. Lakin ipoteka müqaviləsi bağlanan 2014-cü ildəki mütəxəssis rəyinin verildiyi 2019-cu ildəki dolların manata kursu nəzərə alınmamışdır. Hal-hazırda daşınmaz əmlakların qiyməti manatla daha çoxdur ki, bu da əmlak bazarındakı qiymətlərin ümumilikdə dollarla tənzimlənərək, konkret qiymət hesablanarkən, dollarla müəyyən edilmiş qiymətin kurs üzrə manata çevrilməsi yolu ilə aparılır. “HEBA CONSULTİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəyyən etdiyi 95.000 manat qiyməti 2014-cü il qiymətləri ilə 74100 ABŞ dolları (95.000 manat X 0,78) təşkil edəcək. Ən kobud hesablamada belə hal-hazırda göstərilən əmlakların dəyəri 125970 manat (74100 ABŞ dolları X 1,70) təşkil edəcək. 2014-cü il ilin qiymətləri ilə müqayisədə 2019-cu ildə əmlakın dəyərini hesablamaq üçün ayrıca metod mövcuddur ki, bu metodla hesabladıqda, daşınmaz əmlakın dəyəri daha çox çıxacaqdır ki, bunun müəyyənləşdirilməsi üçün daşınmaz əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə ekspertizası keçirilməlidir. Mütəxəssis rəyi ilə ekspert rəyinin fərqi də ondan ibarətdir ki, mütəxəssis ilkin araşdırma ilə, vizual baxışla əmlakın dəyərini müəyyən edir (bu halda o, “HEBA CONSULTİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilkin araşdırma ilə müəyyən etdiyi qiymətin də həddən aşağı olduğunu qeyd edir), ekspert isə yuxarıda göstərilənlərdən əlavə, xüsusi bilik tələb edən elmi metodlardan istifadə etməklə əmlakın dəyərini daha dəqiq müəyyən edir. Lakin hal-hazırdakı vəziyyətdə bankın daşınmaz əmlaka qoyulmuş həddən aşağı qiymətdən istifadə edərək, onun və ailəsinin yaşayış evini su qiymətinə almaq istəyinə məhkəmə qiymət verib, əmlakları yenidən qiymətləndirməlidir. Hal-hazırda yaşayış evinin hərracdan satılması üzrə prosedurlar nəticəsində “AccessBank" QSC əmlakı cəmi 60.562,50 manata öz mülkiyyətinə keçirmiş və bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. “HEBA CONSULTİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti mütəxəssis rəyi verərkən, göstərilən əmlakları onların real bazar qiymətlərindən çox aşağı qiymətləndirmişdir. Əmlaklar qiymətləndirilərkən onların Xaçmaz şəhərinin hansı ərazisində yerləşməsi - yəni həmin ərazidə daşınmaz əmlakın real bazar qiymətlərinin yüksək olması əsas götürülməli, həmin ərazidəki başqa əmlaklarla müqayisəli şəkildə qiymətləndirilmə aparlmalı idi. Lakin mütəxəssis rəyində qiymətləndirmə aparılarkən hansı müqayisələrin aparıldığı göstərilməmiş, əmlaklara qoyulmuş qiymətlər əsaslandırılmamışdır. Ona görə də, keçirilən hərrac və onun nəticələri etibarsız sayılaraq ləğv olunmalıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 iddianı qəbul etməyək və etirazı müdafiə edərək bildirdi ki, həyata keçirilmiş hərrac nəticəsi qanunidir. Hərrac mərkəzi tərəfindən icra şöbəsindən daxil olmuş sifarişə əsasən hərrac keçirilmiş, borclular hərracın vaxtı və yeri barədə məlumatlandırılmışlar. Əmlakın ilkin satış qiyməti qanunu qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Hazırkı iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin qiymətlər digər bir məhkəmə prosesində mübahisələndirilə bilməz və qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmiş əmlak qiymətləri dəyişdirilə bilməz. Hazırda da həmin əmlak bankın mülkiyyətindədir. Hərracın keçirilməsində hər hansı qanun pozuntusu yoxdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh4 QSC-yə və qeyrilərmə qarşı hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Cavabdehlər Quba rayon İcra və probasiya şöbəsi, "HEBA CONSULTİNG” MMC, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan, X5 və X1 müştərək qaydada “AccessBank" QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 32R000002399 saylı kredit razılaşması üzrə əsas borc 36985,03 ABŞ dolları, faiz borcu 14174,54 ABŞ dolları, 100 ABŞ dolları cərimə borcu, xx.xx.2014-cü il tarixli 32R000003377 saylı kredit razılaşması üzrə əsas borc 9426,19 ABŞ dolları, faiz borcu 4423,81 ABŞ dolları, 100 ABŞ dolları cərimə borcunun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, ipoteka qiymətinin ilkin satış qiymətinin 95.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(1O5)-52O/2O2O saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, yuxarıda qət olunanlardan əlavə fərdi yaşayış evinə tutma yönəldildikdən və ev satıldıqdan 1 ay sonra onun və X3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakların boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3370/20 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair bildirişlərin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 95.000 manat olmaqla hərraca çıxarılmış, birinci hərrac xx.xx.2021-cı il tarixinə təyin edilmiş, ikinci hərrac 80.750 manat olmaqla xx.xx.2021-ci il tarixinə təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin 60.562,50 manat qiymətinə hərraca çıxarılması barədə məlumat dərc edilmişdir; İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Quba Rayon İcra və probasiya şöbəsinin 103107/20-02 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60.562,50 olmaqla ipoteka saxlayana təklif olunmuşdur. xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi "xxxx" QSC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə 103107/2020-26-11-004 saylı icra işinə baxış keçirdikdə ilk növbədə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsi əmlakın yerləşdiyi və ipoteka qoyanın qeydiyyatda olduğu Xaçmaz rayonu deyil, Quba rayonu İcra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə həmin şöbənin icra məmuru Elmar Abdullayev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və hərracın keçirilməsi ilə bağlı icra tədbirlərinə başlanılmışdır. Daha sonra, artıq hərrac başa çatdıqdan sonra, icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə icra işi aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Quba rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev icraata başlama haqqında qərarı Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 8(027)-50/2022 saylı qərardadı ilə ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(105)-4/2023 saylı tarixli qərardadı ilə həmin qərardad qüvvədə saxlanılmışdır. Həmin məhkəmə aktlarında qeyd edilmişdir ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi üzrə Quba rayonunda yaşayan cavabdehlərə aid hissədə icraata başlamaq, digər cavabdeh İddiaçı yaşayış yeri və əmlakın yerləşdiyi yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərməli olduğu halda, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 7, 8 və 26-cı maddələrinin tələblərini pozaraq, xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi icraata başlamaq haqqında qərar qəbul etmiş, yalnız xx.xx.2021-ci il tarixdə sözü gedən icra sənədini ərazi aidiyyatı üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Göründüyü ki, icra məmurunun qərarı qanunsuz hesab edilmiş və ləğv edilmişdir məhz bu əsaslarla ki, borclu İddiaçı Xaçmaz rayonunda qeydiyyatda olduğundan və əmlak Xaçmaz rayonunda yerləşdiyindən, icra sənədi üzrə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul etməkdə haqlı olmamışdır. Bu da öz növbəsində icra məmurunun icraata başladıqdan sonrakı hərəkətlərinin özü-özlüyündə etibarsızlığına səbəb olmuşdur. Bundan başqa, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “AccessBank" QSC ilə İddiaçı arasında imzalanmış ipoteka müqaviləsinə əsasən bank tərəfindən ona verilmiş kreditin qaytarılmasının təminatı kimi ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı, X5 və X1 müştərək qaydada “AccessBank" QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 32R000002399 saylı kredit razılaşması üzrə əsas borc 36985,03 ABŞ dolları, faiz borcu 14174,54 ABŞ dolları, 100 ABŞ dolları cərimə borcu, xx.xx.2014-cü il tarixli 32R000003377 saylı kredit razılaşması üzrə əsas borc 9426,19 ABŞ dolları, faiz borcu 4423,81 ABŞ dolları, 100 ABŞ dolları cərimə borcunun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 95.000 manat məbləğində müəyyən edilmişdir. Həm də müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunlarına əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış ev tam dəyəri 95.000 manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 80.750 manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 60.562,50 manat qiymətə tələbkar Cavabdeh4 QSC-yə təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişi əmlakın sahibinə göndərmiş və bununla da iddiaçı şəxs hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Lakin buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra vərəqəsi ilə qeyd edilən əmlak ilkin satış qiyməti 95.000 manat olmaqla hərraca çıxarılmış, birinci hərrac xx.xx.2021-cı il tarixinə təyin edilmiş, alıcı olmadığından ikinci hərrac 80.750 manat olmaqla xx.xx.2021-ci il tarixinə təyin edilmiş, bundan sonra, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış ev yenidən hərraca çıxarılmış, alıcı olmadığına görə alqı-satqı müqaviləsinə əsasən 60.562,50 manata “AccessBank" QSC tərəfindən əldə edilmişdir. Cavabdeh hərrac təşkilatı tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli bildirişin alınma tarixi xx.xx.2021-ci il tarixi göstərilmiş, cavabdeh hərrac təşkilat tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli bildirişin alınma tarixi xx.xx.2021-ci il tarixi göstərilmiş, deməli ikinci hərracın təyin edildiyi tarixdən müvafiq olaraq 2 gün sonra alınmışdır. Beləliklə, iki dəfədən artıq hərracın keçirilməsi, hərrac bildirişlərin borcluya vaxtında göndərilməməsi, göndərilmiş bildirişlərin alınma tarixlərinin hərracdan sonrakı tarixlərə təsadüf etməsi hərrac protokolunun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi üçün birbaşa hüquqi əsasdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki dəfə (hərrac və təkrar hərrac) hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Qeyd edilən qərarda həm də qeyd edilmişdir ki, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Qeyd edilən qərarda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 0,05 ha torpaq sahəsi ilə birlikdə satışı üzrə "xxxx" MMC tərəfindən həyata keçirilmiş bütün hərrac hərəkətləri etibarsız hesab edilməli, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac hərəkətlərindən irəli gələn bütün hüquqi nəticələr ləğv edilməli, Cavabdeh4 QSC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, 23 aprel 2021-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmalıdır. İddia tələbinin “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınmaz əmlakların qiyməti barədə 29 yanvar 2019-cu ildə mütəxəssis rəyinin etibarsız sayılması” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, 2(067)-128/2019 saylı mülki işə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mütəxəssis rəyi mülki işə baxılarkən əldə edilmiş və rəydə göstərilən əmlakın 95.000 manat dəyəri qanuni qüvvəsini almış məhkəmə aktlarında əmlakın ilkin satış qiyməti kimi öz əksini tapmışdır. Odur ki, məhkəmə tərəfindən həmin məsələyə yenidən baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 0,05 ha torpaq sahəsi ilə birlikdə satışı üzrə "xxxx" MMC tərəfindən həyata keçirilmiş bütün hərrac hərəkətləri etibarsız hesab edilsin. "xxxx" MMC tərəfindən keçirilmiş hərrac hərəkətlərindən irəli gələn bütün hüquqi nəticələr ləğv edilsin. Cavabdeh4 QSC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, 23 aprel 2021-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar